adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

AVROPANIN DAğIDA BiLMƏDiYi TüRKiYƏNi ÖZ TELEKANALLARIDAğIDACAQ

AQİL ABBAS
34709 | 2010-12-07 05:45
Hər gün səhər-səhər bizim evdə davadı. Səhər tezdən qalxıram, saat 8-də televizoru açıb otururam önündə. Türkiyənin televiziya kanallarındakı bütün xəbərləri izləyirəm. Təxminən 7 aparıcı kanalda. Deyirəm görüm qardaş ölkədə və dünyada nə var, nə yox.
   
   Bəs dava nədi? Davanı xanımım salır. Az qala mənə səhər-səhər Türkiyənin xəbər proqramlarına baxmağa qadağa qoymaq istəyir. Deyir ki, bu xəbərləri izləyəndən sonra adam havalanar. Təbii ki, xanımım mənim havalanmağımı istəmir, onsuz da heç özümün də havam az deyil.
   
   İndi gəlin görək dünən Türkiyənin aparıcı telekanallarında təxminən iki-üç saat ərzində hansı xəbərlər nümayiş etdirilib. Özü də bilirsiniz də onlar xəbərləri həmin vaxt ərzində 4-5 dəfə təkrar verirlər. Yəni sıxsan yarım saatlıq bir xəbərlər proqramı alınar.
   
   Keçək dünənki xəbərlərə. Qısa xülasəsi, yəni bu xəbərlərin hamısı 5 dəqiqə, bəzən 10 dəqiqə çəkir.
   
   
   
   İstanbulda quldurluq. Şəhərin ayrı-ayrı məhəllələrində bir gündə neçə nəfərin evini aparıblar, küçədə soyublar...
   
   
   
   Polislərin qız öyrənciləri zopalarla döyməsi. 5 dəqiqə.
   
   
   
   Avtomobil hırsızlarının yaxalanmasıg
   
   
   
   Tarixi Heydərpaşa binasının yanması və bu yanğına etiraz edən nümayişlər... Hər səhər təxminən 5 dəqiqə, bəzən də 8 dəqiqə.
   
   
   
   "Beşiktaş" və "Bursaspor" futbol klublarının minlərlə fanatının savaşı. Polisin bu savaşı durdurmağa gücü çatmır. Dəyənəklər, bibər qazı, bu onu bıçaqlayır, o bunu bıçaqlayır. Bu vəhşiliyi düz 15 dəqiqə nümayiş etdirirlər.
   
   
   
   Qars polis komissarını güllələyib. 5 dəqiqə.
   
   
   
   Əxlaq polisi bir fahişəxananı basdı, 11 qadın, 23 kişi yaxalandı.
   
   
   
   İstanbulda və ölkənin digər yerindəki yanğınlar. Bu yanğında ölənlər. 10 dəqiqə.
   
   
   
   Bir gecəqonduya əl bombası atıldı, özü də 4-cü dəfə. 5 dəqiqə.
   
   
   
   İstanbulun dörd yerində öyrəncilər mitinq keçirirlər və polis onları döyür. 5 dəqiqə.
   
   Küçədə bir uşaq oyuncağı tapılıb, onu bomba zənn ediblər. Bombauzman ekipləri gəlirlər, bombanı zərərsizləşdirirlər. 8 dəqiqə və məlum olur ki, bu elə uşaq oyuncağı imiş, kiminsə əlindən küçəyə düşüb.
   
   
   
   PKK yanlısı Diyarbəkir bələdiyyə başkanı Osman Baydəmirin Türkiyəyə, iqtidara söyüşləri. 8 dəqiqə.
   
   
   
   BDP-nin eşbaşkanı (yəni PKK-nın siyasi qolu) adını unutduğum qadının Türkiyəni və türkləri təhqir edən çıxışı. 7 dəqiqə.
   
   
   
   Yeri gəlmişkən, görəsən Çeçenistanda Rusiyanı söyən, Rusiyaya etiraz edən bir çeçen yoxmu? Bəs niyə Rusiya kanalları bunu saatlarla efirdə fırlamırlar? Çünki Rusiya kanalları rus xalqına xidmət edir, Rusiyanı dağıtmaq istəyən xarici ölkələrə yox.
   
   PKK-nın şəhid etdiyi bir subayla bağlı xəbər. Məşhur "Nəfəs" filmində deyildiyi kimi 45 saniyə.
   
   
   
   Sayın Ərdoğanla sayın Kılıçdaroğlunun "Wikileaks"lə bağlı dueli. Yaxşı ki, hələ əl davasına çıxmayıblar söyüşürlər. 6 dəqiqə.
   
   
   
   Adamın Allahı olar, bir gözəl xəbər də verdilər.
   
   4 il bundan əvvəl, 4 aylığında Berlin zooparkında anası ölmüş qütb ayısının indiki xoşbəxt günləri... 1 dəqiqə.
   
   Hə yadımdan çıxmışdı. Bir maraqlı xəbər də Türkiyədən verdilər. Bir nəfər arabadan enib yol qırağında pəşov eləmək istəyən zaman 80 metirlik bir uçuruma düşüb. 45-ci metrədə bir ağaca ilişib qalıb. Sonra onu xilas ediblər. 4 dəqiqə.
   
   
   
   Yəni qardaş Türkiyədə bir sevindirici hadisə yoxdumu, bir gözəl hadisə baş verməyibmi? Bir insan sevindirən olay tapa bilməyiblərmi? Yox, əgər doğrudan Türkiyə bu gündədirsə niyə bütün dünya istirahət eləmək üçün Türkiyəyə gəlir?
   
   Bu yazını niyə yazdım? Ona görə ki, artıq bizim televiziya kanalları da belə xəbərlərin üstə köklənməyə başlayıb.

TƏQVİM / ARXİV