adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Sentyabr 2019 10:58
28869
ƏDƏBİYYAT
A- A+

Bu il qaranquşlar Yəmənə uçmaz...



(Ramiz Qusarçaylı şeiri üzərinə)

Ramiz Qusarçaylı haqqında qələmə aldığım "Bu il qaranquşlar Yəmənə uçmaz!" yazısı hələ tamamlanmayıb və mən onunla hələ çox boğuşacağam. Elə bu gecə ağlıma nə gəldi, bilirsinizmi? "Bu il qaranquşlar Yəmənə uçmaz!" deyir şair Ramiz Qusarçaylı. Bunun səbəblərini də yazır. Amma bu faciəni və səbəbini illər öncə Musa Yaqub da yazmışdı: "Leyləklərin çöp yuvası boş qalıb..."

Soruşa bilərsiniz ki, Musa Yaqub ilə Ramiz Qusarçaylının, leylək ilə qaranquşun nə əlaqəsi var?!" Cavab verirəm:

-O qədər çox əlaqəsi var ki!..

Əvvəla bu quşların ikisi də təbiətin bir parçasıdır; ikisi də köçəri quşlardır hətta birlikdə hərəkət edən köçəri quşlardır.

Leyləklər uzun səfərlərinə çıxmadan əvvəl qaranquşlara "filan gün, filan saatda filan yerdən hərəkət edəcəyik, sakın yubanmayın!" deyə xəbər göndərirlər.

Səfər başlayan gün qaranquşlar leyləklərin sırtına (dalına) minir, yol boyunca onların kürəklərini masaj edir, tüklər arasındakı parazitlərlə, böcəklərlə qidalanır, həm də leyləkləri rahatladırlar. Upuzuuun bir yolçuluğu, okeanların, dənizlərin, göllərin; keçilməz dağların, zirvələrin üstünü beləcə keçirlər, səyahətlərini bu şəkildə bedavaya (müftə-müsəllim) tamamlayırlar. Beləcə, leyləklər də mutlu olur, qaranquşlar da...

Hər zaman danışan amma bizim qulaq asmadığımız Təbiətin mükəmməlliyinə bax sən...

Biz "düşünən", danışan ikiayaqlı, məməli heyvanlar isə təbiətin bu dəngəsini pozmaqla məşğuluq...

Hələ başımıza çox bəlalar gələcək,-çünki "Leyləklərin çöp yuvası boş qalıb" və "Bu il qaranquşlar Yəmənə uçmaz!..

Mən leylək-qaranquş haqqında yazdıqlarımı özümdən uydurmuram, bir bəlgəsəldə izləmişdim illər öncə. Sən demə səlamətlik Musa Yaqub bizi uyarıb, amma biz anlamamışıq. Biz nə vaxt təbiəti, təbiəti kitab kimi oxuyanları dinlədik ki?!..

Ramiz Qusarçaylı da "Bu il qaranquşlar Yəmənə uçmaz!" deyincə həm Musa Yaqubun şeiri qismən tamamlandı, həm də səbəb-nəticə ilişkisində daşlar yerinə oturdu...

Təbiətdə hər şey bir-birinin mütəmmimi yani tamamlayıcısıdır. Siz mənim tamamlayıcımsınız, bəlkə mən də sizin...

Mən bir az qaranquşam, bir az da leylək - siz isə sərçəsiniz. Vətənə bağlı, millətə vəfalı sərçələr. Qışın soyuğunda da, yayın istisində də yurdunu, yuvasını, vətənini tərk etməyən sərçələr...

Sizə qibtə edirəm, sərçə qardaşlarım!.. Amma bir istəyim var sizdən - vətəndə sərçəm, vətən yolçuluğunda leyləyim olun!..

Sevgi və dostluqla...

Nazim (qaranquş) qardaşınız.

***

Bir şairin insan yaddaşına köçməsi üçün onun o insan üzərində ən az bir-iki işıqlı misrasının təsiri olmalıdır.

Ramiz Qusarçaylı da mənim yaddaşıma

Gəlir söz acları, fikir acları,

Sözdən qan qoxusu, qan tamı gəlir.

