Yol Romanı - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
73243 | 2019-09-26 18:03

Sözə nə şəkildəsə aidiyyəti olan insanları xarakterizə edəndə müraciət etdiyin ilkin mənbə yenə söz olur. Yazdıqlarında özünü nə dərəcədə gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə, nə qədər gizlətməyə çalışsan da arada nəsə sivişib əlindən qaçacaq və sən sonra hamıdan gizlətdiyin bu nəsnəni yerinə qoya bilməyəcəksən. Deyək ki, bir dostuna həsr olunmuş yazı yazırsan. Yaxından tanıdığını zənn etdiyin bir dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər qaçıb. Nə deyəcəyini unudursan...

"Yol romanı” Vurğun Əyyuba həsr olunub və 2012-ci ildə kitab şəklində dərc olunub. Yenidən təqdim etmək istədik sizlərə...

 
 

Haşiyə

Bu torpağın çəhrayı çalarları çoxdu. Bir yandan qürub çağı, bir yandan da dağların-daşların rəngi qarışır bir-birinə, təsviri mümkünsüz mənzərə yaradır. İndi Culfa sərhədindən Naxçıvana uzanan bu gözəl, hamar, səliqəli yolda pəncərədən yaylıqsız başıma vuran sərin havanın təsirindən həyəcanım səngiyir. Soyuq başla düşünə bilirəm. Məftillərin o tərəfindəki yol da elə eynən buralara bənzəyirdi. Eynən. Arada sərhəd var amma. Sərhəd. Dünyada nə qədər sərhəd görmüşəm... Bura fərqlidi amma... Fərq odur ki, nə torpaqlar, nə insanlar arasında fərq yoxdu. Aradan bir çay axır. Çay da çaydı ha - burdan axan suyu kubmetrlərlə, sürətiylə, gur olması ilə ölçmək olmaz. Ölçü vahidi dərddi, göz yaşıdı. ARAZI AYIRDILAR, ZÜLM İLƏ DOYURDULAR... Zülmü də gəlsək üstünə - eninə, uzununa ağrı alınır... Ay Allah, mən bu yolu hansı nəqliyyatla getsəm təkərlərim qəm-kədər olub.

Uzaqdan abad, güllü-gülüstan, səliqə-sahmanlı Naxçıvan görünür. Gözlərinə toparlanan yaşı sil və boylan...

 

 

 

 

Bu, Naxçıvandır...

 

 


Hə, bu da Naxçıvan... Bu adın etimologiyası haqqında uzun-uzadı məlumat verəsi deyiləm. Kimə necə sərf edirsə, elə də izah edir. Şəhərə giririk, amma hansı yolun hara getdiyini bilmirik axı. Şanlı-şöhrətli sürücüm narahatdı. Tanımırlar onu burda. (Şöhrətə alışqan olmaq da bir şey deyil). Yolu soruşuruq. Mehriban, şirin dillə anladırlar, amma tanımırlar. Arada dayandığımız küçələrdən birində bir az belə köhnəyə bənzər "Jiquli" sürücüsü zənnlə baxır sayın millət vəkilinə və deyir:

- Səni televizorda görmüşəm!

(Uf, nəhayət...)

- "Səhər sovqatı"nda qəşəh danışırdın. Hara gedirsən? Mənim dalımca sür maşını. - deyir və bizi gətirir "Təbriz " otelinin qarşısına.

Naxçıvanda "Təbriz" oteli. Əslində çoxdan var e, bu otel, yaxşı ad da çıxarıb (guya indi abırlı bir yer qalıb ki?). Deyirlər şənbə-bazar günləri sərhədi keçib bura keçən o taylılar burda bütün sərhədləri keçə bilirlər. Ağlınıza bir şey gəlməsin, yəni içib kendilərindən keçirlər demək istədim.

Hm, deməli Naxçıvanda "Təbriz" otelinin qarşısındayıq. Şair necə demişdi:



Bir gün Naxçıvana getdiyim kimi,

Ərdəbilə getsəm, Təbrizə getsəm...




... İndi deyəsən Ərdəbilə getmək daha asandı. Hər nə isə, yol yorğunuyuq, bir yer tapıb dincimizi almaq lazımdı.

İçəri giririk, amma görürəm ki, resepsiondakı oğlan da bizə baxır, əynimizə-başımıza baxır, bir az yuxarı tonla:

- Buranın gecəsi 120 manatdı...

