adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Sentyabr 2019 17:29
27418
SİYASƏT
A- A+

Mir Şahin 1993-cü ilin bu kadrlarını ilk dəfə yaydı – VİDEO

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır.

Salam. Gözləmədiyiniz halda Liviyadan başlayaq. Ona görə ki, bu həftə dünyanın bütün aparıcı kanalları Liviyadan başladı. Ən yaxın keçmişin "ərəb baharı”nın altında qalan möhtəşəm müsəlman dövlətlərindən biri xaos arxitektorlarının sayəsində özünə gələ bilmir. Bir zamanların abad və sabit müsəlman ölkəsi 8-ci ildir ki, öz qanında batır. Daha doğrusu bu qanı elə həmin ölkənin vətəndaşlarının hesabına batırırlar. Liviya artıq faktiki olaraq vahid dövlət kimi mövcud deyil. Bu gün ölkədə ən azı iki hakimiyyətlilik hökm sürür. Liviyanın Şərqi guya xalqın seçdiyi parlamentin nəzarəti altındadır. Ölkənin qərbini isə Tripolidə Birləşmiş Millətlər Təşkilatının dəstəyilə Avropa İttifaqının formalaşdırdığı Fayez Sarracın rəhbərliyi ilə Milli Barış hökuməti idarə edir. Liviyanın Şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmadan fəaliyyət göstərir və Liviya milli ordusu ilə əməkdaşlıq edir. Liviya Milli ordusunun komandanı marşal Xəlifə Haftar hələ 5 ay əvvəl, aprelin 4-də öz qüvvələrinə Tripolini terrorçulardan azad etmək əmri verib. Tripoli hakimiyyətinə loyal olan qüvvələr cavab əməliyyatını "Kin vulkanı” adlandırırdılar. Mayın əvvəli üçün artıq rəsmi olaraq 380 nəfər həlak olan vardı. Sarrac isə ölü sayının 3000-i keçdiyini deyir.

İndi iki Liviya var. Birini BMT tanıyır. Eləcə də Fayez Sarracı Liviyanın Baş naziri kimi. O Sarrac ki, Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasından Beynəlxalq Məhkəməni günahkarları məsuliyyətə cəlb etməyə çağırırdı. Bir həftə əvvəl isə başqa bir maraqlı hadisə baş vermişdi. Suriya ilə bağlı:

Deməli Baş katib Antonio Qutteriş bəyan etmişdi ki, BMT-nin xüsusi qasidi Qeyr Pedersen Suriyanın Konstitusiya komitəsini formalaşdırmaq üzrə işini başa çatdırır. Bu yaxınlarda komitə fəaliyyətə başlayacaq və Suriyanın Yeni konstitusiyası üzərində işləyəcək. Sentyabrın 20-dən başlayaraq Misirin paytaxtı Qahirədə, yenidən Tahrir meydanında etirazların yeni dalğasına start verildi və bu dəfə güruh artıq Marşal Sisinin istefasını tələb etməyə başladı.

Bir az əvvələ getsək, bu dəfə Yəmən respublikasının BMT Təhlükəsizlik Şurasına ünvanladığı bəyanatın üstünə çıxacağıq. Yadınızdasa, avqust ayının sonunda ölkənin Xarici İşlər nazirliyi bu quruma yalvarırdı ki, Birləşmiş Ərəb Əmirliklərinin Yəmənin Ədən şəhərini bombardman etməsinə son qoysun!

Ərəb baharı heç cür bitmir. Yeni-yeni toqquşmalarla dərinləşən böhran qlobal dizaynerlər, arxitektorlara eksperiment dovşanı, indiki halda dəvəsi tək çox lazımdır. Dünyada gedən proseslər planetin müsəlmanlar yaşayan hissəsini qızdırır, yandırır, islam dininin daşıyıcılarını öz tarixi vətənlərindən didərgin salır. Avropa, Asiya düzlərinə, çöllərinə göndərir. Demokratiya, insan haqqlarının qorunması adı altında başlanan adi hərəkat parçaları genişlənərək, dərinləşərək dünənədək sakit, abad və rahat, özünəməxsus idarəçilik sistemlərilə mövcud olan, heç də bədbəxt olmayan dövlətlərin də parçalanmasına vəsilə olur. Səddam Hüseynin paradın əvvəlində adicə tüfəngdən açdığı bir rəmzi atəşi bəşəriyyətə meydan oxumaq kimi təqdim edən qlobal arxitektorlar İraq kimi bərəkətli, güclü, zəngin, qədim dövləti darmadağın etdilər. Müsəlman ölkələri üçün düşünülmüş, eksklüziv, məxsusi inqilab senarilərinin heç birində uğurlu son olmur. Hamısında dağıdılmış, viran qoyulmuş vətənlər. Didərgin salınmış analar, balalar, atalar, babalar... Niyə? Niyə müsəlman dövlətlərinin başı üstündə bir xaraba yerin bayquşu uçmalıdır. Bəşəriyyətin son inqilab və hərəkat siqmenti niyə yalnız müsəlman dövlətləri hesabına doldurulur. Bu və yedəkçi suallara cavab vermək üçün BMT Baş Assambleyasına göz gəzdirək. BMT Tribunası əslində müəyyən mənada məntiq və nitqlərin paradı, nümayişi, bəlkə də dəfiləsi yeridi. Böyük dövlətlərin maraqları və mənafeləri bu tiribunadan çox aydın görünür. Amma onlardan da aydın görünən daha kiçik dövlətlərin maraqları və mənafeləridir. Amma ən aydın olanı böyük və kiçik dövlətlərin bir-birilə maraq və mənafe toqquşmalarıdır. Televiziya formatı dilində desək tok-şou üçün nəzərdə tutulan layihənin tək-şou kimi təqdimatı. Dövlətlər bir-biri ilə üz-üzə yox, ard-arda polemikaya girirlər. İnqilabların senari müəllifləri, rejissorları, işıq ustaları bir, inqilab döşəməsi olmağa məhkum edilmişlər isə başqa tərzdə danışırlar. Bu tribuna elə bir yerdir ki, orada hər şeyin əsl səbəbini və hardan, kimdən, hansı ölkədən qaynaqlandığını görmək mümkündür. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışı onun demokratiya, azadlıq, inqilab kimi dəyərləri nə üçün istinad seçdiyini göstərdi. Baş nazir Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmasını, üzəvari demokratiyanı başçılıq etdiyi ölkənin əsas beynəlxalq cinayəti arxa plana keçirmək üçün bir vəsilə tək təqdim etdi. Təsəvvür edirsiz, başdan ayağa məntiqsizliyə söykənən çıxışda Paşinyan bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız ATƏT-in Minsk Qrupu formatını məqbul saydığını deyir. Amma eyni zamanda həmsədrlər institunun mandatına uyğun olan səlahiyyətləri bir kənara ataraq qiyamçı əhali və ərazi parçasının müstəqil statusda danışıqlara qatılmasının mütləqliyini elan edir və sonda Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını söylüyür. Ona görə ki, Ermənistan guya demokratikdir, guya burada insan haqları filan var və s. Əslində isə Paşinyanın BMT-nin tribunasından söylədikləri Azərbaycana yox, bütün Beynəlxalq hüquq sisteminə meydan oxumaqdır. Bu çıxışa Azərbaycan deyil, ATƏT, onun Minsk Qrupu münasibət bildirməliydi. Dərhal. Anında.

