Yol Romanı - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
70802 | 2019-10-02 10:00

Sözə nə şəkildəsə aidiyyəti olan insanları xarakterizə edəndə müraciət etdiyin ilkin mənbə yenə söz olur. Yazdıqlarında özünü nə dərəcədə gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə, nə qədər gizlətməyə çalışsan da arada nəsə sivişib əlindən qaçacaq və sən sonra hamıdan gizlətdiyin bu nəsnəni yerinə qoya bilməyəcəksən. Deyək ki, bir dostuna həsr olunmuş yazı yazırsan. Yaxından tanıdığını zənn etdiyin bir dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər qaçıb. Nə deyəcəyini unudursan...

"Yol romanı” Vurğun Əyyuba həsr olunub və 2012-ci ildə kitab şəklində dərc olunub. Yenidən təqdim etmək istədik sizlərə...

 

 

 

(Əvvəli burada)

(IV hissə)

 

Nəsə tez oyanıram və yerimdə o üzə, bu üzə çevrilə-çevrilə fəlsəfəyə dalmışam. Mifik, uydurma, real hər nədisə, hər kimdisə bura Yol qət edib gələnlərin kimdənsə, nədənsə, nəyəsə, kiməsə qaçış nədənləri var. Nobel ödülçüsünün təsviri isə Qars adına lap mistik çalarlar verib. Allahın da, bəndənin də unutduğu bir yer ola!.. Allahım, bu nə şəhərdi belə... Niyə belə cəzb edir ruhu aram olmayanları? Binası qoyulandanmı belədi?

 

HAŞİYƏ

 

Yazanda isə mənbələrə baxmalı oluram. Hər halda bu torpaqlar üçün indi də tarixi göz yaşları tökənlər çoxdu. Yaşayış məskəni kimi məşhur Ani şəhəri ki var, ondan daha qədim olduğu güman edilir. Və Aninin əksinə olaraq Qars heç zaman tərk edilməyib. Səlcuqlular Anini fəth edəndən sonra Qarsın erməni kralı (vallah belə yazıblar türkcə) şəhəri Bizansa təslim edib. Amma dəxli yoxdu, yenə türklərə uduzublar. Monqol istilasından sonra da 1284-də Qarsı bir erməni şahzadənin yönətdiyi bildirilir. (erməni qadınların gücünü nə bilirsiz bəs. Günümüzdə də türk kişiləri onların əlində əsir-yesirdi. Erməni web. saytları ümumiyyətlə, buraları Poteryannaya Armeniya adlandırır). Nəsə bu erməni söhbəti qanımı qaraltdı, çıxıram haşiyədən.

 

***

 

Nobel ödülçüsü bu şəhərdə nə axtarırdı, İlahi? O, əslində romanı "Kar" adlandırıb, qəhrəmanı Karsa gətirir, qəhrəmanın adını isə Kamal Alaquşoğlu qoyub, qısaca KA adlandırır. Türkiyə türkcəsində Kar, Kars, KA. Bir az da söz oyunu var burda. KAnın xarakterinə qalanda asi, nə istədiyini özü də bilməyən, təbəddülatlar içində boğulan, özü ilə barışıq yaşaya bilməyən, siyasi görüşlərinə görə paytaxtdan uzaqlaşan və sairə...

...Mən indi təvazökar xasiyyətimi bir yana qoysam və özümü qəhrəman elan etsəm necə olar? Prinsip etibarı ilə Nobel ödülçüsü də öz xarakterini verir də öz romanında. İndi hamıdan qaçsam, tək-təkcənə həmin qəhrəmanın yolu, izi ilə getsəm, şəhəri vursam bir-birinə, bələdiyyəni, jandarmanı, hərbçiləri, polisi işə qarışdırsam, şeyxin qapısını çalsam, Lacivərdi arasam... Yox, alınmayacaq... KA əks cinsin nümayəndəsiydi. Kars da (mən də Orhan Pamuk kimi tələffüz etdim deyəsən) ucqar əyalət şəhəridi, neyləsən düzgün anlaşılmayacaq... Heyf, hərdən adamın dəlilik eləməyə də ehtiyacı olur... Yaxşısı budur, ağıllı insanı yuxudan ayıldım... Ağıllı?!. Aqil Abbas... Yox, o da həddən artıq ağıllıdı və ehtiyatlıdı. Çox ağıllı adamdan qəhrəmanlıq, dəlilik gözləmək mümkün deyil. Pamuk qəhrəmanını abreviatura ilə adlandırır - KA. Samit və sait. A.A. - iki sait çox uyumlu səslənir. Olmayacaq. Qəhrəman olmaq istəyindən vaz keçə bilmirəm nəsə. Mənim adımda necə olar görən sait və samit - İ və T. Vaay, yox, heç dilə gətiriləsi deyil. Xasiyyətimi ifadə eləsə də... Abreviatura və cinsiyyət faktoru qəhrəman olmaq arzumu ürəyimdə qoydu. Və mən... Ağlıma bir şey gəlir amma... Qalsın sonraya... İndi isə Aqili yuxudan durğuzmaq lazımdı. Gedirəm odasına, görürəm ayılıb da, geyinib də... Səhər tezdəndən oyanmağa öyrəncəli Vurğun telefonla oyadıb.