Şu anda Aqil Abbasın üzünü görmək lazım:

- Səndən qiymət soruşdum? Otaq ver bizə!..

Sonra anladım ki, biz həqiqətən bura aid deyilmişik. Nə biləydik?..

Əynimizi dəyişib şəhərə çıxmaq fikrimiz var. Bu arada bibioğluma zəng vurub Naxçıvana gələcəyimizi deyirik. Artıq gəldiyimizi yox, gələcəyimizi. Niyə narahat olsunlar? Onsuz da səhər tezdən kəndimizə gedəcəm!

... Otelin yanında çayxana var. Var yəni... Çay içirik və qiymət məni heyrətləndirir - bir çaynik çay bir manat. Bakıda bir manata harda çay içmək olar? Çay gətirən oğlandan burdakı qiymətlərlə maraqlanırıq, taksi soraqlayırıq.

... Yemək yediyimiz restoran da qələbəlikdi. Musiqidən aralı oturmuşuq, amma yenə deşir qulağımı. Burda da iranlılar çoxdu. Həftə sonuna iki gün var hələ. Cümə axşamıdı - amma çoxluqdadılar.

... Qəribə repertuarı var müğənninin. Hər şey dəyişib e burda. Meyxanaya da həvəslə qulaq asırlar.

Blokada insanının psixologiyası... Nə bilirik bu haqda? Yəqin heç nə... Xatırlayıram 2003-cü ildə Naxçıvandan Bakıya qayıtdığım təyyarədə qəşəng geyimli-gecimli bir qadın deyinirdi arxamdakı oturacaqda. Mən də istər-istəməz eşidirdim. Təxminən sözündən belə çıxırdı ki, bütün naxçıvanlılar bəxtəvərdi, işləri düzdü, onlara kimsə gözün üstə qaşın var deyə bilməz və sairə. Çevrilib baxdım, belə anladım ki, ya Türkiyədən, ya da İrandan alver malı gətirən qadınlardandı. Və ola bilər ki, ya sərhəddə, ya gömrükdə incidiblər onu. Amma doğrudan böyük əksəriyyətdə bu elin insanları haqqında, onların yaşamları haqqında yanlış təsəvvür var. Bu danılmazdı ki, insan doğulub boya-başa çatdığı torpağın iqliminə bənzəyir. İqlim insanın xarakterinə, xarici görünüşünə birbaşa təsir edir. Yəqin razılaşarsız mənimlə... Həm də razılaşarsız ki, kənar amillər də xarakterə də, xarici görkəmə də öz möhürünü vurur. Vurur yəni... Niyə belə nala-mıxa döydüyümü də anladınız yəqin... Mənim də buralar haqqında öz yanlışlarım var imiş, səhəri gün kəndə gedəndə anladım...

Şəhərə qaranlıq çöküb, gecikmiş şamımızı edib qayıdırıq otelə. Çox yorğunuq, sürücüm də xüsusən. Başını qoyan kimi yuxuya gedir. Mən isə kiçicik otel odasında dümələnirəm. İnternetdə qurdalanıram... Sonra yatağımda səhəri gözləməyə başlayıram, necə uyuduğumu bilmirəm.

... Bu nə zəngdi? Yuxulu-yuxulu ürəyim çırpınmağa başlayır. Mobilin zəngi deyil. Oda telefonudu, arasıkəsilmədən zəng çalır.

Telefonun saatına baxıram, dəqiq görə bilməsəm də səhər beşə qalır. Kimdi bu, ay Allah? Niyə bizi öz telefonumuzda yox, oda nömrəsində arayır? Daş kimi yatan Aqil də oyanır yuxudan, hövlnak dəstəyi qapır:

- Aloo! Aloo! - ... və ardınca folklorumuzun ən gözəl, nadir, ürəkdən gələn, yağlı ifadələri (oxu: söyüşləri) səslənir. Bu söyüşlər mənə ən gözəl sakitləşdirici etkisi yapır. Əgər Aqil söyürsə, deməli, hər şey yaxşıdı.

- Noolub?

- ....... (bu nöqtələr söyüşlərin davamıdı, qadına ünvanlanıb).

- Kim idi?

- ....ə, mənə deyir .... istəyirsən?

Anlaşılan sürücümə dəyərli (amma ədəbsiz) təklifdə bulunublar. Balam, axı buralarda kimin neçə dəfə nəfəs aldığından xəbərdar olsunlar gərək, mənim otaqdakı mövcudluğumdan xəbərsizdilər yəni? Ya fikirləşiblər ki, məni yuxuya verib gedə bilər hara istəsə?