Bu mövqeyə münaqişənin həlli ilə bağlı 4 qətnamə çıxaran BMT-nin Təhlükəsizlik Şurası reaksiya verməliydi. Amma bu baş vermir. Azərbaycan kömək gözlədiyi aparıcı dövlətlərlə həm də bərabər hüquqda, bərabər platformalarda dayanmaqdadır. Azərbaycan kömək dilənmir, ədalət üçün əl açmır. Tələb edir. Müstəqil tərəf müqabili kimi. Başqa epizodlar da var. Məsələn son zamanlar Ukrayna və Amerika Birləşmiş Ştatları mövzusunda ciddi qalmaqal izləməkdəyik. Daha doğrusu, Tramp-Zelenski telefon danışıqları ətrafında. Telefon danışığı zamanı Zelenski Trampa Amerikanın Ukraynadakı səfirini dəyişdiyi üçün təşəkkür edir.

Bilirsiz niyə? sitat gətirirəm: "O məni yeni prezident kimi tam qəbul etmirdi”. Sitatın sonu.Və təkcə sitatınmı? Yox əlbəttə. Səfir bütöv bir ölkənin prezidentini qismən qəbul etmir! Özünü müstəqil hesab edən və belə də tanınmaq, üstəlik demokratik sayılmasını istəyən dövlətin Prezidentini! Trampa impiçment tələb edənlər onu həm də gələcək rəqibi Baydenlə bağlı Ukrayna prezidentinə ... kompramat axtarmaq tapşırığı verdiyinə görə günahlandırırlar.

Maraqlı suallar var: Bir ölkənin prezidenti başqa bir ölkənin prezidentinə necə tapşırıq verə bilir. Amma verə bilir ki!!! Bax budur Azərbaycanın fərqi və gerçək müstəqilliyini ona bağışlamayanların məqsədinin səbəbi. Azərbaycan dövlət kimi müstəqildir. Öz iradəsinin sahibidir. Ondan inqilab burulğanına, ardınca da vətəndaş müharibəsinə sürüklənən Liviya, Suriya, Misir, Yəmən düzəltmək istəyənlərin arzularının, planlarının icrasına yol vermir. Nəzərdə tutulan, planlaşdırılan darmadağın müsəlman dövləti maketinə uyğunlaşmır. Düzdür, BMT-dən səmimiyyətlə nəsə gözləyir, ilahi ədalətin bərpasına ümid edir. Amma onu da yaxşı bilir ki, bu qurum Birləşmiş Millətlər Təşkilatıdır. Birləşmiş Dövlətlər Təşkilatı deyil. Və deməli o Azərbaycanın dövlət maraqlarını ürəkdən qorumayacaq! Mütləq ora bir Millətlər kimi pərsəng qoşacaq. Miillətlər təşkilatıdır axı. Şəxsən mənə görə BMT əslində ən böyük QHT-dir. Qeyri Hökumət Təşkilatı. QHT.