Ağarır uzaqda dar ağacları

Deyən şairlərin bayramı gəlir…

misralarıyla köçmüşdü...O misralarla ki, "qan qoxulu sözü”nü mühasirəyə alan "söz və fikir acları”ndan "qurtulmaq” üçün "Pir Sultanlar gibi, dar ağacını boylamağı” (Aşıq Mahzuni Şərif) öz şairinə bayram bilmişdi. O misralarla ki, "sözündən qan iyi gələn şair”in (Ramiz Rövşən) "söz və fikir acları”nı (s)öz başına toplamış olması, o misraların şairinin "bayram mesajı”nı bəyan etmişdi. O misralarla ki, şairin bu bayramda onu "adam yerinə qoyub, əziz edib” bayramlaşmağa (bayram görüşünə) gələn "ac” əzizlər(in)ə bayramlıq hədiyyəsi-şairini, hamının görə bilməsi üçün "dar ağacları”na çıxarmaq olmuşdu... (Nədənsə bu ‘bayram’ sözü və ‘dar ağacı’ motivi qoca tarixin sınaqlarından çıxan "atın ölümü-itin bayramı” gerçəyini mənim yadıma salır...) Məncə Ramiz Qusarçaylının sadəcə bu dörd misrasının ciddi bir "qan təhlili” (söyləm analizi) və orada təsvir edilən "toplaşma və bayramlaşma” hadisələrinin əyləm analizi yapılsa şairin "xəstəlikləri”ndən bir neçəsinin diaqnozu qoyula bilər...

...Deyilməyən söz yoxdursa (ki elədir) bu gün dilə gətirilən fikirlərin kökünü də öncə deyilənlərdə axtarmaq lazımdır. Kök nədirsə gövdə, budaq, meyvə, yarpaq... da odur. Bu mənada Ramiz Qusarçaylı bizi keçmişləri araşdırma əziyyətindən xilas edir; öz zamanının oğlu (üstəlik barometri) olaraq "ədəbiyyatın yaddaşı”ndakı (Folkner) "bəlli obraz”ları (Səməd Vurğun) bu günümüzün ictimai, tarixi, siyasi, coğrafi, əxlaqi, psixoloji... gerçəklərinə uyarlayıb Dünyanı bir az da yaxından tanımağımızda bizə yardımçı olur.

Bu günlərdə 58 yaşı tamam olan Ramiz Qusarçaylı Azərbaycan ədəbiyyatının səksənincilər nəslindən olub o illərin başlarından etibarən imzasını tanıtmışdır. Biz 1980-ci illərdə ədəbiyyata gələnlərin ədəbiyyatımızdakı yerini, o nəslin nümayəndələrinin xarakterik özəlliklərini tək-tək sadalamaq fikrində deyilik. Hər halda 80-ci illərin sosial-siyasi mühitinin aşağıda qısaca söz etdiyimiz olumsuz şərtləri, o nəslə qarşı ədəbi ilginin yetərincə göstərilməməsi səbəblərindən sadəcə biridir. Amma unudulmamalıdır ki, bu "unudulmuş” nəslin istedadlı nümayəndələrindən biri də məhz Ramiz Qusarçaylıdır.


Əslində dünyada və Azərbaycanda "zastoy” (durğunluq) illərindən sonrakı 1980-lərdən bu günə qədər keçən ən az üçdə bir əsrlik (bir qərinəlik) zaman içində tam bir əsrlik hadisələr oldu. (Osmanlı) "İmparatorluğun(un) ən uzun yüzyılı” (İlber Ortaylı) 19-cu əsrdəsə yenidən dövlət olmaq istəyən Azərbaycanın ən uzun yüzili yəqin ki 20-ci əsrdir. Üstəlik Ramiz Qusarçaylı nəslinin qismətinə -həm sonu gəldiyi üçün daha da quduzlaşan basqıcı Sovet rejimini yaşamaq; həm güvənilən və yenilməz zənn edilən "dağların devrildiyini” (Çingiz Aytmatov) görmək; həm "azadlığı dadan” (Məmməd Əmin Rəsulzadə) vətən torpaqlarının işğalını görmək; həm də "təzə əsrin ibtidası”na (Nəcəf Bəy Vəzirov) şahid olmaq- yazılmışdı. Biz hər hansı bir əsər dəyərləndirildiyi zaman ən azı bu şərtlərin diqqətə alınmasının yanlış olmayacağını düşünürük, çünki heç kim öz zamanının içindən sıyrılıb çıxmış və zamandan soyutlanmış deyildir...

