adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Sentyabr 2019 12:17
9011
GÜNDƏM
A- A+

İlham İsmayıl: Dunay da tərsinə axmadı, Araz da Qara dənizə axmayacaq...

Ermənistanın Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov Feysbuk səhifəsində Qarabağ münaqişəsi ilə bağlı qeydlərini yazıb: "Daxili siyasi fikir ayrılıqlarımıza baxmayaraq, azərbaycanlıların bulanıq suda balıq tutmasına imkan verməyəcəyik... Araz öz məcrasını dəyişdirib Qara dənizə axmağa başlayar, amma Qarabağ Azərbaycanın tərkibinə daxil olmaz..."

Bu sözlər VII-ci sinifdə oxuyanda SSRİ tarixi kitabından oxuduğum sərkərdə Suvorovun İzmail qalasına hücumunu xatırlatdı. Aleksandr Suvorov Dunay sahilindəki Türkiyəyə məxsus İzmail qalasına hücum etməzdən əvvəl qalanın rəisi Mehmet paşaya ultimatum göndərir ki, qalanı döyüşsüz təslim etsin. Suvorovun ultimatumuna Mehmet paşanın cavabı belə olmuşdu: "Dunay tərsinə axar, göylər yerə tökülər, İzmaili təslim etmərəm”. İki günlük artilleriya hazırlığından sonra 1791-ci il dekabrın 22-də səhər saat 5.30-da başlanan hücum 11 saat davam etdi və ruslar İzmail qalasını aldılar. Nə Dunay tərsinə axdı, nə göylər yerə töküldü.
Bu, Osmanlının, qardaş Türkiyənin məğlubiyyət döyüşü olsa da, xatırlatmaqda məqsəd tamam başqadır. Yunan əsilli (bəzi mənbələrdə isə yezidi kürd olduğu deyilir) Eduard Şarmazanovun Azərbaycana, Türkə tarixi nifrəti məlumdur. Sadəcə olaraq bu cür populist deyimlər bizi qətiyyən ruhdan salmamalıdır. İzmail qalasının tarixini də xatırlatmaqda və paralellər aparmaqda bənzər yekəxana bəyanatların tarixdə necə yekunlaşdığını göstərmək, eyni zamanda açılmayan sabahların özü ilə nələr gətirəcəyini düşmənin də, elə özümüzün də diqqətinə çatdırmaq istədim.
Dostumuz Sultan Laçın bu məlumatı yayandan sonra sual edir: "Buna nə ilə cavab verək? Tarixi, hüquqi, siyasi fakt və arqumentlərlə, yoxsa bəyanat və notalarla? Bunları bütün dünyaya yüz il də car çəksək, faydası olmayacaq... Qarabağ qayıtmayacaq... Yalnız silahlı savaş, savaş, savaş!..”

Laçınlı qaçqın Sultan düz sual verib, düz də nəticə çıxarıb. Şarmazanov müxalifətdə olan bir partiyanın mətbuat katibidir və ona nə bəyanatla, nə də nota ilə cavab vermək lazım deyil. Yenə həmin İzmail qalasının alınmasına qayıdıram. Üç il Rusiyanın üç sərkərdəsi İzmaili ala bilməmişdi. Sonunda Potyomkin bu işi Suvorova həvalə edir. Döyüşdə 29 min türk əsgəri, 4 min rus əsgəri ölür. Amma, qala alınır. Azərbaycanın saysız-hesabsız generallarının içərisində ola bilməz ki, bir rayonumuzu geri ala biləcək komandir-general olmasın. Mən hələ bütöv Qarabağı demirəm, bir rayonumuzu deyirəm, çünki bu bir rayon bizim gələcək qələbəmizin fundamentidir. Hətta, deyərdim ki, düşməni bizim şərtlərlə danışıqlar masası arxasına otuzduracaq bir rayondur.
Şarmazanov bilirsiz niyə belə yekəxana, həyasız qeydlər yazır? Atəşkəsdən bəri-25 ildən çoxdur ki, sayları hər il artsa da generallarımız bir yaşayış məntəqəsini də azad edə bilməyiblər, ona görə bu yunan əsilli, yezidi kürd əsilli birisi Arazı Qara dənizə axıtdırır. Potyomkin bu işi sonunda dahi bir sərkərdəyə tapşırdı. Biz kimə tapşıraq? İstərdim ki, bu sualı generallar da özünə versin.

İki gün əvvəlki yazımda qeyd etmişdim ki, ordumuz haqqında sonadək bilgimiz yoxdur, gələn xəbərlər isə heç də ürəkaçan deyil. Nazirlikdə baş verən hər hansı bir neqativ hal, münasibətlər müvafiq qurum tərəfindən zamanında aşkarlanmalı və anındaca Ali Baş Komandana məlumat verilməlidir. Neqativ hallar, şəxsi zəmində gərgin münasibətlər bəzən döyüş zamanı təxribata gətirib çıxarır, necə deyərlər, sabah müharibə başlayanda, mühüm işə badalaq vurula bilər.
Bir gün bizim də Suvorov Qarabağı azad etməzdən əvvəl ermənilərə ultimatum verəcək ki, çıxın işğal etdiyiniz torpaqlarımızdan. Və qoy, o zaman Şarmazanov (lar) Arazı Qara dənizə axıtmağı ilə bizi hədələsin, içimizdə qələbə hissi, vətəni azad etmək ruhu olandan sonra 11 saat yetərli olacaq ki, düşmən ağ bayrağını qaldırsın və Həkəri Araza, Araz da Kürə axmaqda davam etsin. Çətini o ruhu yaradıb öndə bizim Suvorovun getməsidir.