Hər bir dövlət anlayır, sadəcə bəzən izah edə bilmir. Bəzən izah etmək istəmir. Bəzən isə bu barədə ümumiyyətlə düşünmək istəmir. BMT plastilinindən hər dövlət öz maraqlarını yapır, ya da yapmağa cəhd göstərir. Alınanı da olur, alınmayanı da. Məsələn, öz işğalçılıq siyasətinə, son aqressiv bəyanatlarıyla bu siyasətin davam edəcəyinə dəstək verdiyini gizlətmədiyinə görə bəlkə Amerika Birləşmiş Ştatlarına ümumiyyətlə buraxılmamalı olan Nikol Paşinyanın çıxışını təhlil edək. O elə danışırdı ki, elə bil dünyaya bir il əvvəl müstəqillik əldə etmiş respublikanı təqdim edirdi. Çıxış üzərində geniş dayanmaq niyyətində deyiləm. Amma bir nüansı qeyd edim. Adam əmin idi ki, rəhbərlik etdiyi ölkənin-hüzurunda çıxış etdiyi BMT-nin ən ali orqanının, Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyəcək qədər həyasızlığını BMT artıq qabağından yeyib. Bu həm də Nikolun BMT–də ilk fərdi prezentasiyası idi. BMT ilə tanışlıq idi bu. Nikol Paşinyan həm də onu göstərirdi ki, özündən daha çox strateji müttəfiqlərinə etibar edir. Elə ona görə də Ali tribunadan müttəfiqlərinin adını çəkirdi. Daha doğrusu Qarabağ məsələsi ilə bağlı tutduğu qeyri konstruktiv mövqeyin növbəti nümayişinin də yer aldığı eyni çıxışa strateji müttəfiqlərinin də adını salmşıdı. Nikolun bütün çıxışı belə bir təməl üzərində qurulmuşdu ki, mən işğalçıyam, amma bəzi başqaları kimi düzüb qoşa bilmirəm. Qısaca bu.

Azərbaycan isə müstəqil dövlət kimi danışırdı. O hesabat verirdi. Amma BMT-yə yox. Burası çox vacibdir. BMT vasitəsilə yenə də Azərbaycan xalqına!

REAL Təhlil və İnformasiya Mərkəzi Elmar Məmmədyarovun BMT Baş Assamleyasındakı çıxışını həm birbaşa, həm də səhərədək, sonra da gün ərzidə dəfələrlə təkrar yayımladı. Amma buna baxmayaraq çıxışı bir daha təqdim etmək qərarına gəldim.

Niyə? Ona görə ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 74-cü sessiyasının mövzusu çox konkret idi və daha dəqiq, istiqamətli yanaşma tələb edirdi. "Yoxsulluğun aradan qaldırılması, keyfiyyətli təhsil, iqlim fəaliyyəti və inteqrasiya üçün çoxtərəfli səylərin təşviq edilməsi”. Deməli, çıxışlar mahiyyət üzrə olmalıydı. Bu baxımdan Azərbaycan dünyanın, planetin əhəmiyyətli üzvü kimi öz üzərinə düşən vəzifələri aydın dərk etdiyini nəzərə çarpdırırdı, eyni zamanda görülmüş işlərin Azərbaycan örnəyi ilə öz xalqına bəyan edirdi ki, bütün bu planetar problemləri ilk növbədə özümüz üçün aradan qaldırmalıyıq. Beləliklə, BMT tribunasından nümayiş etdirilən Azərbaycan səmimiyyəti və Azərbaycan məsuliyyəti.

"Cənab Sədr,

Dünyanın bu gün üzləşdiyi hədə və təhdidlər beynəlxalq hüquqi nizamın gücləndirilməsi və çoxtərəfliliyə və Birləşmiş Millətlər Təşkilatına inamın yenidən artırılması üçün bizim birgə səylərimizi tələb edir.

BMT Nizamnaməsinin əsasını təşkil edən çoxtərəfli və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunması, BMT-nin üç sütunu olan, sülh və təhlükəsizlik, inkişaf və insan haqlarını təşviq etmək və onlara dəstək olmaq üçün çox vacibdir. Bu xüsusda, islah edilmiş və gücləndirilmiş çoxtərəfli bir sistemi təşviq etmək və dəstəkləmək bizim ümumi vəzifəmizdir.

Hamılıqla qəbul edilmiş fundamental dəyərlərə, norma və prinsiplərə riayət olunmursa, eləcə də təcavüz və digər qanunazidd hərəkətlərə açıq aşkar göz yumulursa, dinc, ədalətli və firavan bir dünyanı təmin etmək məqsədinə nail olmaq çox çətindir.

Sözsüz ki, Birləşmiş Millətlər Təşkilatının əsas orqanları tərəfindən qəbul edilmiş qətnamələrin icrası, habelə hesabatlılıq, bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə riayət olunmaması, Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas məsuliyyətinin yerinə yetirməsində qəbul edilmiş bir təcrübə ola bilməz.

Müharibə və insan əziyyətlərinin qarşısını almaq üçün təsis edilmiş Birləşmiş Millətlər Təşkilatı, bütün üzvlərini ümumi qayda əsaslı bir nizamla bağlayaraq, sülh və təhlükəsizlik problemlərinin həllində iştirak edənlərin hamısının Təşkilatın məqsəd və prinsiplərinin vahid tətbiqini təmin etməkdə mərkəzi rol oynayır. Birləşmiş Millətlər Təşkilatının bu roluna dəstək sülhün, sabitliyin və davamlı inkişafın qorunmasında vacibdir.

Cənab Sədr,

Müasir beynəlxalq münasibətlər sistemində çoxtərəfliliyin ən güclü tərəfdarlarından biri Qoşulmama Hərəkatıdır. Biz, Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının növbəti Zirvə toplantısının 2019-cu ilin 25-26 oktyabr tarixlərində, Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsini səbrsizliklə gözləyirik. Qoşulmama Hərəkatı tarixi boyu Bandunq Prinsiplərinə sadiq qalmaqla beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynamışdır. Azərbaycanın sədrliyi 2020-ci ildə 65 illik yubileyini qeyd edəcək Hərəkatın təməl prinsiplərinin inkişafına daha bir təkan verəcəkdir.

Cənab Sədr,

2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi yolunu davam etdirərək, üzərimizə götürdüyümüz öhdəlikləri nə dərəcədə yerinə yetirdiyimizi müəyyənləşdirmək üçün mütəmadi olaraq özümüzü sınamalıyıq. Müvafiq resurslarla dəstəklənən davamlı səylər xalqımızın parlaq gələcəyini və heç kimin geridə qalmamasını təmin etmək üçün vacibdir. Dünən Azərbaycan 77 Qrupunun (G77) üzvü oldu və ölkəmiz iqtisadi əməkdaşlığı təşviq etmək yolu ilə bu qurumun dayanıqlı inkişafı təmin etmək işinə fəal şəkildə töhfə verməyə hazırdır.