Bu mənada Ramiz Qusarçaylının duyarlı bir İNSAN olaraq bir tərəfdən gözəl bir təbiət və torpaq şairi; bir tərəfdən lirik bir eşq şairi; başqa bir tərəfdən yuxarıda dilə gətirilən şərtlərin ortaya çıxardığı sosial-siyasi-əxlaqi məsələlərin poetik tərənnümçüsü; digər tərəfdən də yurdsevər, vətənpərvər bir əsgər-şair kimi qarşımıza çıxması təsadüf deyil.

Ramiz Qusarçaylı Türk dilli şeirimizdə, nəsrimizdə daha öncə ələ alınmış, işlənmiş motivlərə yeni can vermə cəsarətində bulunan, onları "günümüzün gerçəklərinə uyarlayıb” təqdim edən, bu motivləri səmimi bir şəkildə orijinal poetik məcra içində unudulmaz qılan bir şairdir.

Səksənincilərin də təmsilçisi olan şairin yuxarıda ana xətləri ilə göstərməyə çalışdığımız bu dörd tərəfinin bəzi məqamları üzərində qısaca durmaq istəyirik. Bu məqam gəzintisində köhnə əsintilərə də yer vermək istədik ki, şeirin..."Müşfiq küləyi”nin, "Əli Kərim qasırğası”nın (Məmməd Araz) heç olmasa məltəmini hiss edək.

Ramiz Qusarçaylı-sözü, həqiqət axtarışındakı əqidəsi, məfkurəsi yolunda dar ağaclarından asılan şairlərin soyundan gəlir. O şairlərin ki, "ümidi yerdə özünə, göydə Allaha”dır; "bir gözü hökmdarda” (Ramiz Rövşən) deyil, iki gözü də Allahda olan şairlərin soyundan...

Bu şairlər-

Nəsimi kimi dərisi soyulandır;

Mövlana kimi ölümü salamlayıb öldüyü günü "şəb-i arus” (toy gecəsi) sayandır;

Füzuli kimi, bu dünyadan ayrılışı

Ruzi-hicrandır, sevin, ey mürği-ruhum kim bu gün

Bu qəfəsdən mən səni əlbəttə azad eylərəm”… şəklində qəbul edəndir;

...Rüstəm Behrudi kimi "dar ağacına salam verəndir”:

Ramiz Qusarçaylı kimi

"Ağarır uzaqda dar ağacları

Deyən şairlərin bayramı gəlir”…-deyə biləndir.

"Ağaran dar ağacları”nı Ramiz Qusarçaylı dilində "işıq dirəkləri”nə çevrilən varlıqlar kimi görüncə Nazim Hikmətin "gecə gələn teleqraf xəbərləri” və Ramiz Rövşənin, bu xəbərləri gətirən "teleqraf dirəkləri” yada düşür.

***

Ramiz Qusarçaylı, öz sevgi(li)si yolunda Füzuli kimi "kənarəsi yox bəhr” qədər göz yaşı tökmür,

İki göz dolusu ağlaram səni,

İki dodaq boyu gülləm səninlə…

deyərək Füzulidən fərqli olduğunu,sanki Vaqif kimi dünyəvi yaxınlığı rədd etmədiyini canlı xalq dilindən gələn səmimiyyəti ilə ifadə edir.

***

Ramiz Qusarçaylının poetik dünyasında şairin saf bir kənd uşağı olması özünü ilk misralardaca ələ verir:

Sən indi gedirsən, üzügülər, şən,
Söylə, ötən günlər yada düşdümü?!.
Qaya ürəyimin zəlzələsindən,
Dərə ürəyinə səda düşdümü?!.

İlk iki misrada bu məkâni mənsubiyyət sanki bir ilğım içindədir, son iki misrada isə duman dağılır və bu yolçunun bir kənd adamı olduğu bəlli olur.

Ramiz Qusarçaylının təbiət aşıqı bir torpaq şairi olduğunu onun "dağların dizləri üstə baş qoyub mürgüləyən yollar” obrazı da açıqca göstərir:

Enib dərələrin, düzlərin üstə,
Gecə öz diliylə layla deyirdi.
Baş qoyub dağların dizləri üstə
Yollar şirin-şirin mürgüləyirdi.