Mən heç yatıram ki? Yoox, olub uzun illər özümü vurmuşam yuxuluğa, amma ta ondan keçib... Yatağımda gülməkdən ürəyim gedir, sürücüm də söyüşlərinə davam edir. Niyə və nəyə söyür, özü bilir. Ürəyini oxumaq fikrim yoxdu. Bu komik durum məni xeyli şənləndirib.

Səhərin açılmağına az qalıb. Dan sökülür...

 

 

 

 

 

 

 

 

 

 

***

 

 


Tezdəndən bibioğlum Namiq zəng edir, otelin girəcəyində bizi gözlədiyini deyir. Yır-yığışımızı edib çıxırıq burdan. Namiq də deyinib-danışır, niyə dünən onu aldatdığımıza darılıb. Mən aradakı gərginliyi aradan qaldırmaq üçün gecə olayını danışıram, yenə gülməyə davam edirəm. Naxçıvandan Şahbuza yol alırıq.

Danış görüm, a Daş qardaş...

... Maşın sürətlə uzaqlaşır şəhərdən. Şahbuza gedən yola çıxırıq. Uşaqlığımdan ta indiyə kimi dəfələrlə getmişəm bu yolu. Gözümün qabağındadı - Bakı-Naxçıvan qatarı, çay kənarı yol, qatar taqqıltısı, pəncərədən o taya baxan kədərli gözlər. Şəhərə çatanda bizi qarşılayan qalstuklu əmilər, obkomdan bizimçün ayrılmış villis maşınlar (o vaxt Şahbuz yolu demək olar ki, yol deyildi, kəndə isə ümumiyyətlə, maşın çıxmırdı. Elə lap aşağıda maşından düşüb əlimizdə yüklə qalxırdıq baba evinə). İnsan uşaqlıq xatirələrinin cığırları ilə gedəndə çox mühafizəkar olur. Hər şey dəyişməz qalır... Dəyişməz...

... Dəyişir danışıq tonum. Nə qədər gizlətməyə çalışsam da gülüşüm də isterik çalar almağa başlayır.

Öndə oturan bibioğlum çönüb mənə baxır. Mən isə...



Səhər təbəssüm idim.

Təbəssüm, bir qucaq.

Gözümün nurunda

yuyundu bağça-bağ.

Axşam...

Yox indi-indi xatirəydim,

Uşaqlığımgilə dəydim.

Oyuncaqlarımgilə dəydim...




- Dayan, Aqil, burda dayan - deyir bibioğlum.

- Nədi?

- Burda dayanaq.

Enirik maşından. Yolun solunda dörd metal borunun üstündə vurulmuş dəmir tənəkənin üstündə nəsə yazılıb. Solmuş hərfləri oxuyuram və birdən anlayıram ki, bu torpağın geocoğrafi xüsusiyyətləri haqqında bildiklərim yanlış imiş. Yanlış!!! Gördüklərim də ilğımdı, həqiqət deyil. O da neçə illər yazdıqlarıyla aldadıb bizi. Bəlkə Onun da gözünə görünüb hər şey? Daş tapılmır burda, yoxdu! Səni hansı qayalar şair eləmişdi? Hansı daşa üz qoymaq istəmişdin? Hansı qayaya söykənmişdin? Danış görüm, a Daş Qardaş!



Yağış döyən, külək yonan

daşlar çopur,

Qəzəbimdən daşlar qopur,

daşlar qopur.




Bir əlləmə tulazlamaq istəyirəm qədim daşlar aləminə, bəlkə bu daş sualımdan daşlar dinə...

DAŞLAR MƏNƏ "DAŞCANLI OL, DÖZÜB YAŞA!" - DEYƏ BİLDİ...

 

 

 

 

 

 

 

 

 

 

Kənd


... Kəndimiz, kəndimiz, kəndimiz... Yox, oxuyacaq halda deyiləm. Yoxuşu qalxıb həyətimizə girirəm. Əmimin vəfatından sonra isə bizim evin də qapısı bağlı.