Azərbaycan davamlı iqtisadi artımını qoruyub saxlayıb və vətəndaşlarımızın həyat standartlarının yaxşılaşdırılması istiqamətində ardıcıl səylərini davam etdirib.

İqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində son 15 ildə Azərbaycan iqtisadiyyatı ümumi daxili məhsulun 3,3 dəfə artması ilə dünya miqyasında rekord səviyyədə inkişaf etmişdir. Həmin dövrdə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları isə 24 dəfə artaraq 45 milyard dollar təşkil etmişdir.

Sosial sahə hər zaman diqqət mərkəzində olub. Bu il Hökumət 4 milyondan çox insanı əhatə edən sosial paket qəbul etdi. Son 15 ildə sosial sahəyə qoyulan investisiya ölkədə yoxsulluq səviyyəsinin 2004-cü ildəki 49% -dən 2019-cu ildə 5.1% -ə endirilməsi ilə nəticələndi. Eyni müddətdə işsizlik səviyyəsi 10.6%-dən 5%-ə endi.

Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahatlar həyata keçirən 10 ölkəsinin siyahısına daxil edilmişdir. Ölkədəki əlverişli iş mühiti son 15 ildə Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollara yaxın investisiya gətirdi, bunun da yarısı xarici sərmayələrin payına düşür.

Azərbaycan bağlılığı təşviq etməklə regional inkişaf səylərinə öz töhfəsini verir. Qitələrin bir araya gəlməsində, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir platformanın yaradılmasında mühüm rol oynayır. Dənizə çıxışı olmayanölkə olmasına baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib.

Azərbaycan mədəni müxtəlifliyin təbliğinə xüsusi əhəmiyyət verir. Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Son illərdə bir sıra böyük qlobal tədbirlərə ev sahibliyi etdik və dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş bir sıra təşəbbüslər irəli sürmüşük. Bu təşəbbüslər arasında Baş Assambleya və Baş Katib tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi üçün başlıca qlobal platforma kimi tanınan Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunu qeyd etmək olar.

Azərbaycan cəmiyyətinin həssas təbəqələrinin ehtiyaclarını həll etmək Hökumətin inklüziv sosial siyasətinin əsasını təşkil etməkdədir.

Avropa ölkələri arasında ən gənc yaş bölgüsünə sahib olaraq, Hökumət gələcək nəsillərə keyfiyyətli təhsil və layiqli iş imkanları təklif edərək onların potensialının tam reallaşmasına xüsusi diqqət yetirir. Azərbaycan Respublikasının 2019-2030-cu illər üçün yeni məşğulluq strategiyasında 2030-cu il üçün 13 hədəf müəyyənləşdirilmişdir. Bu hədəflər gənclər arasında işsizliyin azaldılması, peşə təhsili və təlimlərin yaxşılaşdırılması və kiçik və orta müəssisələrdə məşğulluğun artırılması məqsədlərini güdür.

Azərbaycan gender bərabərliyini təmin etmək və qadınlara ictimai və sosial həyatda səlahiyyətlər vermək üçün öz səylərini davam etdirir. Buna xüsusda, BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 saylı qətnaməsinin icrası üçün hazırda milli fəaliyyət planını hazırladığımızı məmnunluqla qeyd etmək istərdim. Yeni yaranan donor ölkə olaraq Azərbaycan Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə bir sıra ölkələrə beynəlxalq humanitar və inkişaf yardımlarını göstərməkdə davam edir. İnkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrin, həmçinin təbii fəlakətlərdən qurtulanların ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirilir.

Hər bir qasırğa, böyük yanğın və dəniz səviyyəsinin bir santimetrlik qalxması ilə iqlim dəyişikliyinin mövcud təhlükəsi daha da aktuallaşır. Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə çox həssasdır və ölkə artıq mənfi nəticələrlə, məsələn, sel, quraqlıq, istilik və s. ilə üzləşir.

Biz iqlim fəaliyyətinə dair böyük beynəlxalq müqavilələrinə, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu və Paris Sazişinə qoşulub. Milli siyasət və strategiyalar həmin beynəlxalq sənədlərə uyğunlaşdırılmışdır. Hökümət karbon qazı tullantılarını minimum səviyyəyə çatdırmaq üçün vacib addımlar atdı və onun 2030-cu ilə qədər 35 faiz azaldacağına söz verdi.

