adalet.az header logo
  • Bakı 13°C
27 Sentyabr 2019 14:49
21558
SİYASƏT
A- A+

Əli Əhmədov: Cəmiyyət virtual müxalifətin yeni iflasının şahidi oldu

Cəmiyyət virtual müxalifətin yeni iflasının şahidi oldu. Bir neçə həftədir virtual olaraq təbliğ edilən, az qala virtual müxalifətin "siyasi təntənəsinin başlanğıcı” adlandırılan 28 sentyabr mitinqi mifi gözlənilən sonuna çatdı. Mitinqə virtual "dəstəyin” real təcəssümünün olmaması, sadə şəkildə desək, cəmiyyətdə mitinq ab-havasının və mitinqdə iştirak etmək həvəsinin və həvəskarlarının olmaması üzündən müxalifət mitinqdən imtina etmək məcburiyyətində qaldı.

Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, hər kəsə bir daha aydın oldu ki, müxalifətin yaratdığı virtual mitinq görüntüsünün cəmiyyətdəki real siyasi və ictimai proseslərlə heç bir əlaqəsi yoxdur: "Virtuallıq və virtual müxalifətçiliyə ağır zərbə dəydi. Bu onların sözün həqiqi mənasında iflası deməkdir.

Əslinə qalsa müxalifətin iflası Azərbaycanın siyasi reallığının yeni hadisəsi deyil. 26 ildir ənənəvi müxalifət iflas rejimində yaşayır və "fəaliyyət göstərir”. Səbəbi də çox sadədir. Hakimiyyətdə olduğu cəmi 13 ay ərzində törətdiyi əməllərə görə xalq tərəfindən devrilən partiyalar lazımi nəticələr çıxarmaq əvəzinə onları iflasa sürükləyən taktikalarını davam etdirməyə üstünlük verdilər və nəticədə sosial dayaqlarını bütünlüklə itirməli oldular, marginallaşdılar, cəmiyyətin mütləq əksəriyyətinin nəzərində yad ünsürlərə çevrildilər.

Artıq neçə illərdir ki, ənənəvi müxalifətin yeganə fərqləndirici xüsusiyyəti nəyin bahasına olur olsun hakimiyyətə gəlməkdir. Sübut etməyə ehtiyac yoxdur ki, "nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək” istəyi demokratik cəmiyyətlərdə adi norma sayılan siyasi azadlıqlar anlayışının bütünlüklə təhrif olunması, zədələnməsidir və onun demokratiya anlayışı ilə hər hansı əlaqəsindən söhbət gedə bilməz. Bu, xaos və anarxiyaya aparan başlıca yoldur ki, vaxtilə sınaqdan keçirilib, insanlar onun ağır fəsadlarını yaşayıb və bu səbəbdən də bir daha təkrar olunmasına qətiyyən imkan verməz. Xalqın mandatını qazanmağın yeganə vasitəsi yalnız və yalnız inamdan, etimaddan ibarətdir. Ənənəvi müxalifətin haqqında söhbət etdiyimiz siyasi resursu çoxdan tükənib və bu gün onun xalqla bağlılığını sübuta yetirən nəyisə tapmaq qeyri-mümkündür. Əhalinin müxalifətə illərdir davam edən etinasızlığı ilk növbədə məhz xalqla heç bir əlaqəsinin olmamasının nəticəsi kimi başa düşülməlidir”.

