adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Sentyabr 2019 17:00
25180
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

Adətən söz adamı hər hansı bir səfərdən geri dönəndə gördüklərini, yaşadıqlarını, necə deyərlər, gözünə, könlünə yazdıqlarını oxucuları ilə, dostları ilə bölüşməkdə maraqlı olurlar. Bu, adi bir haldı. Doğrusu, böyük düha sahibləri, tanınmış imza daşıyıcıları bu işdə necə deyərlər, möhür vurublar. Bir xatırlatma etmək istəyirəm. Yəqin ki, dəyərli oxucular Radışevin "Peterburqdan Moskvaya səyahət”, Qəzənfər Paşayevin "Yeddi il Dəclə Fərad sahillərində”, Nəbi Xəzrinin "Getdim, gördüm, düşündüm”, Məmməd Aslanın "Ərzurumun gədiyinə varanda”, Novruz Nəcəfoğlunun "Sinqapur – böyük dünya şəhəri, iddialı ölkə”, Hüseynbala Mirələmovun Çin, Yaponiya, Avropa təəssüratları, İradə Tuncayın "Yol” romanı və digər əsərlərlə tanışdılar. Bax, bütün bunlar məhz həmin o gözün öz yaddaşına köçürdüyü, ürəyin öz səhifələrinə qeyd etdiyi anların ifadəsidi.

Bir az pafoslu səslənsə də mən özüm də bir neçə dəfə Naxçıvan və Türkiyə səfərlərimlə bağlı qeydlərimi oxucularıma təqdim etmişəm. Onların necə alınıb, necə qarşılandığını az-çox bilsəm də, ən çox içimdən gəlib keçən vaxtını o yazıları oxumağa sərf edənlərə minnətdarlıq hissidir. Elə bu gün də onlara üz tutmağım məhz həmin minnətdarlıqdan qaynaqlanır. Düşünürəm ki, imzamı izləyən oxucular bu dəfə də sözümün işığana üz tutacaq, bu dəfə də mənimlə birlikdə Bakı Beynəlxalq Avtovağzalından başladığım yolçuluqda məni tək buraxmayacaq. Çünki mən həmsöhbətim olanda yola "körpü” salındığını hiss edirəm. Yolun ağırlığı, uzaqlığı məni yormur, qorxutmur. Kəsəsi, yolun damarını üzən söhbətdi. Elə mən də sizinlə bu yolun söhbətini etmək istəyirəm...

***

Bəli, Bakı Beynəlxalq Avtovağzalından hər gün səhər saatlarında Bakıdan Türkiyəyə xeyli sayda müasir tipli avtobuslar çıxır. Ona görə müasir tipli deyirəm ki, tutumu da, rahatlığı da, yol boyu göstərilən xidmət də yolçuları qane edir. Təbii ki, nöqsanları da, çatışmazlıqları da var bu avtobusların, yəni xidmət göstərən şirkətlərin. Təbii ki,bu başqa mövzudur. Əsas odur ki, mən sizinlə birlikdə bu gün "Lüks Azərbaycan” avtobusu ilə Türkiyəyə gedirəm...

Sərnişinlər yerlərini tutan kimi sürücünün yardımçısı olan cavan bir oğlan gur səslə elan edir:

- Hamı eşitsin, bir azdan avtobusun internet xidməti işə başlayacaq, oturacaqların önündə yerləşdirilmiş ekrandan və yaxud mobil telefonunuzdan istifadə edə bilərsiniz. Sadəcə olaraq, youtuba girmək məsləhət deyil. Onda xidmət zəifləyəcək.

Hər səfərimdə eşitdiyim buna bənzər və eləcə də indi eşitdiyim elanı dinləyə-dinləyə ekranın düyməsini basıram. Birdən yadıma düşür ki, qulaqcıq yoxdu. Həmin cavan oğlanı əvvəllər sərnişinlərə istifadə üçün verilən qulaqcıqların indi olmadığı barədə sorğu-suala tuturam. O da təmkinlə bildirir ki, "artıq qulaqcıq məsələsi aradan qaldırılıb”. Tibbi baxımdan bu düzgün sayılmayıb. Ona görə də qulaqcığı hər kəs özü ilə götürməlidir!

Təbii ki, bizim sağlamlıqlarımızı düşündüklərinə görə təşəkkür edirəm. Amma ən azından bunun müştərilərə bilet satılan kassalardan elan edilməsinin vacibliyini də ona çatdırıram. Yoxsa az qala iki gündən artıq davam edən bu uzun yolu susmaqla, ya da səninlə yanaşı əyləşmiş sərnişinlə söhbətlə vaxtı "öldürməli” olacaqsan. Hələ yanındakının da necə həmsöhbət olması özü də bir sualdı.

Bu dəfə bəxtim gətirməmişdi. Yanımda yer almış cavan oğlan Yevlaxda avtobusa əyləşdi. Oturan kimi də "əti acılığını” büruzə verdi. Çünki hamının normal oturduğu oturacaqda dərhal özünü elə "yaydı” ki, arxadakı xanım dillənməli oldu:

- Ay oğul, indi yatmaq vaxtı deyil. Bəlkə söykənəcəyi bir az qaldırasan?

- Ay xanım, mən öz yerimdə necə istəyirəm, elə də otururam.

