Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”
"Əslində Musaya bu yaşda Xalq şairi fəxri adı vermək onu ələ
salmaqdı mənim aləmimdə. Bu adları ölkə başçısına təqdim edənlər indiyə
kimi hardaydı? Musa Yaqub bu adı 45-50 yaşında almalıydı"
Adalet.az Moderator.az-a istinadən yazıçı Seyran Səxavətlə müsahibəni təqdim edir.
- Bu il 73 yaşınız tamam oldu. Bəs həyatınızda hansı dəyişikliklər baş verdi?
- 73 yaşım oldu? Vallah heç xəbərim yoxdu. Mübarək olsun. Dəyişiklik o oldu ki, yeni yaşım tamam oldu.
- Deyirsiniz ki, Qarabağla bağlı əsər yazmağın yox, artıq döyüşməyin vaxtıdı. Bu cür əsərləri qəbul etmirsiniz?
-
Demirəm qəbul etmirəm. Artıq Qarabağ haqqında əsər yazmağın vaxtı
deyil, hücum edib torpaqları işğaldan azad etmək lazımdır. Azərbaycan
Yazıçılar Birliyinin iki min üzvü var. Məsələn, elə mənim özümün
fantaziyam da, istedadım da var. Bir obraz yaradaram ki, qıra-qıra
Yerevana gedib çıxaram. Mənə kitabda, şeirdə, romanda, poemada alınan
Qarabağ lazım deyil, real həyatda alınan Qarabağ lazımdır. Romanda
alınan Qarabağa gedə bilərəmmi? Qarabağ haqqında ən yaxşı əsəri isə
bizim Ali Baş Komandan yazmalıdır, Müdafiə Nazirliyi ilə xalqla
birlikdə. Ona görə də "Qarabağ şikəstəsi” oxunanda mən özümü pis hiss
edirəm. Axırıncı dəfə Şuşaya Sergey Suşa adlı bir rus şairini qonaq
aparmışdım.
- Bəs torpaqların işğalından artıq 27 il keçir və siz bu haqda nə fikirləşirsiniz?
-
Artıq bunu yuvarlaqlaşdıraq, otuz il keçir. 30 il danışıq aparmaq olar?
ATƏT-in Minsk qrupu gəlib Xarici İşlər Nazirliyinin qarşısında
gülə-gülə maşından düşəndə elə bir nənəmin "oynaşların” görürəm. Bununla
bağlı şeirim də var.
"Mənə elə gəlir ki,
onların muştuluğu
təkəmseyrək sevinci
gen şərin də.
Yenə gülə-gülə
düşdülər maşından
Xarici işlər Nazirliyinin
qənşərində...”
Yəni dünya və bizim ölkəmiz başda olmaq şərtilə Qarabağ məsələsinə son dərəcə biganə yanaşır və ona görə də məsələ uzanır.
- Yəni biz sabah o torpaqda 27 yaşı tamam olan erməniyə deyə bilərikmi ki, bura bizimdi, çıx torpağımızdan?
-
Əlbəttə, bu da və 27 il Şuşadan qaçqın düşən adama da çətin olacaq bu
sözləri demək. Bu gün məcburi köçkünlərimizə ev veriləndə təşəkkür edib
deyirlər ki, bizə torpağımızı verin, biz öz evimizə getmək istəyirik.
Xalq öz torpağını istəyir. Qarabağı olan adam heç vaxt Bakı deyilən neft
qoxulu yerdə qalmaz. Bakılı dostlarım məni bağışlayaralar.
- Bu gün məktəblərimizdə ziyalılarımızla görüşlər keçirilmir. Sizcə buna səbəb nədir?
-
Bəli, keçirilmir, çünki lazım deyil. Sovet vaxtında çox gözəl ənənə var
idi, ali və orta məktəblərdə yazıçılarla möhtəşəm görüşlər olurdu. O
cür görüşlər indiki azad cəmiyyətin heç babasının da yuxusuna girməz.
