adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

TüRK MiLLƏTi üçüN BÖYüK BiR AYIB

AQİL ABBAS
34472 | 2010-12-08 05:54
Millətimizin əvəzsiz şairi, XX əsr poeziyasının eşsiz şairi Nazim Hikmətin əlyazmalarından ibarət bir dəftəri açıq artırmaya (auksiona) çıxardıldı. Dahi şair bu dəftərə son şeirini 1940-cı ildə yazıb. Əlyazmalara 15 min dollar qiymət qoyuldu. Açıq artırmada hansısa bir müğənninin cır-cındırına da alıcı tapılsa da, şairin müqəddəs əlyazmasına alıcı tapılmadı. Milyonçular 15 min dollardan keçməyə ürək eləmədilər.
   
   Yeri gəlmişkən, Atatürkün gəmisinin bir gününü 50 min dollara icarəyə götürüb içərisində, Atatürkün yatdığı çarpayıda eyş-işrət keçirənlər bu yaxınlarda ifşa olunmuşdu və bu da Türkiyədə böyük qalmaqal yaratmışdı.
   
   Amma Nazim Hikmətin əlyazmalarına 15 min dollar verən tapılmadı. Utancverici bir olay.
   
   Nazim öz türkülərində türklərə günəşi içirtmək istəyirdi. Millətinə günəş içirtmək istəyən bir şairin millətinin içində 15 min dollarlıq dəyəri yoxuymuş?!
   
   Bu xəbəri türk televizyonlarında izləyəndə sarsıldım.
   
   Görəsən bizdə necə, Mirzə Cəlilin, Sabirin, Cavidin əlyazmalarını açıq artırmaya çıxarsaq alan tapılarmı?!
   
   Yadınızdadırsa, ötənlərdə Üzeyir Hacıbəyovun bir qohumu dahi bəstəkarın əlyazmalarını bir gürcüyə 85 min dollara satmaq istəyərkən MTN-in əməkdaşları tərəfindən yaxalanmışdı. Gürcülər Azərbaycan bəstəkarının əlyazmalarına 85 min dolları yüyürə-yüyürə gətirmişdilər.
   
   Görəsən, Üzeyir Hacıbəyovun həmin qohumu 85 min dollara yox, elə onca min dollara satsaydı bizimkilərdən alan tapılardımı?
   
   Bu sualın cavabını oxuculardan gözləyirəm. Görüm neçə nəfər o əlyazmaları almaq istəyərdi?
   
   Sonda. Nazim Hikmətin millətinə günəşi içirtmək istədiyi həmin türkünü bugünki nömrəmizdə dərc edirik. Özü də heç bir sözünə toxunmadan, yəni özünün yazdığı ağızda.

TƏQVİM / ARXİV