Baş Nazirin müavini vurğulayıb ki, sözügedən ənənəvi müxalifət xeyli zamandır əsas etibarilə virtual aləmdə mövcuddur:

"Əslində bunun özü də həmin müxalifətin iflasının nəticəsi və təzahür forması sayıla bilər. Ənənəvi müxalifətin virtuallığı təkcə real həyatdan ayrılmağında deyil, həm də manipulyasiyalarla özünü cəmiyyətə real güc kimi təqdim etməyə çalışmasında təzahür edir. Bu qəbildən olan çabalamalara bəlkə də fikir verməyə dəyməz. Əgər kimsə özünü virtual aləmdə, trolların ətrafında güc sahibi sanıb təsəlli tapırsa, qoy tapsın. Vaxtilə ölkədə keçirilən prezident seçkilərindən sonra məğlub müxalifət nümayəndəsinin təxminən bir il özünü "prezident” adlandırması kimi tragikomik hadisə yaddaşlardan silinməyib. İndi isə yeni bir tragikomik hadisə müşahidə olunmaqdadır: məlum virtual müxalifət anonim tərəfdarlarının manipulyasiyaları sayəsində özünə "ana müxalifət” adı qoyub. Cəmiyyət bütün bunlara öldürücü sükutla cavab verir. Lakin görünür, virtual müxalifət öz uydurduğu yalana özü inanmağa başlayıb. Belə olmasaydı bir neçə gün əvvəl virtual aləmdə sentyabr ayının 28-də keçirmək istədikləri mitinqdə insanların iştirakı ilə bağlı sorğu aparmaq niyyətinə düşməzdilər. Hesab edirəm ki, virtual müxalifətin bu addımı onlardan ötrü soyuq duş effekti yaratdı: sorğuda iştirak edənlərin təxminən 90 faizi mitinq çağırışına "yox” dedi və virtual müxalifət daha acınacaqlı mənzərəni görməmək üçün sorğuları dayandırmalı oldu. Buna iflasdan başqa ad vermək mümkün deyil. Lakin bizi maraqlandıran təkcə insanların əksəriyyətinin həmin sorğulara mənfi reaksiyası deyil, zira nəticənin belə olacağına əsla şübhəmiz yox idi. Bizim üçün sorğunun digər vacib nəticəsi müxalifətin virtuallığının daha bir əyani sübutu olmasındadır. Bir daha isbat olundu ki, ənənəvi müxalifətin əhali arasında dayaqları tamamilə sıfır həddindədir və onlar öz mövcudluğunu göstərmək üçün virtual görüntü yaratmaqdan savayı çarə tapa bilmirlər. Virtual şəkildə isə mitinq keçirmək mümkün olmadığından, bu cür cəhdlər iflasa gətirib çıxarır.

Virtuallıq müxalifətin əsl mahiyyətini ört-basdır etmək üsuludur. Virtual olaraq özlərini nə qədər demokrat, insan haqları fədaisi göstərməyə çalışsalar da real həyatdakı qəddar, əzazil sifətləri gec-tez üzə çıxır. Virtual "demokratların” ailə üzvlərinə qarşı illərlə siyasi məqsədlərlə gizlədilən qəddarlığı bir neçə gündür bəzi dairələrdə geniş müzakirə və ikrah obyektinə çevrilib. Bu hadisə virtual müxalifətin iflasının və ifşasının daha bir sübutu olmaqla yanaşı həm də riyakar mahiyyətinin qabarıq göstəricisidir.

Azərbaycan xalqı reallığı düzgün qiymətləndirməyi bacarır. İnkişaf, sabitlik, təhlükəsizlik həyatımızın başlıca reallığı, fundamental dəyərləridir. Bu dəyərlərə qarşı çıxanlar, ölkədə sabitliyi pozmağa cəhd göstərənlər həmişə olduğu kimi yenə də xalqın ən ağır qınağına tuş gəlirlər. İnsanlar rahat həyatını, inkişafı, əmin-amanlığı kimlərinsə boş vədlərinə qurban vermək niyyətində deyil. Prezident İlham Əliyevə, onun siyasətinə inam və etimad kifayət qədər yüksəkdir. Bu inam illərin təcrübəsinə söykənir və onu zəiflətmək heç kimə müyəssər olmayacaq.

İnsanlar görür və inanır ki, bu günümüz nə qədər gözəldirsə, sabahımız daha gözəl olacaq”.