Cənab Sədr,

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü Azərbaycan ərazilərinin təqribən beşdə bir hissəsinin işğalı və bir milyondan çox azərbaycanlının evlərindən və mülklərindən didərgin düşməsi ilə nəticələndi. Həll edilməmiş münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə xələl gətirməkdə davam edir. Keçən il baş vermiş Ümumi müzakirələrdən bəri münaqişənin siyasi həllində heç bir irəliləyiş əldə edilməmişdir. Son iki ildə iki ölkə rəhbərləri arasında birbaşa təmaslar və xarici işlər nazirlərinin görüşlərinə baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin nizamlanması prosesinə mane olur. Əksinə, Yerevan həm sözlə, həm də əməlləri ilə prosesi ləngidir və münaqişənin tezliklə sülh yolu ilə həlli səylərinə zərbə vurur. Ermənistan Baş naziri və Hökumət üzvlərinin bu yaxında səsləndirdikləri bəyanatları onların beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, ilhaqçı siyasət yürütdüklərinə dair heç bir şübhəyə yer qoymur. Son zamanlar verdiyi açıqlamalarında, o cümlədən BMT Baş Assambleyasının əsas müzakirələrində Ermənistanın Baş naziri Hökumətinin danışıqlardakı strategiyasını, yəni "müharibənin nəticələrini qorumaq" məqsədini açıq şəkildə bəyan etdi. Əslində, Ermənistan rəhbərliyinin niyyəti, qeyri-qanuni güc tətbiqi vasitəsilə və beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranan və insanlığa qarşı ağır cinayətlər, müharibə cinayətləri, soyqırımı aktları və işğal olunmuş ərazilərdə yaşayan bütün qeyri-Ermənilərin tam etnik təmizlənməsi ilə müşayiət olunan qəbul edilməz status-quo vəziyyətinin müdafiəsidir.Yekdilliklə qəbul edilmiş 822 (1993), 853 (1993), 874 (1993), 884(1993) saylı qətnamələrində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını, mülki şəxslərə qarşı hücumları, yaşayış ərazilərinin bombalanmasını pisləmiş, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin qəbuledilməz olduğunu bir daha təsdiq etmişdir. Ərazi iddiaları və zorakı addımlara cavab olaraq, Təhlükəsizlik Şurası öz qətnamələrində Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etmiş və bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Baş Assambleyanın qətnamələri və digər mötəbər beynəlxalq təşkilatarın çoxsaylı qərar və sənədləri eyni səciyyə daşıyırdı. Lakin, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib. Əksinə, münaqişənin siyasi həlli üzrə davam edən səylər kontekstində, beynəlxalq ictimaiyyət tərəfindən ilkin xəbərdarlıq və pislənilməsinə baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərinin dəyişdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Bu fəaliyyətlərə, o cümlədən işğal olunmuş ərazilərdə məskunlaşdırma, tarixi və mədəni irsin dağıdılması və mənimsənilməsi, mülkiyyətin, təbii ehtiyatların və digər sərvətlərinin istismarı və qanunusuz dövriyyəsi aiddir. Bu addımlar Müharibə şəraitində mülki şəxslərin müdafiəsi üzrə 1949-cu il Dördüncü Cenevrə Konvensiyası və 1977-ci il Birinci Əlavə Protokolu açıq şəkildə pozur və müharibə cinayətləri, həmçinin beynəlxalq hüquq çərçivəsində və dövlət və fərdlərin cinayət məsuliyyətini ehtiva edir. Tamamilə aydındır ki, bu siyasət və təcrübə münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədlərinə uyğun gəlmir və BMT Nizamnaməsində əks olunduğu kimi, dövlətlərarası münasibətlərdə qaydalara əsaslanan və sivil dövlətlərarası münasibətlərin dəyərlərini, norma və prinsiplərini müdafiə etmək üçün BMT və beynəlxaq ictimaiyyətin təxirəsalınmaz tədbirlərini tələb edir. Davam edən sülh prosesinin əsas məqsədi Ermənistan tərəfindən başlanılan müharibənin nəticələrinin aradan qaldırılması və beləliklə də, Azərbaycanın işğal olunmuş bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və zor tətbiqi ilə qovulmuş şəxslərin öz evlərinə və mülklərinə geri qayıtmasının təmin edilməsidir. Bu məqsədə nail olmaq mütləqdir və kompromis təşkil etmir. Azərbaycan münaqişənin tezliklə siyasi yolla həllinə sadiqdir. Eyni zamanda, danışıqlar sonsuzadək davam edə bilməz və güc tətbiqi və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etməsinə və saxlanılmasına xidmət etməməlidir. O, həmçinin BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə xələl gətirməməlidir. Beynəlxalq ictimaiyyəti və öz xalqını yanıltmaq səylərinə vaxt itirmək əvəzinə Ermənistan, dayanıqlı olmayan status quo vəziyyətini uzatmaq üçün faydasız cəhdlərindən əl çəkməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Öz destruktiv siyasi gündəliyinin perspektivlərinin olmadığını Yerevan nə qədər tez başa düşərsə, bir o qədər tez bölgənin xalqları sülh, sabitlik, və əməkdaşlıqdan faydalanacaq və Ermənistanın bölgədə yürütdüyü təcavüzkar və düşmən siyasəti səbəbindən üzləşdiyi ciddi siyasi, iqtisadi və sosial problemləri dəf etmək şansları daha çox olacaq.

Təşəkkür edirəm.

Təhlil axşamına Liviya, Suriya və başqa ərəb baharı qurbanları ilə başladım. Həm də Elmar Məmmədyarovun bu çıxışına görə. Bizim nümayəndə inqilab etdiyimizdən, hər şeyi sıfırdan başladığımızdan, dövlət-vətəndaş münasibətlərinin əlifbası olan məsələlərdən danışmırdı. Ona görə ki, biz bütün bu təlatümlərlə 24-26 il əvvəl bitirmişik. Artıq dövlət çevrilişlərinin, ildə bir dəfə hakimiyyət dəyişən qeyri-ciddi ənənələrin qurbanı olmuş başqa ölkələrin tayı deyilik. Azərbaycanın dövlət müstəqilliyi saxta deyil, qəlp deyil. Orijinaldır. Əslidir. Məncə dayanaq.

Gəlin, indi də bilirsiz kimə qulaq asaq, Donald Trampa. Amerika Birləşmiş Ştatlarının Prezidentinin şıxışının dövlət müstəqilliyi və dövlət azadlığı barədə fikirlərinə.

