adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Sentyabr 2019 10:55
22497
ƏDƏBİYYAT
A- A+

DONAN ÜMİDLƏR


Ümidsiz, ümidsiz və cansız idi hər şey.-
Yaşıl rəngli kədər
Ləngər vuran,
ağır gəmi kimi yerindən tərpənən ömür....
Yorulmuş fil gövdəsiydi, qüssənin çöküntüsü.....
Qırmızı sulardan qalmış qab
Rənglərdən gəlmiş xatirə idi,
Külək hər yerini örtmüşdü, bu sevincin....

Kədər boğazına dolamışdı əllərini, bu ömrün..
Çatlayıb getmişdi, bütün cəhdlər
sevgi dolu bağlamalarda
çürüyüb qalmışdı,
O əşyalar kimi
O əşyalar ki, artıq nə göndərəni
nə alanı qalmışdı....
Portağallar üstünə qara bir xətt çəkmişdi, gövdəm..

Mən öz torpaqlarımdan uzaqda yaşayırdım..
Mən öz ümidlərimdən,
Sevgilərimdən uzaq idim,
Uşaq olarkən itirdiyim əzilmiş gavalıdan
Qara ağac budaqlarından

Ruhumun sevilmiş qadın kimi oxşamaq istədiyi

o qapılardan uzaq idim....

Qara jaketlə ağ qar üstündə addımlayırdım....

Ömür belə keçəcəkdi........

Solan yapağımı

sevəcək günəş

tapmayacaqdım, heçvaxt....

SOLĞUNLUQ

Gecəboyu ağappaq ağaran əşyalara baxdım
qalxan pərdələrin fərəhsiz əsintisində

lazımsız qurğulara,

Küləyin ilan zərifliyində
Biraz da üşüyən cismlərə.....

Hamısının üstündə bir şən mahnının cəsədi var.

Hansısa ölmüş ətrin qəmginliyi var,

küləyin dünya üstündəki bu hiyləgər nəvazişində......

Uzaqlardasa islaq çayır
Uzaqlardasa şehli otlar,

Yorğun sümüklər....

Əl dəyməyən daşlar
çiynimin sol tərəfində
bomboz və kimsəsizdir

Üstlərinə düşən işıqlar da dərman deyil, onlara.....

Eləcə uzadıblar

bumbuz sifətlərini,

zülmətin toxunuşu üçün.....

Onlara baxdım, baxdım və səni düşündüm.
Elə bu cür soyuqluqla - ürəyi sızladan
zəhərli qorxu tək

məni unutmuşdun,

Bir damlanın dəmirdən süzülüb ayrılması kimi,

Və eləcə bu cür mən özüm də indi

unuduram özümü.....

Sanki bu gecə hopacağam, boz daşların ta dərinliyinə

Nöqtələrin üşüyərək, silinib itdiyi yerə

Və bir fəvvarə həzinliyində üzüləcəm, ölənədək...

Gəzəcəm, ağ daşlar üstündə qurumuş ümid kimi....

VİDA

Artıq bezgin və ümidsiz
rəngi qopmuş taxtalar kimi həyata küskün və həvvəsiz halda

davam etməkdir, tək yol.....

Yağışdan sonrakı
islanmış torpağın və don tutmuş sevgi ağrısının
ağarmış iztirabıdır, bu.....

Həm də

.....Gələn qatarın səsində duyduğun ümidin qırılması...

İndi o öz qəfil gəlişiylə ürəyinə batmaq üçün yaxınlaşan
qorxunc bir süngü kimidir.....

Çarəsizlikdir.....

adamların gümrahlığında və
yorğunluğunda
gözlərində gördüyüm gülüşdə
Hər şey çarəsizlikdir,

Baxıram -
Tanrının yaratdığı bərbad dünyanı dəyişə bilməyib,

dəli olaraq, sayıqlayan bir yığın canlıdır, hamısı....

Yaşamaq - sayıqlamaqdır......

Necə bütövləşdiyini,
hər gün necə sonsuzlaşdığını görməkdir, ümidsizliyin.....

Və sən artıq bu zülməti hər şeydən yaxşı görürsən......

Çox şey bilirsən, artıq duyduğun kəskin həyat dadının içindəki gerçəklər barədə......

Artıq bilirsən, xoş anlarda var olub, pis günləri pəncərə önündə
az - çay qaşıqları qədərində
xatırlamaq deyildir, yaşam

Üstünə heyva yarpaqları tökülmüş
hamar küçələr boyunca

Xoşbəxt gerçəklər barədə təsəvvürlər düzəltməkdir.....

Beləcə insan

- yaşamda
Qara nöqtələrlə birlikdə

bədbəxtlik kimi itib batır,

Qürubda itib yox olan boz ləkəyə çevrilir.....

Gözləri - dəhşət görsün deyə iki yerdən açılmış oyuq....

Zaman ötdükcə bunlar dərk edilir....


Ürək titrəmir bir daha eşqə yoluxduran ağacların

sıxlığı arasında.....

...........Yağışda islanmış torpağın və don tutmuş sevginin
iztirabıdır bu
ürəyimin alovu kül dolu su içində sönür
Bərbadlığı incə tellərlə

Bir birinə dəqiqliklə

bağlanmış həyat üstündə.....

Artıq ruhumun quyusunda

Bircə açıq rəng belə qalmayıb......