Ya da

Yaz qarı bir daşın donqarı üstə,
İzim yox bu yazın son qarı üstə,
Dərd yağır dərdimin yonqarı üstə,
Gecələr dağlara baxa bilmirəm…

Artıq bu, özünü "min ağacdan bəlli edən” bir kənd(li) yerişidir. Şairin başqa misralarında bu kəndçinin bir çobandan daha çox bir bağban olduğu anlaşılır:

...Ağacda tutmayan calaq yeri tək,
Gözümdən həsrətin izi getməyir...

Üstəlik, Ramiz Qusarçaylının həsrəti sadəcə Güney və Batı Azərbaycana deyil, həm də quzeydəki tarixi Azərbaycan torpaqlarınadır:

...Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!..

ya da

Bu Araz, bu da ki, Samur dağları,
Bürüyüb yamyaşıl mamır dağları,
Dağ çəkir sinəmə çadır dağları,
Gecələr dağlara baxa bilmirəm.

***

Şairin, artıq milli ordumuzun marşına çevrilən "Azərbaycan bayrağı!” şeirinin digər misralarında üçrəngli bayrağımızın möhtəşəm simvolik dil ifadəsini görürük:

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı!

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!

Ramiz Qusarçaylının "Çəkəcəyəm gözümə kölgən düşən torpağı” misrası isə böyük Füzulinin

Gün çəkər yerdən göyə hər dəm qubari-rahini

Tutiya üçün məgər yerdən göyə minnət çəkər...

misralarını xatırladır ki, Füzuli şeirində yar ayağının altından çıxan toz, Ramiz Qusarçaylı şeirində isə Azərbaycan bayrağının kölgəsi düşən torpaq-gözün görmə özəlliyini artıran tutiyadır, ağlamaqdan kor qalmış gözlərin məlhəmi, dərmanıdır...

***

Ciddi bir sosial tənqid (həm də özünütənqid) örnəyi olan "Bu millət” şeiri ancaq "uzaqdan ağaran dar ağaclarını görüncə o ağaclardan asılacağına sevinən şair”in qələmindən çıxa bilər:

Bir yetim payına beşi boylanır,
Bu millət, bu millət, bu millət mənim.
Çadırdan çadralı kişi boylanır
Bu millət, bu millət, bu millət mənim.

"Çadır” ilə "çadra”nın (üstəlik çadırda gizlənən bir "kişi”yə "papaq” olan çadranın...) bir misra içində bu qədər sərrast ifadəsinin qaynağı bir tərəfdən acı həqiqətlərin çılpaqlığıdırsa, digər tərəfdən də şair iztirabının sonsuzluğu və istedadıdır...

…Nəfsini Arazın axarı bildi,
Dərbəndi dərdinin çıxarı bildi,
Şuşanı bazara çıxara bildi
Bu millət, bu millət, bu millət mənim...

…Bir qarış yer üstə yaşınmaz qanım,
Dərdimin nuruyla ağarır danım,
Üzüm ayağında Azərbaycanın,-
Ölüm ayağında Azərbaycanın,-
Bu millət, bu millət, bu millət mənim.

Son beşliyin birinci misrasında Qazi Bürhanəddin, Nəsimi, Əlişir Nəvai, Hüseyn Baykara, Sultan Kayıtbay, Xətai kimi hökmdar şairlərimizin coşqulu cəsarəti; ikinci misrada "ahından fələklər yanan” Füzulinin bitib-tükənməz dərdi; sonrakı iki misrada isə xalqdan gələn Vaqifin şux deyim tərzi bir araya gətirilir.

Şairin sərt sosial tənqid muhtəvalı "Bu adam nə yaman acdı, ilahi!” şeiri də ictimai-əxlaqi eybəcərliklərin təsviridir:

Bu adam nə yaman acdı, ilahi,
Acdı, gözü acdı, qulağı acdı,
İliyi, sümüyü, dalağı acdı,
Gövdəsi, toxumu, calağı acdı,
Bu adam nə yaman acdı, ilahi…

Evdə arvadının balağı acdı,
Qapıda itinin yalağı acdı,
Danası, düyəsi, ulağı acdı,
Bu adam nə yaman acdı, ilahi…

Qışlaqda qışlayır, yaylağı yeyir,
Yaylaqda yaylayır, oylağı yeyir,
Örüşü, meşəni, çaylağı yeyir
Bu adam nə yaman acdı, ilahi…

O damdan qovursan bu dama girir,
Bu damdan qovursan o dama girir,
Bu adam nə yaman adama girir,
Bu adam nə yaman bicdi, ilahi…
Bu adam nə yaman acdı, ilahi…

***

Türk ədəbiyyatında Sərvəti-Fünun dönəminin təmsilçisi Tevfik Fikrət’in sərt sosial tənqidi şeirlərindən olan və

Şu sofracık, efendiler-ki iltikaama muntazır

Huzurunuzda titriyor-şu milletin hayatıdır.