"Azad dünya özünün milli özüllərinə söykənməlidir. Onları bilərəkdən dəyişdirmək, yaxud yox etmək cəhdləri olmamalıdır. Çevrəmizə baxsaq, böyük, qeyri-adi planetimizə baxsaq, həqiqət bir anda görünür – azadlıq istəyirsinizsə, öz ölkənizlə fəxr etmək gərəkdir, demokratiya istəyirsinizsə, öz suverenliyinizi bərkidin, barış istəyirsinizsə, öz xalqınızı sevin! Müdrik liderlər həmişə öz ölkələrində birinci növbədə öz xalqlarının maraqlarını qorumaq üçün iş görüblər. Gələcək qlobalistlərin deyil, vətənsevərlərindir. Gələcək öz vətəndaşlarını qoruyan, qonşularına sayğı ilə yanaşan, hər bir ölkəni özəl, nadir edən fərqlərə sayğı göstərir.”

Bu çıxış dövlətinin müstəqil, xalqının güclü olmasını istəyən istənilən liderə aid edilə bilər. Bu fikirləri isə xüsusi qeyd etmək istərdim: azadlıq istəyirsinizsə, öz ölkənizlə fəxr etmək gərəkdir, demokratiya istəyirsinizsə, öz suverenliyinizi bərkidin, barış istəyirsinizsə, öz xalqınızı sevin. Əgər biz dünyanın ən güclü dövlətinin başçısının dilindən bunu eşidiriksə, Tramp BMT-nin ali kürsüsündən dünya dövlətlərinə indi belə çağırış edirsə, onda niyə Azərbaycan bu yoldan, daha doğrusu çoxdan başladığı bu yoldan geri çəkilməlidir ki? Yalnız ona görə ki, qaragüruhbaşılar istərdilər ki, hakimiyyət bütün meydanları açıb onları buraxsın ya da onları açıb meydanlara buraxsın ki, qadanızı alım gəlin e, hardaydız indiyədək, gəlin götürün hakimiyyəti, sonra da gedin Opera Balet teatrının foyesində siqaret söndürün. Yox, lənət şeytana, siz mədənisiz axı, ehtiyatlısız axı, əvvəl əlinizdə siqaretin közünə tüpürün, sonra par-par parıldayan döşəməyə atın və tapdayın! Sizin gecə-gündüz sitat gətirdiyiniz Tramp deyi ki, "azadlıq istəyirsinizsə, öz ölkənizlə fəxr edin, demokratiya istəyirsinizsə, öz suverenliyinizi bərkidin, barış istəyirsinizsə, öz xalqınızı sevin!” Qaragüruh bəylərbəyliyi, dərəbəyliyi! Eşidirsiniz, bunu mən demirəm e, Sizin qibləniz deyir. Bəs mən nə deyirəm. Mən heç nə. Sadəcə olaraq Sizi güruhun təcrübəsiz, məlumatsız hissəsinə tanıtmaq istəyirəm. Borcum da budur ki, yadlarından çıxmayasınız.

Məsələn, mən sizə indi 1993-cü ilin unikal kadrlarını təqdim edəcəm. İndiyədək bu kadrlar heç yerdə, heç vaxt nümayiş edilməyib. Əvvəl kiçik bir arayış verim, biləsiniz ki, söhbət nədən gedir. Deməli hadisə vaqeə olur Parlament zalında. İyun üsyanının ən dramatik anlarıdır. Qan axıb. Vətəndaş müharibəsi başlanıb. Ölkə faktiki olaraq parçalanıb. Prezident Elçibəy, onun Əli Kərimli də daxil olmaqla iqtidarsız iqtidarı ciddi bir məsələni müzakirə edir. Deməli parlamentin iclasının videoyazısı efirə getməlidir. Amma hansısa çıxışdan bir kiçik hissə kəsiləndən sonra. Əlbəttə nəyə baxmaq, necə baxmaq sizin ixtiyarınızdadır. Amma mən istərdim ki, müzakirənin gedişində Elçibəyin komandasının davranışına, laqqırtı və gülüş səbəblərinə, bir də Prezidentin arxasında dayanan Əli Kərimlinin üzünün ifadəsinə baxın. Bu gün meydana lider kimi çıxıb Azərbaycan xalqını Allah, Şeytan bilir harasa aparmaq istəyən bu adamın o ağır günlərdə nə qədər zavallı və aciz göründüyünü izləyin. Beləliklə. İyun. 1993-cü il. Qardaş qanı axır. Dövlət parçalanır. İqtidar montaj müzakirəsi aparır. Prezidentin halı elə dövlətin halıdır:

Güruhu, onun ən güclü, ən miqyaslı vaxtlarında belə şərtləndirən iki ciddi səciyyəvi cəhət var idi. Qətiyyətsizlik və qeyri-müəyyənlik. Bu gün də eyni ovqatdadırlar. Məsələn, özünü ana müxalifətinmi, bacı müxalifətinmi lideri sayan qaragüruhbaşı Əli Kərimlinin son çıxışlarından birindən bir parçaya baxaq. Əli Kərimli dünənədək saxta olmadığına inanmadığı, nəticələrini heç vaxt tanımadığı, ümumiyyətlə keçiriləcəyini belə şübhə altına aldığı seçkilərdən danışır. Və baxın necə danışır:

Və indi də Əli Kərimlinin daxili qeyri-müəyyənliyinin başqa bir sübutu. Həmişə olduğu kimi, son anda aradan çıxmaq. Hətta ona səmimi inanan güruhu belə uf demədən yarıyolda qoymaq. Baxaq. Hər çıxışında mitinqlərə, ardınca qoşmağa səslədiyi güruha Əli Kərimlidən gözlənilməz jest. Deməli qaragüruhun lideri aya deyir sən çıxma mən çıxacam, günə deyir sən çıxma mən çıxacam. Prezident olacam. Sizi irəli aparacam. Filan, bəşməkan... bəy məkan və buyurun. Xüsusi xidmət orqanlarının qeyri-rəsmi gəlini adını özünə götürmüş Sevincə birdən bəyan edir:

