adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Sentyabr 2019 16:37
18935
GÜNDƏM
A- A+

Onu bağışlamaq olarmı?

Müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçirib. Konfransda jurnalistlər də iştirak edib. Adalet.az xəbər verir ki, Türkel Süleymanlı məhkəmə prosesinin gedişatından narazılığını dilə gətirib:

"Fədayə Laçının apellyasiya məhkəmə prosesi artıq neçənci dəfədir ki, təxirə salınır. Biz bundan narazıyıq,ədalətli və mərhəmətli bir qərar gözləyirik. Mövqeyimizdən asılı olmayaraq belə düşünürük ki, məhkəmə tərəfindən Fədayə Laçına mümkün olan ən ağır cəza kəsilib, 5 illik həbs qərarı verilib. Bu isə o deməkdir ki, bir neçə dəfə həbs olunan qatı cinayətkarla Fədayə Laçın arasında heç bir fərq qoyulmayıb. Burada söhbət Fədayə Laçının bu hadisəyədək heç bir məhkumluğunun olmamasından, vətənpərvər və ictimai xadim olmasından deyil, onun qadın olmasından gedir. O, 5 illik həbs cəzası verilərkən Fədayə Laçının şəxsiyyətinin nəzərə alınmadı. Qanun deyir ki, cəza təyin edilərkən cinayətkarın şəxsiyyəti də nəzərə alınmalıdır. Artıq 14 ildir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvüyəm, amma ilk dəfədir ki, apellyasiya məhkəməsinin bu qədər uzandığının şahidiyəm.

Apellyasiya Məhkəməsi tərəfindən hansısa araşdırma aparılsaydı, əlavə ekspertiza təyin edilsəydi, o zaman bu gecikməni başa düşmək olardı. Amma Apellyasiya Məhkəməsinə müraciət etdiyimizdən bu günədək heç bir araşdırma aparılmadı, məhkəmə istintaqı keçirilmədi. Belə olanda adətən apellyasiya instansiyası 2-3 seansla bitir, ya cəza götürülür, ya da şəxsə bəraət verilir. Bu da olmadıqda cəza artırılır və iş bitir. Apellyasiya Məhkəməsində bir iş bağlandıqdan sonra isə artıq növbəti mərhələyə, yəni Ali Məhkəməyə doğru addımlamaq mümkün olur. Heydər Əliyev demişdi ki, dövlət iki şeydən sarsıla bilər, birincisi günahkar cəzasız qalanda, ikincisi günahsız həbs olunanda". 

Daha sonra isə Türkel Süleymanlı jurnalistlərin suallarını cavablandırıb.