adalet.az header logo
  • Bakı 19°C
25 Sentyabr 2019 15:12
11364
MƏMLƏKƏT
A- A+

SƏXAVƏT MƏMMƏD:Çadırda yaşayanlar

Çadırda yaşayırdıq. Təbii ki, yas da olurdu, toy da. Ən böyük problemlərdən biri də xeyir-şər mağarının olmaması idi. Digər problemləri saymayım. Təsəvvür edin, əgər birinin qapısına yas düşüb, toy olanda qonşulardan kiminsə və ya boş olan çadır sökülürdü, ondan xeyir-şər mağarı kimi istifadə edilirdi. İndiki kimi kirayə çadırlar yox idi. O qədər olub ki, birinin yası düşür, yaşadığı çadırı mağar edir, axşam yenidən tikib, orada qalırdı. Toylar da onun kimi. Bunun yağışın, qarın düşünün. Çadırın ərazisi də elə idi ki, qışda bir ayaqqabı maksimum 1 ay gedirdi. Palçığı çürümüş saqqız kimi yapışırdı.

İçi bizim çadır qarışıq çoxlarının çadırı xeyir-şər mağarı rolunu oynamışdı.

İl yadımda deyil. Onu bilirəm 90-cı illər idi. Parlament seçkiləri ərəfəsiydi. Aqil Abbas namizədliyini vermişdi. Çadır camaatı ilə görüşə gəlmişdi. Camaatı yığdı, dedi, nə kömək edə bilərəm? Ancaq elə şey deyin, bacardığım olsun. Hüququ, qanun layhəsini, nə bilim müzakirələri boş verin. Çünki bizim kimi ölkələrdə insanlar arxasında əllə tuta biləcəkləri, gözlə görə biləcəkləri şeylərə dəyər verirlər. Orada da elə oldu. Camaat dedi ki, bəs bu qədər əhali yaşayır çadırda xeyir-şər mağarımız yoxdur. Bir müddət sonra çadırda xeyir-şər mağarı hazır edildi, bundan əlavə qazanlar, qazan altlığı və digər şeylər. Bunun nə olduğunu onları yaşamayanlar bilməz. Sanki çadır camaatına saray hədiyyə edilmişdi.

İl olub 2019, rayona gedəndə o mağarın yenə qurulduğunu gördüm. Düzdür, imkanı olanlar artıq toyu restoranda edir, biraz imkanı olanlar kirayə çadırır gətirdir, ancaq imkanı olmayanlar hələ də o mağardan istifadə edir.

Durub, durarkən haradan yadıma düşdü? Bu gün çadır uşaqlarından biri ilə danışırdıq. (Bəli çadır uşaqları, hələ də bir-birimizi elə çağırırıq - çadır uşaqları) Həmin mağarı sökəndə ayağımın dəmirə ilişib, başı aşağı sallana qalmağım yadına düşüb, onu deyib gülürdük.

P.S Aqil Abbas da deyir, dədəmin goruna söyürlər. Hətta sayın da açıqlamışdı. Biri Aqil Abbasa desin ki, o boyda çadır dədəsinin goruna hər gün rəhmət oxuyurdu.