Belə. Əli Kərimli hələ heç özü də əmin deyil ki, 2025-ci ildə prezidentliyə namizəd olacaq ya yox. Mən deyəndə ki, qaragüruhbaşının məsələsi klinik məsələdir artıq bax belə simptomları nəzərdə tuturdum və tuturam. Bir yandan adam bəyan edir ki, oddan-alovdan keçərəm, ay eşqimizə and içərəm, Sizi iqtidara apararam, amma o yandan heç Lökbatana aparmağa nəfəsi çatmır. Əslində Əli Kərimlinin və qaragüruhun belə zəif olduğunu təhlil cameəsində yaxşı bilirdik. Sadəcə, yanvar mitinqindən sonra bu toplumda belə bir rəy yaranmışdı ki, çoxalmışıq. Ağa nəzərik filan. Və şəhər hakimiyyətinin kiçik bir gedişi, ənənəyə öyrəşmiş güruhu çaşdırdı. Onlar qəsdən elə yerlər üçün sifariş vermişdilər ki, Bakı İcra hakimiyyətinin orada mitinq keçirməyə icazə verməyəcəyi gün kimi aydın idi. Əli də, Kərimli də gözləyirdi ki, rədd cavabı gələcək və onlar yenə də başlayacaqlar öz köhnə əsaslandırmalarını tirajlamağa. Amma birdən, babax! Əli Kərimli də ayağı kərimsiz də düşdülər qəribə vəziyyətə. Mitinqə icazə verildi. 28 sentyabra 2 gün qalmış. Amma ora güruhu yönəltmək üçün işləmək, təşkilatçılıq etmək, bəlkə avtobuslar sifariş vermək, bəlkə qid tutmaq, nə bilim hər halda nələrsə etmək lazım idi. Və bütün bunları etməyə həvəs lazım idi. Amma Milli Şura buna hazır deyildi. O yalnız Məhsul stadionuna gedə bilinəcək qədər məsafəni və burada bağırmaq üçün əzbərlədiyi 3 sözü dərk etmək gücündədir. Artığında qısa qapanma verir. Həm də qaragüruh düşərgəsində əməlli-başlı başıpozuqluq var. Ailə dövlətin kiçik şəklidirsə, bu adamların qurmaq istədiyi dövlət ən yaxşı halda Fuad Qəhrəmanlının ailəsinə bənzəyəcək. Yeri gəlmişkən, qüruhun gələcək evciyinin elə qadın çatışmazlığı da var. Milli Şura nə qədər ki problem aliqofreniya həddinə gəlib çatmayıb, vəziyyətdən çıxış yolu tapmalıdır. Yalnız Gültəkin Hacıbəylinin gələcəyinə bel bağlamaq omaz. Gültəkin Hacıbəyli təkdir. O bir qadın olaraq Milli Şuranın özünəməxsus yükünü çətinliklə saxlayır. Gözəl Bayramlı artıq o deyil. Yəni zəifləyib və səhhətində problem var. Allahdan şəfa diləyirik. Elə Gültəkinə də səbr. Burada söhbət heç də yalnız Pavlik Morozovun qan bacısı Selcan Qəhrəmanlıdan getmir. Ailəvi imtina problemilə güruh və onun müxtəlif fərdləri, vitse-liderləri ilk dəfə qarşılaşmır. Ailə göyərtəsindən bayıra atılmaq bu düşərgənin cari qayğılarındandır. Sevinc Osmanqızının ailəsi ondan imtina etdi, Rüfət Eldaroğlu Səfərovun, Orduxan və başqalarının ailələri də imtinalarını afişalandırdılar. Son hadisənin unikallığı ondadır ki, Selcan Qəhrəmanlı atasından imtina prosedurunu qara güruhun əsas siyasi-mənəvi hədəflərinin dayaqlarını dağıtmaqla həyata keçirir. Və bu ilk belə haldır ki, qaragüruhbaşılar belə seçimi hakimiyyətlə bağlamağa cürət etmədilər. Siyasi mənəvi deqradasiyanın son həddi idi bu. Bunların qurmaq istədiyi dövlətin maketi olan ailə gələcək faciə filminin anonsu idi. Həm də onların keçmişinin qısa formatda xatırlanması. Gələcək qiyafəsində. Bu adamların gələcəyi elə keçmişlərinin burnundan fırt edib düşüb. Bütün indi gördüklərimiz olduğu kimi görünüb və yaşanıb.

Beləliklə 1998-ci ilə qayıdırıq. Qarşımızda eyni qaragüruhçular, onların dövlət təkəri üçün amadə tutduğu mıx və müqavimət qüvvələri.

Çıxış edir, Milli Təhlükəsizlik naziri Namiq Abbasov və Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev. 1998-ci il.

Nəticə çıxarmalıyıq. Yeri gəlmişkən, qaragüruhun anatomiyasını açıb göstərən bu hadisədən sonra onlar sosial şəbəkələrdə ciddi sarsıntıyla üzləşib. Ara-sıra özünə gəlmək üçün edilən cəhdlər isə uğursuzluğa düçar olur. Əlbəttə hakimiyyətin də üzləşdiyi problemlər var. Amma bu problemləri təcili həll etmək lazımdır.