Heç bir ədəb qaydalarına sığmayan bu kobud etiraz nə xanımın, nə də digər sərnişinlərin, eləcə də mənim xoşuma gəlmədi. Hamını qınağını hiss edən həmin cavan oğlan üzünü pəncərədən bayıra çevirməklə qulacıqları işə saldı. Atalar yaxşı deyib ki, hər kəsin əməli gec-tez qarşısına çıxır. Onun bu sayğısızlığı dövlət sərhəddinə qədər davam etdi. Bir az önə gedib deyim ki, sərhəddi keçəndən sonra gürcü gömrükçüləri öz dövlətlərinin qanunlarını şərəfləndirdilər. Siqareti çəkib kötüyünü göz görəti yerə atan və gürcü polisinə qarşı sayğısızlıq göstərən bu cavan oğlanı dərhal geriyə, Azərbaycana qaytardılar. Mən bu halı ürəkağrısı ilə izləsəm də, ancaq qanunlarını sivil bir şəkildə, heç bir güzəşt etmədən tətbiq edən gürcünün əməlinə etiraz edə bilmədim. Həmin cavan oğlan bizimlə yolçuluğunu davam etdirə bilmədi. Elə ona etiraz etmiş xanım da yolda bir neçə dəfə ürəkağrısıyla cavan oğlanın geri qaytarılmasına təəssüfləndiyini ifadə etdi...

İndi mənim həmsöhbətim müalicəyə gedən gənc ailənin bir üzvü idi. Bu uşaqla söhbətləşmək maraqlı idi. Çünki 7-8 yaşlı bu qızcığaz mələk-şeytan idi. Hazırcavablığı, şirinliyi mənə nəvələrimi xatırladırdı. Nigar adlı uşağın səhhətindəki problem yol boyu məni düşündürdü. Və elə yolboyu da Allahımdan dua etdim ki, məmləkətimizdə müalicəsi alınmayan bu uşağa Allahım qardaş ölkədə şəfa versin...

***

Bakıdan yolçuluğa başlayanda özümə söz vermişdim ki, bir sərnişin olaraq gördüyüm heç nəyi diqqətimdən yayındırmayım. Çalışım ki, yaddaş kartıma daha çox maraqlı olan məqamlar iz salsın. Deyəsən, bu istəyimə nail ola bilirdim. Çünki budəfəki yol yoldaşların əksəriyyəti Türkiyədə təhsil alan və taxud da təhsil almağa gedən tələbələr idi. Gənclərlə yol-yoldaşı olmaq, onların səsli-küylü söhbətlərini dinləmək maraqlı idi. Çünki bundan öncəki səfərlərimdə daha çox alverə gedən "xanımların” şit hərəkətlərindən, duzsuz söhbətlərindən onsuz da iyrənmişdim. Məni qınamayın, bu cür sifətləri görəndə özümə də nifrət edirəm, həyata da, elə durumun özünə də!..

Kürdəmirdə 10-15 dəqiqə dayanıb yolçulara istirahət verən sürücülərimiz onu da elan etdilər ki, yol boyu təmizliyə diqqət yetirmək, həmçinin körpə uşaqlara nəzarət etmək vacibdir. Çünki bu avtobus artıq hamımızın bir növü "evidi”. Evin də qayğısına qalmaq hamımızın borcudu. O ki, qaldı yemək məsələlərinə, onun üçün Qazaxda vaxtımız olacaqdı...

Bəli, insafən maşını idarə edən sürücü çox məharətli idi. Ona görə də onun yola ayırdığı diqqət məni bir az razı salmışdı. Çünki iki dəfə kəndarası yolda magistrala çıxan avtomobillərin yaratdığı təhlükədən çox ustalıqla sovuşduq. Və anladım ki, "Lüks Azərbaycan” şirkətinin sahibləri sürücü seçməkdə məsuliyyətlidilər. Deməli, onlar həm öz imiclərini, həm də sərnişinləri düşünməyi bacarırlar. Bu da qazanclarının halal olmasına müştəri duasının davamlı olması deməkdi...

Bu da Qazax rayonu. Daha doğrusu, rayon mərkəzindən keçib dövlət sərhəddində gəlib çatdığımız yer. Avtobus yoldan xüsusi ayrılmış əraziyə çevrilib dayanır. Sürücünün yardımçısı öncədən etdiyi elanı təkrarlayır:

- Hamı avtobusun içərisindəki çantaları, əşyaları özü ilə götürsün. Onların itməsinə biz məsuliyyət daşımırıq. Avtobus yanacaq ehtiyatını götürdükdən sonra baqajlarınızı da ala biləcəksiniz. Gömrük xidmətini keçəndən sonra dövlət bayrağımızın altında dayanıb avtobusu gözləyərsiniz!

Hər kəs, yəni sərnişinlər edilmiş elana uyğun olaraq salondakı çantalarını, əşyalarını götürür. Mən də kiçik əl çantamı götürərək hamının üz tutduğu kafe-yeməkxanaya gedirəm. Çay sifariş verib avtobusun gəlişini gözləyirəm...

Burada özüm də hiss etmədən kökləndiyim duyğular misralara çevrilir. Və mən bu misraların təsiri altında elə təkcə bu yolçuluğu deyil, həm də ürəyimdə bir sızıltıya çevrilən həmin anı təkrar düşünürəm. O anı ki, Sən o anın həm içindəsən, həm də kənarında dayanıb müşahidə edirsən. Mən isə yazıram:

Vağzalda...

perronda

dayanmışam...

qayğılı,

tüstülənən siqaretimlə tək...

bunu yazmıram ki,

oxusunlar,

ya da

sən oxu –

fikir çək...

sadəcə,

istəyirəm

özümü möhkəm tutum

və qəhəri udum!

çünki

yola salan yoxdursa

qarşılayan da

olmayacaq demək...

görünür

elə bu səbəbdən də

ürəyim

tənhalığım üçün

hər an, hər gün

şumlanıb lək, lək...

son: -

sevgisizlik və fələk!..


(Ardı növbəti nömrəmizdə)