... Enirik aşağı. Səhər yeməyi, çay və mənim sevimli sualım:

- Hara gedirik? - bazar günüdü, sayın hocanın bu gün işi yoxdu, bizə bələdçilik vəzifəsini uğurla davam etdirəcək.

- Sarıqamışa gedək, oralar xoşuma gəlib. Gecə də qalarıq.

- Belə uzaq yerdi ki? - deyirəm.

- Yox, yaxındı. Orda niyə qalmaq istəyirsən ki, Aqil, gəzib qayıtmaq olar - deyir Vurğun. Və deyəsən razılaşırlar.

Təki gəzmək olsun, təki yol olsun...

Şəhərciyin səliqəli ərazisindən çıxıb da, gecəqondu məhəllələrindən keçib gələn əsas yola çıxırıq. Burda yol azmaq mümkün deyil, hər yerdə işarələr var.

Sarıqamış son illər sürətlə inkişaf edən dağ kurortudu. İnkişaf etməyinə edir də, amma mən Türkiyənin başqa turistik bölgələrində gördüyüm vüsəti burda görə bilmirəm. Bəlkə mənə elə gəlir? Qarsdan təxminən 60 km uzaqdadı Sarıqamış. Və bir qəsəbənin içindən keçirik, soruşuruq turistik təsislərin harda olduğunu. İzah edirlər. Sıxıntı verir mənə qəsəbənin görkəmi, bizim əyalət qəsəbələrinə oxşayır. Amma bir az irəlidə açıqlığa çıxırıq və...

 

SARIQAMIŞ

 

İlahi, nə gözəllikdi bu? Dağlar, şam ağacları və ortada bir zolaq. Bura kayak mərkəzidi axı. Yəni professionallar üçün deyil, amma yeni öyrənənlər üçün rahat bir yer sayılır. Mən bilmirəm ha, oxuduqlarımın günahkarıyam. Ümumiyyətlə, bura qışda gur olur. O zolaq ki görünür meşənin ortasında, xizəklə sürüşmək üçündür. Yaxınlaşırıq - "Kayakçı" heykəlindən başqa kimsə gözə görünmür. Heç otelin kafesində də - taxta-dəmir qarışıq bir pilləkənləri var, qalxırıq yuxarı, bu taqqıltıya kafedən bir qarson ərincək-ərincək boylanır. Çay istəyirik, içirik də... Vurğun burdakı yaşamını anladır, işindən danışır. Dinləyirəm və bir neçə ay əvvəl Cavanşirlə, Cavanşir Quliyevlə Kiprdə etdiyim söhbət yadıma düşür. Günlər keçir ağır-ağır... Təxminən belə...

Çayı içib meşəyə doğru qalxırıq. Bizim getdiyimiz yolda qışda kayak yapırlar deyəsən. Zatən buralar qış turizmi üçün nəzərdə tutulub - ən yaxşı istirahət vaxtı isə dekabrın 20-dən martın 20-nə qədərdi. İndi isə iyun ayıdı, iyunun 26-sı. Hava sərindi. Gün yandırmır. Amma dağdı da, yuxarı qalxdıqca oksigen çatışmır. Ona görə də Çamurlu adlanan bu dağın və Sarıçam adlanan bu meşənin ətəklərində elə otun üstündə bir yerdə sərələnirik. Həyatdan zövq də almaq olur, bioloji yaşını unutmaq da olur burda. Fotoaparatımın yaddaşındakı lazımsız şəkilləri təmizləmək istəyirəm, əlim bir düyməyə toxunur və Naxçıvanda çəkdiyimiz bütün şəkillər silinir.

- Aqil, sənə bir söz deyəcəm, amma hirslənmə.

- Hə.