Məsələn, Millət vəkili Rafael Cəbrayılov 600 min ABŞ dollar məbləğində pul aldığl iki vətəndaşda borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün deputat vəsiqəsini girov qoyub. Təfərrüata varmayacam. Ay nə bilim borc verənlər aldadılıb, iş məhkəməyə qədər gedib. Qərar Rafael Cəbrayılovun əleyhinə olub. Və sair. Mən bir jurnalist olaraq ümumiyyətlə belə hesab edirəm ki, yayılmış kompramat materiallar kifayət edir ki, bu Millət vəkilinin, Rafael Cəbrayılovun toxunulmazlıq statusu ləğv edilsin, haqqında cinayət işi başlansın, Milli Məclis üzvlüyünə xitam verilsin və qanun qarşısına çıxarılsın. Bu hadisə həm də bütün Millət vəkillərinin parlamentdən kənar fəaliyyətini yoxlamaq üçün fürsətdir. Yəni gələcəkdə, fakt qarşısında qalandan qalana tədbir görülməsin. Bəlkə elə Millət vəkili var ki, işini daha ehtiyatlı tutur və ələ keçmir. Dövlətin islahatlar kursuna, vətəndaş-dövlət etimadına birbaşa zərbə vuran belə dələduzluq, etibardan sui-istifadə halları xüsusi güzəştsizliklə cəzalandırılmalıdır. Azərbaycan dövləti regionun ən dinamik və sabit ölkəsi olaraq beynəlxalq inqilab senarilərindən özünü qoruyur və bunu ilk növbədə xalqın dəstəyilə, onun İlham Əliyevə inamıyla edir. Elə buradan da Azərbaycanın ictimai düşüncəsinə xüsusi mərhələ, elmi-sosial istinadın etibarlı şansı tək daxil olan bir mühüm hadisəyə keçmək istəyirəm.

Sosial Tədqiqatlar Mərkəzi bu həftə mənim fikrimcə, son dərəcə ciddi bir layihəni təqdim etdi.

Prezidentin sosial və kadr islahatları ictimai rəydə ad altında tanış olduğumuz geniş araşdırma haqqında danışmaq zəruridir. Cəmiyyətin istər toplum, istərsə də fərd şəklində öyrənilməsindən ötrü müstəsna əhəmiyyət daşıyan bu sənəd Prezidentin fəaliyyətinə cəmiyyətin reaksiyasını ətraflı göstərir. Bir təhlil mərkəzinin təmsilçisi olaraq deyim ki, qarşımızda belə peşəkar bir tədqiqat mərkəzinin olmasından həm sevinir, həm də qürur duyuram. Sosial Tədqiqatlar Mərkəzi idarə heyətinin sədri Zahid Oruc və Prezident Adminstrasiyasının Strateji Araşdırma və Planlaşdlrma Şöbəsinin müdiri Səadət Yusifovanın verdiyi məlumatlardan belə bir nəticə hasil edirəm ki, nəhayət Azərbaycanda informasiya çekapını mümkün edən bir qurum var.

Niyə mən çekap dedim. Ona görə ki, zərurət yarandıqda cəmiyyətin bütün xəbər, reaksiya, qıcıq nöqtələrinin elmi bir müayinəyə ehtiyacı olur. Burada doğrunu gizlətmək, yuxarıların xoşuna mütləq gəlmək kimi anormal əlamətlər istisnadır. Çünki bu və ya digər məqsədlə edilmiş qərəzli müdaxilə yanlış nəticələrə yönləndirə bilər. Xüsusilə Prezidentin islahatlar paketinin indiki, prioritetdə sosial yükün olduğu mərhələdə neqativ nəticələr verə bilər. Sosial Tədqiqatlar Mərkəzi məhz Cəmiyyətin xəbər-məlumat-gözlənti-ovqat strukturu üçün diaqnostik mərkəz rolunu oynayacaq. Yəqin ki, bu mərkəz həm də Azərbaycan dövlətinin ideoloji xəttində mühüm bir komponent olacaq. Çünki sosial şəbəkə fenomeninin Azərbaycan vətəndaşını daşıdığı yeni, daha çox qeyri-ciddi məlumat fazasında bəzən informasiyanın idarə olunması müəyyən problemlərin ortaya çıxdmasıyla müşayiət olunur. Məsələn, bir neçə il bundan əvvəl dövlət-xəbər-istehlakçı üçbucağının xarakterində bir unitarlıq var idi. İndi müəyyən bir informasiya federallaşması, şaxələndirmə meylləri hiss olunur. Ola bilsin ki, sosial şəbəkələrin müəyyən miqyasa qədər inkişaf etməsi bu virtual reallığa xüsusi münasibət sərgiləməyi tələb edir. Amma cins geyimli, yüngül, çevik xəbərlərin üzərinə ağır taxta, qlastuklu, kostyumla getməyin özü dəyişilməlidir. Xəbər işindən az-çox başı çıxan biri olaraq belə düşünürəm. Bu baxımdan Sosial Tədqiqatlar Mərkəzinin götürdüyü xəbər, məlumat nümunələrinin dürüst analizi və dövlətin idarə olunmasında düzgün tətbiqinə böyük inamım var. Çünki Prezidentin obrazının və fəaliyyətinin dürst təqdim və təhlil edilməsidən gedir. Söhbət Dünyada dinc, sabit, rahat və xeyirxah Azərbaycan yolundan gedir.

Bakı Nəqliyyat Agentliyinin Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin açılışı da məhz o yolun bir parçasıdır.

Belə. Azərbaycanın öz yolu var və o nə Suriyadan, nə Liviyadan, nə də başqa inqilab stansiyalarından keçir. Razılaşaq ki, qırmızı lent həmişə qırmızı qandan yaxşıdır.