adalet.az header logo
  • Bakı 13°C
28 Sentyabr 2019 11:27
14637
GÜNDƏM
A- A+

Vurğun Əyyubun qohumundan qəzəbli status

"Son günlər mediada, sosial şəbəkədə kimlərsəVurğun Əyyubun"yazıq, möhtac, qısnanmış, çərləmiş” obrazını yartmağa nahaq əziyyət çəkməsin. Onun kiməsə maddi-mənəvi baxımdan ehtiyacı yox idi…”

Bu sözləri öz "Facebook” hesabında mərhum Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyubov yazıb.

O, mediada, sosial şəbəkələrdə mərhumun yanlış obrazının yaradılmasına etiraz edib: "Vurğun Əyyub Xəzər Universıtetının kafedra müdiri idi, daha öncə Türkiyədə dərs demişdi, kitablar redaktə edirdi, bəzi QHT-lərlə əməkdaşlıq qurmuşdu. Yetərincə normal qazanc sahibi idi. Xəstəliyi ilə bağlı gərəkli bütün prosedurlardan keçmişdi. Buna maddi imkanı vardı. Sadəcə Azərbaycan səhiyyəsi onun dərdini vaxtında aşkara çıxara bilməmişdi. Türkiyədə Hacettəpə xəstəxanasında uzmanlar diqanozu qoyanda isə xəstəliyinin çarəsiz olduğunu bildirmişdilər. Amma bununla belə yıxılmadı, inamla, ümidlə mücadilə apardı, dostların, yaxınların diqqət dolu çevrəsində bircə gün belə tək olduğunu hiss etmədi. Əksinə bəzən bu diqqət və sevgi seli onu yorurdu, ziyarətlərin azalmasını rica edirdi, bəzi dostlarla görüşü ertələyirdi”.

İsmayıl Əyyubov son günlər mediada hallandırılan bəzi siyasi nüanslara da aydınlıq gətirib: "…Daha bir müşahidəm bu ki, kimlərsə Müsavat Partiyasının keçmiş və indiki başqanları ilə Vurğun Əyyubun münasibətlərini yenidən gündəmə gətirməyə, "analiz etməyə” çalışır. Guya onun partiyadan çıxarılması xəstələnməsinə səbəb olub. Əsla!!! O adam illərlə əlində topu-tüfəngi olan sovetlərlə, rejimlə açıq-aşkar savaşıb, mücadilə verib. Onun davası müxalifətçilərlə, hərəkat yoldaşları ilə olmayıb. Onun hədəfi başqa idi, ölkənin müstəqilliyi, ərazi bütövlüyünün bərpası, daha sonra islahatlara nail olmaq, hakimiyyətin seçki yolu ilə dəyişdrilməsi idi. Vurğun Əyyubu partiya savaşlarına enəcək qədər xırdalamayın. Yaxını, doğması kimi sizlərdən ricam, tələbim budur”.

Xatırladaq ki, filologiya üzrə fəlsəfə doktoru, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk rəhbəri, Xəzər Universitetinin Dillər və Ədəbiyyatlar Departamentinin müdiri Vurğun Əyyub sentyabrın 24-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Hövsan qəbiristanlığında dəfn edilib.