adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Sentyabr 2019 11:47
16343
SİYASƏT
A- A+

Tahir Rzayev: “Azərbaycan yüksəlməkdə, Ermənistan enməkdə, çökməkdədir…”

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ səfərinin uğursuzluqla nəticələnməsi, ümumilikdə işğalçı ölkənin siyasi-diplomatik iflası onun artıq dünya dövlətləri tərəfindən ciddi ölkə kimi qəbul olunması ilə əlaqədardır. Ermənistan hər zaman hər kəsin gözündə, nəzərində müstəqil dövlət deyil, vassal, forpost kimi görünüb, qəbul edilib. Son səfər də bir daha bunu açıq şəkildə, çılpaqlığı ilə ortaya qoymuş oldu.

Bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili deyib ki, Paşinyan, ümumiyyətlə, beynəlxalq hüquq normalarına zidd çıxışları, sərsəm bəyanatları, dövlət rəhbərinə yaraşmayan hərəkətləri ilə həm öz vəziyyətini, həm də yarımmüstəqil dövlətinin durumunu gündən-günə çətinləşdirir, təhlükə qarşısında qoyur.

Onun sözlərinə görə, həmçinin, ölkədaxili qarşıdurmalar, əhalinin xaricə köç etməsi, iqtisadiyyatın çökməsi, xarici dövlətlərlə əlaqələrin zəifləməsi Ermənistandakı böhranı daha da dərinləşdirib:

"Ən başlıcası isə erməni xalqı artıq öz rəhbərinin populist çıxışlarına, əhəmiyyətsiz siyasi gedişlərinə, gələcəyi görünməyən vədlərinə inanmır. Paşinyan öz səhvlərini komandasına daxil olan vəzifəli şəxsləri işdən azad etməklə, Qarabağa səfərləri, şit rəqsləri, millətçi ifadələrlə sığortalamağa, ört-basdır etməyə, pərdələməyə çalışsa da real hadisələr, insanların münasibəti baxımından onun vəziyyətini ağırlaşdırıb.

Ermənistanda vəziyyəti kəskinləşdirən, qarşıdurmalar yaradan bir baş nazirin Qarabağ seporatçılarına lazımi dəstək verməsi və bununla da qondarma "DQR”-də hadisələri nəzarəti altına alması da real görünmür. Hər gün, hər saat onun özünün əleyhinə işləyir, onunla "Qarabağ klanı” arasında uçurumu daha da dərinləşdirir, siyasi savaşı daha da şiddətləndirir. Nə Ermənistan əhalisi, nə Qarabağ erməniləri, nə separatçılar, nə "Qarabağ klanı” ona inanır, etibar, etimad edir. Çünki verdiyi vədin, dediyi sözün heç birini yerinə yetirməyib, heç birini tuta bilməyib…”.

Millət vəkili eyni zamanda bildirib ki, Paşinyan "Qarabağ klan”ından, Koçaryan və Sarkisyan qruplaşmasından yaxa qurtarmağa çalışdığı bir dövrdə artıq Yeravanda ona qarşı müəyyən siyasi və hərbi-kriminal dairələr baş qaldırmaqdadır.

"Belə bir vəziyyətdə o ilk və sabiq prezident Levon Ter-Petrosiyanla gizli danışıqlar aparmaqla və xaricidə yaşayan ermənilərin etimadını qazanmaqla düşdüyü bataqlıqdan xilas olmağa cəhd göstərir. Ancaq qonşu dövlətlərlə – Azərbaycan, Gürcüstan, Türkiyə, eləcə də, son vaxtlar Rusiya ilə ciddi problemlər yaşanan ölkənin rəhbəri heç cür vəziyyəti yoluna qoya bilmir və öz fəaliyyətsizliyi, avantüristliyi ilə erməni xalqını uçuruma aparır.

Ölkədə yaranmış iqtisadi, siyasi durum artıq bir çox erməni siyasətçilərini, ziyalılarını, ekspertlərini narahat etməkdədir. Onların çıxışları, bəyanatları, erməni xalqına müraciətləri Paşinyan hakimiyyətinin ömrünün sona yetişməsindən xəbər verir. Bir çox müraciətlərdə Ermənistanın bütün sahələrdə Azərbaycana uduzması fikirlərinin səsləndirilməsi isə heç bir halda təsadüfi deyil və bu, dövlətimizin, Azərbaycan illərdir yeritdiyi təmkinli və uzaqgörən siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan udmaqda, qazanmaqda, zirvələrdən zirvələrə ucalmaqda, Ermənistan isə olan-qalanını da itirməkdə, çökməkdə, uçurumun, quyunun dibinə enməkdədir.

Bu, hər gün daha açıq şəkildə görünməkdə, sezilməkdədir. Odur ki, Ermənistanın, Paşinyanın bir çıxış yolu var, bir çıxış yolu qalır- güclü, nüfuzlu, sözü, çəkisi nəzərə alınan Azərbaycanla hesablaşmaq, onun irəli sürdüyü bütün şərtlərlə qeyd-şərtsiz hesablaşmaq, işğala, təcavüzə son qoymaq, işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarmaqdır. Digər yol isə…Hər halda bunu özləri düşünsünlər”-deyə, T. Rzayev sonra sözlərinə əlavə edib.