adalet.az header logo
  • Bakı 11°C
26 Sentyabr 2019 17:24
51020
MƏDƏNİYYƏT
A- A+

Nazir: UNESKO-nun komitə sessiyasının Bakıda keçirilməsini istəməyənlər var idi

Bu gün Bakıda UNECKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu ilin noyabrında Azərbaycan iyulun 1-dən 10-dək Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunları ilə bağlı hesabatı UNESKO-nun Baş Assambleyasına təqdim edəcək.

Ə.Qarayev Təşkilat Komitəsi adından Prezident İlham Əliyevə təşəkkür edib: "Prezident Təşkilat Komitəsinin üzvlərini və tədbirdə fəallıq göstərmiş şəxsləri mükafatlandırıb. Bu sessiyanın Azərbaycan üçün əhəmiyyəti odur ki, Azərbaycanın Şəki şəhəri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Əgər Birinci vitse-prezident Mehriban Əliyeva şəxsən bu işin gedişatına rəhbərlik etməsəydi, son nəticədə Ümumdünya İrs Komitəsinə Azərbaycanın layiqli faylı təqdim edilməsəydi, bu layihənin gerçəkləşməsi mümkün olmayacaqdı. Hesab edirəm ki, bu, Azərbaycan xalqının ümumi qələbəsi kimi qəbul edilməlidir. Lakin biz həmişə dərk etməliyik ki, bu qələbənin arxasında böyük bir əmək, böyük bir əzmkarlıq, siyasi müdriklik dayanır. Bu, Azərbaycanın qələbəsi ilə yanaşı, həm də onun məsuliyyəti deməkdir”.

Nazirin sözlərinə görə, sərhədimizdən kənarda bu komitənin Bakıda keçirilməsini istəməyən qüvvələr var idi: "Ermənistan bütün gücü ilə buna əngəl olmağa çalışırdı. Amma biz buna mane olduq və onun Bakıda keçirilməsinə nail olduq. Ədalət zəfər çaldı, tədbir Azərbaycanda yüksək səviyyədə keçirildi. Reallıq odur ki, bu gün "Youtube"da ən çox baxılan videolardan biri sessiyanın açılışında təşkil edilən konsertdir. Azərbaycan müxtəlif televiziya verilişlərində çox müasir, mədəni, tarixi olan ölkə kimi tanıdıldı. Bu da tədbirin əhəmiyyətli tərəflərindən biri idi".

Ə.Qarayev deyib ki, Azərbaycan UNESCO-nun Dünya İrs Siyahısına daxil olan abidələrinə çox həssaslıqla yanaşır: "Bu sessiyaya qədər İçərişəhər, Qobustan və Qız qalası Ümumdünya İrs Siyahısına daxil idi. Sessiyaya gələn qonaqlar da İçərişəhərə necə məsuliyyətlə yanaşdığımızı gördülər. Bu tədbirdə Şəkinin Dünya İrs siyahısına daxil edilməsinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti bir sıra şəxslərin təltif edilməsi haqqında sərəncam verdi".

Tədbirdə Prezident İlham Əliyevin sərəncamı ilə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar təltif edilmiş şəxslərə mükafatlar təqdim edilib.