İndi bunu etmirlərsə, məncə qəsdən etmirlər. İstənilən yetkiliylə
bununla bağlı debata çıxıb deyə bilərəm ki, niyə buna imkan
vermirsiniz?
Ordunun özündə də yazıçılarla
görüşlər təşkil olunmalıdır. Bir dəfə özüm gedib çıxmışdım əsgərlərin
yanına. Orda əsgərlərlə görüşüb bir-bir adlarını soruşdum. Azərbaycanın
hər bir bölgəsindən orda uşaqlar var idi. Telefon nömrəmi də verdim.
Olara sevgi şeirləri də oxudum. Dedim ki, məni toyuna çağırmayan kişi
deyil, gəlməyən də ikiqat kişi deyil.
-
Sizinlə keçirilən bir görüşdə dediniz ki, mənə Xalq şairi fəxri adı
verilməsi artıq gecdir və vaxtında verilsəydi, pul müfakatıyla gözəl
xanımları yeyib-içməyə dəvət edərdim. Sizin üçün kişilərlə yeyib-içmək
artıq bu qədərmi maraqsızdı?
- Bu da bizim
həyatımızın bir parçasıdır. Hərdən dostlarla yeyib-içməyə gedirik.
Həmişə yeyib-içəndə hamı bir-birini tərifləyir. Onlara dedim ki,
yığışdırın da bu tərifi, bizim gözəl, savadlı xanımlarımız var, qoy
onlar da gəlsin bizim məclisimizə rəng qatsın.
"Buna görə də mükafatın verilməsinə imkan vermədim...”
Qaldı
ki, açığını deyim ki, bundan sonra fəxri ad mənə lazım deyil və belə də
başa düşülə bilər ki, "pişiyin ağzı ətə çatmayanda, deyər murdardı”.
Amma mən heç belə də demirəm. Mənə bu adı 45-50 yaşında verəydilər.
1988-ci ildə 42 yaşım var idi, Sahib Ələkbərov onda Azərbaycan komsomol
mərkəzi komitəsinin birinci katibi idi. Onda eşitdim ki, bunlar mənə
"Lenin komsomolu” mükafatı vermək istəyirlər. Gedib S.Ələkbərovla
görüşüb dedim ki, çox sağ olun, amma 42 yaşında komsomol olmaz, bunu
cavanlara verin. Buna görə də mükafatın verilməsinə imkan vermədim.
Allah
bu ad verənlərin ətin töksün. Musa Yaqubun bir ayağı yox e, iki ayağı
gordadı, əzizimdi, canımdı, 6 dəfə gedib ona baş çəkmişəm və bir yerdə
də şəkil paylaşmamışam ki, Musaya dəyməyə getmişdim. Musa Yaquba indi
necə başa salaq ki, sənə Xalq şairi fəxri adı veriblər. Onun 83 yaşı
var. Bu adları ölkə başçısına təqdim edənlər indiyə kimi hardaydı? Musa
Yaqub bu adı 45-50 yaşında almalıydı. Son zamanlar siyasətlə bağlı ikili
standart deyilən bir termin var və bu ədəbiyyata da, mədəniyyətə də yol
tapıb. İyirmi beş yaşında uşağa Xalq artisti fəxri adı verirlər və
başqa birisi Xalq artistidi, amma heç bilmir ki, Azərbaycanın dövləti
himninin sözlərinin və musiqisinin müəllifi kimdir. Azərbaycanda bizim
hörmətli mədəniyyət nazirimizin dediyinə görə 1300 nəfərə qədər Əməkdar
və Xalq artisti var. Bəs bu adları yazıçlara verəndə niyə can çəkirlər.
Əslində Musaya bu yaşda Xalq şairi fəxri adı vermək onu ələ salmaqdı
mənim aləmimdə. Bir dəfə Ramiz Rövşənlə Vaqif Bayatlı AYB-də söhbət
edəndə mən də gəldim. R.Rövşən dedi ki, tanış olun. Dedim ki, Vaqifi
tanıyıram. Ramiz dedi ki, Vaqif məndən güclü şairdi.