- Şəkillər pozuldu.

- Hansı şəkillər?

- Bütün çəkdiyimiz şəkillər.

- Necə pozuldu?

- Düyməni düzgün basmadım, o da elə oldu.

Deyinməyə başlayır, mən də sakit qulaq asıram.

Bir az keçəndən sonra isə cür-cücü də bezdirir məni. Qalxıb aralanıram, tək olmaq istəyirəm. Sayın millət vəkili narahat olur deyəsən:

- Hara gedirsən?

- Siz söhbətinizi eləyin, mən buralarda bir az gəzim.

- Bir ətək pul verib arvad almışam, canavar-zad olar birdən...

- Kimə vermisən- e o pulu. Otuz ildi deyirsən... Canavar olsa lap yaxşı da, başından olaram... - deyirəm və həm də fikirləşirəm ki, sayın millət vəkili hətta belə romantik ortamlarda da realist ola bilir, qazanıb da kayb edəcəklərini düşünə bilir. Yəqin yaxşı xasiyyətdi...

... Uzaqlaşıram kişilərdən. Meşənin o biri tərəfində daha böyük kayak yolu var. Yolun kənarında da böyük bir daş var. Daşın üstündə oturub ətrafa baxınıram.

Uzaqdan Allahu-Əkbər dağları görünür. Bu dağlara niyə belə deyiblər, nə vaxtdan deyiblər? İslamdan əvvəlki adı nə olub? Allahın Əkbər olduğunu anlamaq üçün uca-uca dağlara baxmaq gərək deyil ki... Elə bu otların arasından günəşə boylanan çiçəkləri görmək bəs eləyir...

 

Seher yeli çık dağlara

Güneş topla benim için

Umutların arasından

Kirpiklərin karasından

Döşte bıçak yarasından

Güneş topla benim için

 

Seher yeli, yar gözünden

Havadakı kuş izinden

Geceleri gökyüzündən

Güneş topla benim için.

 

Səhər yeli dağlardasın... Dağlarda... Sən içinlə savaşırsan, Qumral gözlüm, amma bu dağlarda öylə bir savaş olub ki...

 

SAVAŞ

 

...Əslində bu savaş bu torpaqlarda hər çiçəyin ləçəyində, şeh damlasında, göydən yağan yağmurda, rüzgarda, günəşin parıltısında, rahatlıqla içimə çəkdiyim havada da var. Kiçicik bir ərazidə, azacıq bir vaxtda 90 min əsgər həlak olub burda... Təbii, dünya müharibəsi gedirdi, təbii dünya yenidən bölüşdürülürdü, təbii dünya imperiyaları dağılırdı...

1914-cü ilin sonları, 1915-ci ilin əvvəlləri. I Cahan savaşının eyforik illəri. Osmanlı tarixinin üfüqlərində yeni qəhrəman parlamaqdadır. Əslində "İttihad və Tərəqqi” olaylarından sonra Xanədan da onunla hesablaşmağa məcburdu. Hələ üstəlik Sultanın çoxsaylı cariyələrindən doğulmuş və şahzadə adlanan xanımlardan biri ilə evlənməsi də xeyrinə işləyib. O, Damad Paşalardan biridi. Yaraşıqlıdı, əzmlidi, hikkəlidi, amma... Məsələ bu ammadadı... Hərb istedadı yoxdu bu adamın... Yoxdu... Dövləti-Aliyyənin ali rütbələrini daşıyır, orduda istədiyi dəyişikliyi edir, hər kəsi - necə deyim düz alınsın, bəlkə ən doğrusu bu olacaq - öz avantüralarına qurban etməkdən çəkinmir. Ənvər Paşa! İçindəki utopik arzularla, ideyalarla, xəyallarla, iddialarla xarizmalı bir insan! Əslində bu savaşda onun mənəm-mənəmliyi çox şeyləri güdaza vermişdi. Ordunun dəyərli fərdlərini istefaya göndərib də özünə tabe etdiyi, şəxsiyyəti olmayan kimsələri ətrafına toplamışdı. Şöhrəti sevən və bölüşə bilməyən Ənvər Paşa... O, böyük Turanın qəhrəmanı olmaq istəyirdi...

