adalet.az header logo
  • Bakı 13°C
27 Sentyabr 2019 12:13
27483
ƏDƏBİYYAT
A- A+

Əli Əhmədov: Gənc nəsildə kitaba məhəbbətin artırılmasına xüsusi diqqət verilməlidir

Bu gün Azərbaycan sözün həqiqi mənasında böyük intellektual sərvəti olan ölkədir.

Bunu Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində deyib.

Əli Əhmədovun sözlərinə görə, Azərbaycan bu gününü və gələcəyini bu sərvətdən ayrı təsvir etmir: "İnsan kapitalının inkişafını kitabsız təsəvvür etmək mümkün deyil. Kitab yarmarkasının keçirilməsi hər şeydən əvvəl Azərbaycanda kitabın təbliğatı üçün həyata keçirilən əzəmətli təşəbbüsdür. Kitab bilik, mədəniyyət, eyni zamanda, insanın, cəmiyyətin inkişafı deməkdir. Bütövlükdə cəmiyyətin mədəni, intellektual, iqtisadi inkişafı öz başlanğıcını, eyni zamanda kitabdan, biliklərdən götürür. Kitaba məhəbbət bu mənada cəmiyyətin, insanların biliklərə, elmlərə həvəsinin artırılması ilə əlaqədardır. Azərbaycan qədimdən elmə, biliyə həvəsi olan ölkə olub. Bu həvəsin yaradılmasında kitab misilsiz rol oynayıb”.

Baş Nazirin müavini əlavə edib ki, Azərbaycanda kitaba hər zaman məhəbbət olub və bu, çox sevindirici haldır. Gənc nəsildə kitaba məhəbbətin artırılmasına xüsusi diqqət verilməlidir.

Ə.Əhmədov hesab edir ki, bununla gənclər həm zəngin biliklər əldə edəcək, həm onların intellektual, mədəni səviyyələri yüksələcək, dünyagörüşləri artacaq, həm də Azərbaycana xidmət edə biləcək layiqli vətəndaşa çevriləcəklər: "Hesab edirəm ki, gənclərin kitaba məhəbbətini daha da gücləndirməklə cəmiyyətimizi daim irəli apara biləcəyik. Mədəniyyət Nazirliyi də Azərbaycanda kitabın təbliğ olunması üçün yaxşı layihələr həyata keçirir".