Şu milletin ki muztarib, şu milletin ki muhtazır!

Fakat sakın çekinməyin, yiyin, yutun hapır-hapır...

Yiyin, efendiler, yiyin; bu han-ı iştiha sizin

Doyunca, tıksırınca, çatlayıncaya kadar yiyin!..

misralarıyla başlayan 1912 tarixli "Han-ı Yağma” şeirinin ondan yüz il sonra-2000-ci illərdə Ramiz Qusarçaylı tərəfindən qələmə alınan Azərbaycan variantını oxuyanda tarixin bu acı təkərrürünə çox üzülmüşdük. Tevfik Fikrət və Ramiz Qusarçaylı şeirlərinin qarşılaşdırmasını ayrı bir yazıya buraxaraq ikinci şeirin mətnini ixtisarla təqdim edirik:

Yeyin, bu millətin başını, yeyin,
Satın torpağını, daşını, yeyin,
Atın küçələrə ac uşaqları
Tökün gözlərinin yaşını, yeyin...

Yeyin, məmləkətdə hər nə var, yeyin,
Kasıbın nəyi var,-dörd divar, yeyin,
Haqqın dərisinə saman təpdiniz,
Getdi abır-həya, getdi ar, yeyin …

Yeyin, kişilərin ruhunu, yeyin,
Sümürüb varını, yoxunu yeyin,
Baxıb hırıldayın Araz dərdinə,
Şuşa həsrətinə uğunub, yeyin…

Yeyin, bu millətin, başını yeyin,
İçini, ağlını, huşunu yeyin,
Oynadın çörəyə qız-gəlinləri
Tökün gözlərinin yaşını, yeyin…
Yeyin,bu millətin başını, yeyin…

***

Ramiz Qusarçaylının eşq şairi tərəfinə gəlincə şeirimizin ən lirik və ən həssas qəhrəmanlarından biri olan bənövşənin Azərbaycan poeziyasındakı bir-iki təsvirinə diqqət edək:

Qurbaninin dilində

...Ayrılıqmı çəkib boynu əyridi

Heç yerdə görmədim düz bənövşəni;

Bəxtiyar Vahabzadə şeirində

…Kolların dibində tək bitdiyindən

Boynu bükük olur bənövşənin də;

Nüsrət Kəsəmənli də

...İndi sevənlər üçün

Üç qərənfil dəbdədi

Yumul, bənövşəm, yumul! -şəklində dilə gətirilir.

Yaşayan ən böyük təbiət şairimiz Musa Yaqub öz "bənövşə gileyi”ni

...O nə göz yaşıdır gümüş tacında

Yoxsa gözün qalıb lalə bacında?!

Qalmışam mən də bu yol ayrıcında,

Bənövşəm, mən gəlim, sən gələcəksən?! -misraları ilə bitirir.

Arif Həsənoğlu öz kənd həsrətini

…İndi bir eyvanda pas atıb qalıb

Orağım, çəkicim, dəryazım mənim.

Yoldaşım bazardan bənövşə alıb

Beləcə ötüşür hər yazım mənim... -misralarına yükləyir.

Vaqif Bəhmənli dilindəki bənövşə

Ölüm ayağın altda

İtim ayağın altda

Bir qom bənövşə olum

Bitim ayağın altda… -şəklindədir...

Ramiz Qusarçaylının bənövşəsi isə geniş mənada Vətənin simvoludur və qürbətdə "yaşayan” şair öz bənövşə həsrətini bu sözlərlə ifadə edir:

Əlimə alınca əlim qurudu.
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.

Çatmadım bu il də yaza, bilirəm,
Darıxa bilirəm, susa bilirəm,
Özüm quruyanda dözə bilirəm
Qurudub göndərmə bənövşələri.

Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla,
Mənə də ölməyə bir az yer saxla
Qurudub göndərmə bənövşələri.

***

Hər günü ölüm xəbərləri ilə dolan dünyamızın mənzərəsini "Bu il qaranquşlar Yəmənə uçmaz!” şeirində təsvir edən Ramiz Qusarçaylı sanki içində bulunduğumuz günlərin, -2016-cı ilin son günlərinin rəsmini mənzum bir dillə belə çəkir:

...Güclər arasında bölünüb dünya,
Giclər arasında bölünüb dünya,
Biclər arasında bölünüb dünya,
Bu dünya güclərin sınaq yeridi,
Giclərin, biclərin sınaq yeridi,
Ölümlər Kərkükdə sınaqdan keçir,
Zülümlər Hələbdə sınaqdan keçir,
Təlimlər Sənada sınaqdan keçir,-
Bu il qaranquşlar Yəmənə uçmaz...

Şeirin ilk səkkiz misrası ilə doqquzuncu misrası arasında bir tənasüb vardır. Hətta şairə görə tənasübün bu iki tərəflərindən hər biri digər tərəfinin səbəbi ya da (eyni zamanda) nəticəsidir. Təbiət şairimiz dünyadakı dəhşətlərə təbiət pəncərəsindən baxıb yolunu həsrətlə gözlədiyi qaranquşların şairin vətənində bala çıxardıqdan sonra payızda geri qayıtmamalarına üzülür...

Ferdinand de Sössür deyirdi ki, "dildəki hər şeyi riyazi olaraq formule etmək mümkündür.” Bu doqquz misra da təxminən belə formule edilə bilər: (8 x 1) + 1= 9 ya da 9 = 1 + (8 x 1)... Əgər qaranquşlar gəldikləri yerə (Amerikanın bombaladığı Kərkükə; Fransanın bomaladığı Liviya şəhərlərinə; Səudiyyə Ərəbistanının bombaladığı Yəmənə; Rusiyanın, İranın bombaladığı Hələbə və ya savaş yellərinin əsdiyi başqa yerlərdəki yuvalarına) qayıtmırsa demək ki "Güclər arasında bölünüb dünya,Giclər arasında bölünüb dünya,Biclər arasında bölünüb dünya...

Bu günkü dünyanı "ədalətin qısır yuvası” adlandıran şairin dərdi yenə qaranquşların geri qayıtmamasıdır:

...Yığıb adamları tökür dənizə,
Bu köpük adamlar, kəpək adamlar.
Köpək balıqları məəttəl qalıb
Yeyir adamları köpək adamlar,
Bu il qaranquşlar Yəmənə uçmaz...

Bu misralar isə ölməz Qaspıralı İsmayıl Beyin Avrupa Medeniyetine Bir Nazar-ı Muvazene (Avropa mədəniyyətinə tərəfsiz bir baxış) əsərindəki bir "köpək balığı” epizodunu yada salır. İsmayıl Qaspıralı mədəniyyətlərin irsi olduğunu izah edərkən bu günkü (1880-ci illərin) Avropa mədəniyyətinin qədim Roma mədəniyyətindən gəldiyini söyləyir və diqqətləri Roma mədəniyyəti üzərinə çəkərək "Romalılar(ı) esir etleriyle beslenmiş balığa doymayan(lar)”, onların övladları olan bugünkü Avrupalıları da "bütün alemin semeresine doyamayanlar” adlandırır. Avropa mədəniyətinin "haqqaniyet duyğusu”ndan məhrum olduğunu isə israrla söyləyir...

Ramiz Qusarçaylının "köpək balıqlarını məəttəl qoyan” adamcıl, kannibalist "köpək adamları” da-milliyətindən, dinindən asılı olmayaraq haqqaniyyət duyğusundan məhrum nadanlardır...

***

Daha geniş və əhatəli tədqiqatı-ədəbi sənətlər (söz sənətləri); ritm; intonasiya; vurğu; heca yapısı; lirizm; pastoral şeir; epik və didaktik şeir; məcazlar sistemi; cinaslar; elliptizm; semantika; çağrışımlar; bənzətmələr (təşbeh); istiarə… yönündən incələnməyi haqq edən gözəl şairimizə-müasir Azərbaycan şeirinin ən yaddaqalan nümayəndələrindən biri olan Ramiz Qusarçaylıya can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

2016