-
Azərbycanın ən möhtəşəm futbol azarkeşlərindən birisiniz. "Barselona”
ya azarkeşlik edirsiniz və hesab edirsiniz ki, Messi sizin oğlunuzdu...
-
Bəli. Elə bilirəm ki, Messi mənim belimdən gəlib. Görün o, nə qədər
mədəniyyətlidi, o, dünyanın bütün prezidentlərindən daha məşhur və
sevimlidi. Çox zəhmətkeş uşaqdı, uşaqlıqda xəstə olub.
- Bəs bizdə niyə futbolçularımız bir-birinə pas verməyi xoşlamırlar?
-
Biz ümumiyyətlə, nə futbolda, nə həyatda, nə də sənətdə bir-birimizə
pas verməyi xoşlamırıq. Millət olaraq kollektiv oyunlar bizdə alınmır,
fərdilik daha möhtəşəm olur.
- "Qarabağ”ın oyununa baxırsınız?
-
Əvvəllər baxırdım və indi baxmıram. Çünki Q.Qurbanov da bu komandada
çox ləngidi. "Barselona” kimi nəhəng bir komandanın məşqçisi komandadan
getdi. Q.Qurbanov isə uzun illərdi bir komandadır. Əslində heç Qurbanı
əvəz edəcək adam da yoxdu. Buna görə də düşünürəm ki, Azərbaycanda heç
vaxt futbol olmayacaq. Mənim yadımdadı "Neftçi” komandası Yaponiyanın
yığma komandasına Bakıda 10:0 qalib gəldi. İndi bizə futbola elə adam
başçılıq edir ki, heç özü də bilmir futbol nədir. Ümumiyyətlə, futbolun
inkişafı üçün pul lazımdı və bu da var. Amma baxır o pulu kim, hara,
necə xərcləyir. Bu gün o pulu azərbaycansayağı xərcləyirlər və nəticədə
göz qabağındadır.
- Deyirsiniz ki, yaxşı muğam ifaçısı olmusunuz. Bəs səsinizə nə oldu ki, belə vəziyyətə düşdünüz?
-
Mən qəfildən ciddi xəstələndim. Sonra Allah elədi ki, sağaldım. Özümün
muğamla bağlı xeyli zapislərim var. Öz altmış illiyimdə də muğam ifa
etmişəm. Bizim tayfa Muradxanlı tayfasıdır. Muradxanlı böyük tayfadır,
orda hamının səsi var. Onlardan təkcə Əvəz Muradov (Bahar Muradovanın
atası) xanəndə oldu.
- Bəs bu gün hansı musiqiləri dinləyirsiniz?
-
Bu gün ancaq muğam dinləyirəm, Xəyyam Mirzəzadənin "Gəzinti” əsəri var
onu çox sevirəm. F.Əmirovun, Q.Qarayevin simfoniyasına qulaq asıram. O,
simfoniyalarda aşıq elementlərindən də istifadə olunub.
- Gənc yazarlardan kimləri oxuyursunuz?
-
Hamısını oxuyuram. Çox vaxt onları müdafiə etmişəm. Mənə kitablar da
bağışlayırlar. Xoşuma gələnləri oxuyuram, gəlməyənləri yox. İndi bizim
çoxlu istedadlı xanım yazarlarımız var.
Vasif Əlihüseyn
Digər Xəbərlər
18 Aprel 2024 13:02
Əməkdar artist: “Elə insanlar var ki, həqiqətən öz yerlərində deyillər” - MÜSAHİBƏ
18 Aprel 2024 10:11“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev
16 Aprel 2024 11:55Kardioloq: Bu şəxslər daha diqqətli olmalıdır - MÜSAHİBƏ
15 Aprel 2024 10:54AKTYOR: “Teatr qazanc mənbəyi deyil” - MÜSAHİBƏ
11 Aprel 2024 14:34