Ənvər Paşanın planladığı və Sarıqamış Savaşı adını daşıyacaq hərəkatın məqsədi 1878-də rusların işğal etdiyi Qars, Ərdahan və Batumu geri almaqdı. Fikir olaraq alqışlana bilərdi ancaq. Ənvər Paşa haqlı olaraq düşünürdü ki, ruslar Qafqaz və İrandakı vəziyyətdən faydalanacaqlar və Doğu Anadolunu da istila etməyə çalışacaqlar. Amma düşüncələrinin olumsuz bir tərəfi də vardı. O, bölgədəki türk, müsəlman toplumun Osmanlıya dəstək olacağını var sayırdı.

Olan oldu... 1915-ci ilin yanvarında Sarıqamışın quzey yüksəkliklərində 7 minlik Osmanlı ordusuna qarşı ruslar 30 min nəfərlə hücuma keçdilər. Geri çəkilmə əmri gecikmişdi. Ənvər Paşa komutanı başqa birinə dövr edərək ordudan ayrıldı. Geriləmə zamanı ordunun görkəmli simaları əsir düşdü, hərbi sursatları məhv etmək məcburiyyəti yarandı. Önəmli olan isə bu deyildi - bölgənin qara qışında 80-90 min (indi fərqli rəqəmlər deyirlər, amma minlərdən söhbət gedir) əsgər donub öldü. Bölgədəki xalqın ruh halını üstünə gələk - insanlar rusların, ən çox da ermənilərin zülmündən qorxub da köç etməyə məcbur oldu. Bu savaş üç həftə çəkmişdi, böyük itkilər verilmişdi. Ənvər Paşa isə İstanbulda bu olayı belə anlatmışdı: "Getdik, gördük, saldırdık, geri döndük”... Sezar iddiaları... Tanrım, nəyin bahasına?

Bu vaxt başqa bir cəbhədə başqa bir komutan bu olayları diqqətlə izləyirdi. Hələ onun saatı gəlməmişdi. Amma onlar Monastır hərb lisəsindən tanış idilər, tanış nədi, rəqib idilər. Həmin o komutan da hirsli, iddialı idi, şöhrəti sevirdi, amma Ənvər kimi şanslı olmamışdı bu günə qədər. Saraydan qız istəmişdi, rədd etmişdilər, böyük vəzifələrə yaxın qoymamışdılar. Hər zaman paytaxtdan uzaqlara göndərmişdilər. Amma irəlidə Çanaqqala zəfəri vardı onun taleyində... Mustafa Kamal... Həmin o zəfər Ənvər Paşanı çox tedirgin etmişdi əslində və Mustafa Kamalı təltifləndirmək istəyəndə Ənvər mane olmuşdu, hətta söyləmişdi ki, "siz onu yaxşı tanımırsız, bu gün general olsa, sabah Sultan olmaq istəyəcək, Sultan olsa Allahlıq iddiasına düşəcək". Və o əlbəttə ki, haqlıydı.

Türk tarixinin iki önəmli ismi, iki parlaq ismi... Hər ikisi riskə getməyi bacarırdı, risksiz qəhrəman olunmaz axı. Fərqliydilər, amma bu fərq sonra rasional düşüncəli Mustafa Kamalı Atatürk yapdı. Ənvər isə ilğımların arxasınca gedə-gedə kayb etdi...

Mustafa Kamal İstiqlal savaşı aparanda, Ənvər Türküstan yaratmağı düşünürdü... Yenə mane olurdular bir-birinə... Və Mustafa Kamal bunu da həll etdi... Tale onu seçmişdi... Qəhrəman o oldu!

... Bu nədi belə? Səhər tezdən təqib edir məni bu söz - Qəhrəman... Bu torpaqlarda nə qədər adsız qəhrəman da yatır axı.. İnanmıram mən burda turistik cənnətin yaranacağına... Olmayacaq... Ağrı çoxdu... Necə ki bizdə indi Nargində turizm cənnəti yaratmaq istəyirlər ey, orda da olmayacaq...

Səhər yeli, dağlardasın... İçimdəki buludları qov... Günəş topla benim için...

... Nə qədər vaxt keçdi görəsən mənim bu daş üstü düşüncələrimdən? Qayıdım gəldiyim yerə. Sayın millət vəkili mənsiz qala bilmir... Son vaxtlar yəni...

... Bax, dediyim kimidi, məni görən kimi gözləri parıldayır:

- Harda qaldın, gedək yeməyimizi yeyək.

Enirik aşağıya, gəldiyimiz yolla, həmin o ərincək qarsondan menyunu soruşuruq. O da yeməyi bura gətirə bilməyəcəyini deyir, bizi içəriyə dəvət edir.

- Qayıdaq Qarsa - deyirəm - bəs sən buraları tərifləmişdin? Hələ qalmaq da istəyirdin burda...

- Nə bilim, qışda gəlmişdim, adam əlindən tərpənmək olmurdu, yaxşı da qulluq edirdilər.

- Qayıdaq - deyirəm. Bu arada Vurğun tələbəsinə zəng edib buralarda harda bir normal lokanta olduğunu xəbər alır. Nəsə bir yer deyir o tələbə. (İrəlidə sizi o tələbə ilə də görüşdürəcəm). Qəsəbədə arayıb-axtarırıq. Mənim bəyənəcəyim yer deyil. Günel Mövlud demişkən, mənim solçu ruhuma uyğun gəlməyən burjua zövqüm var... İncə zövqüm yəni... Görünür, mənim bu xasiyyətlərimi müşahidə edən Vurğun da eyni qərara gəlir. Sabahdan o da mənə "solçu burjuy” deyir.

Geri dönəndə Şəhidlik Anıtının yanından sürür maşını Aqil. İçəri girir, şəkillərini çəkirəm. Mən belə yerlərdə şəkil çəkdirə bilmirəm.

Dönürük Qarsa, elə yorulmuşam yemək yadıma düşmür. Axşam gedərik də... Vacibdi elə hər yemək vaxtı... Qalxırıq, qapanırıq odalarımıza...

 

 

 

EVRİKA!

 

 

... Necə oxuyurdu Teoman? "Saatım yok, tam olarak bilemem... Bir az bira, bir az şarap önceydi...” Belə bir ortam yəni... Mübahisələr, müzakirələr... İddialar cövlan edir hər birimizin içində, içində nədi, lap ortadadı. Hərdən susuram (Rəşad Məcid deyir ki, İradə susanda da danışır. Və yadıma düşür ki, 2-ci kursda oxuyanda bir ədəbiyyat müəlliməmiz vardı, mənə "Sözsüz mahnı” deyirdi) və müşahidə edirəm. İçimdə komediya var - ay aman, bu kişilər özlərindən necə razıdılar?.. Yox, səhv elədim, Aqil Abbası tanıyanlar bilir, o heç vaxt özündən danışmağı sevmir, tərifi isə ümumiyyətlə, qəbul eləmir. Vurğun Əyyubu tanıyanlar da bilir, heç tərsliyi, inadı, höcəti yoxdu, tez razılaşandı hər şeylə. Yəqin inandınız?! Mən axı heç yalan danışmıram. Burda bir təbəssüm işarəsi qoymaq gərəkəcək. Və mən bəndəniz - İradə Tuncay - Sözsüz mahnı... Adları sadalayıram və həm də fikirləşirəm ki, burda da bir hikmət var ha... Adlarda... İradəli İradə, ağıllı Aqil və vurğun Vurğun kimi... Hər birimizin öz əzablı yollarımız olub... İçimizdə nə çəkirik Allah bilir... Təbii... Amma Vurğunun payına çox düşüb. Hələ soyadına fikir verirəm - Əyyub peyğəmbər Tanrının ən çox əzab göndərdiyi bəndələrdən olub. Deyəsən abreviatura və qəhrəman məsələsində son çözümü tapdım - samit və sait. VƏ - uyğun gəlir. VƏ bağlayıcıdı - burda da siyasətlə ədəbiyyat bağlanır. Siyasi görüşlər məsələsi də var, paytaxtdan uzaq yaşamaq da var. Qəhrəman da tapıldı. Evrika yəni! Qalır mənim romanımı Nobel mükafatına təqdim eləmək... Deyirəm dahiyəm...

 

 

***

 

 

... Kefimiz yaxşıdı. Qonaq Evinə qayıdanda VƏ bərk-bərk tapşırır ki, səhər yatıb qalmayaq, çünki iş həftəsi başlayır, sabahdan işdə olmalıdı, bizi universitetdə gözləyəcək. Ağıllı Aqil başını qoyan kimi yatır. Əşi, yatmıram mən... Kefim belə istəyir... Əsl şeir yazmalı gecədi... Qız, sən niyə şeir yaza bilmirsən?... Mən də belə deyə bilsəydim:

SENİNLE OLMANIN EN HEYECANLI YANI NE, BİLİYORMUSUN? AYNI ŞEYLERİ SENİNLE AYNI ANDA DÜŞÜNMEK, BİRLİKDƏ AĞLAMAK-GÜLMEK. VE BURADAYKEN BİLE SENİ ÇILĞINCA ÖZLEMEK...

 

 

(ardı var)

 

TƏQVİM / ARXİV