Az qala yüyürə-yüyürə evin arxasına keçib çökürəm torpağa, otun üstünə. Qapısı bağlı evi bəhanə edib ağla, Qız. Amma hamını ağla. Donmuş baxışları, dilsiz insanları, pıçıltıları, qeybə çəkilmiş daşları, qayaları, lap kəsilmiş qatar taqqıltısını, daş olmaqla mümkün olan yaşamı, puç olan hər şeyi ağla, boşalt ürəyini... Ətrafda boş qalan evləri...



İndi vallah, ən birinci çaşqın mənəm,

Yurddan-yurda ən birinci qaçqın mənəm...




Telefonun ekranı işıqlanır. Deyəsən hamı xəbər tutub gəlişimdən. Cavab vermək istəmirəm. Toxdadım bir az. Qorxmazdı zəng eləyən. Öz dərdi özünə bəsdi, indi mənim ağlamağıma qulaq assın? Ara vermir zənglər amma...

- İrayidə...

- Xatirə...

- Bə belə olaar? Niyə demədin gələcəksən? Cəlirəm...

Çox qəribədi, əmimin altı qızı var, altı qızdan sonra ikinci oğlu da doğulanda elə bilirdi ki, evin çırağını o qoymayacaq sönməyə. Elə haldayıq ki, indi od saxlayan qadınlar olub. Əmiqızım qonşu kənddə gəlindi. Ata ocağını qopub dağılmağa qoymayan da odu. Sənin adın niyə Xatirədi? Mən xatirələrimin əlindən tutub qaçmaq istəyirəm buralardan... Yox, deyəsən Qorxmazın israrlı zənginə cavab verməli olacam:

- ...

- Uşaq vaxtı biləndə ki, sən kəndə gələcəksən elə xoşbəxt olurdum ki...

- ...

- Niyə heç kimə deməmisən? Mən orda deyiləm, qohum-əqrəba ordadı da.

- Danışa bilmirəm, Qorxmaz...

Qapadıram telefonu və fikirləşirəm. Fikirləşirəm ki, kim qalıb axı...

- İrayidə...

Çevrilib baxıram - üzümə işıq gəlir. Böyük əmimin lap kiçik oğlu. Əmilərimin, atamın işlədiyi məktəbdə o dərs deyir. Yox, qalmışıq, varıq. Olacayıq!

... Enirik aşağı. Vaxtilə hələ Sovetin dövründə tikilib yarımçıq qalmış evi göstərirlər mənə. Sağ olmuşlar, yarımçılığı necə də qoruyub saxlayıblar?! Ürəyi fərəhlənir adamın!

Bir az aralıda kamera ilə nəyisə ölçən-biçən iki-üç nəfər dəyir gözümə. Məlum olur yerli TV-nin əməkdaşlarıdı. Nəsə çəkirlər, təsadüfən biz də buradayıq, bizdən də nəsə soruşurlar, elə biz də nəsə deyirik deyəsən.

Mən nə dedim?! Təsadüfən? Yoox, mən indi heç bir təsadüfə inanmıram. Hər nə olursa lap yuxarıdakı mütləq qüvvənin hökmüylə olur. Hətta barmaqlarımızı hansısa bir düyməyə uzatmağımıza da O qərar verir. Mən bura təsadüfən gəlməmişdim ki...

Elvin əmioğlum zorla bizi evə aparır. Elvinlərin içində yaşda ən böyük Elvin o olar yəqin. O vaxt ədəbiyyatın hörmətli vaxtında əmim hansısa əsərdən götürmüşdü o adı. Uşağa o vaxt "nemes" deyirdilər. İndi yekə kişidi. Yenə söhbətlər, xatırlamalar. Bir gözün ağlayır, bir gözün gülür.

İsrara baxmadım, aralanmaq istəyirəm kənddən. Qayıdanbaş yeni məzarlara baş çəkirəm. Nənəmlə babamınkı kəndin yuxarısında idi. Sualla baxıram üzlərinə, deyirlər indi burda dəfn edirlər...

Batabata gedən yolun üstündə yenə həmin dəmir lövhə ilə üzbəüz gəlirik. Bir də diqqətlə baxıram. Ürəyimi boşaltdım kənddə, indi elə-belə seyr eləyirəm. İGİDLƏRİN YAŞAMASI DAŞ OLMAQLA MÜMKÜN İDİ...

 

 

 

 

 

 

 

 

Mərcan gözlü Batabat

 

 


Vay-vay, maşın yuxarı qalxdıqca başım gicəllənməyə başlayır. Amma elə xoşdu ki, dağ yolları, göllər, üzən ada, Əyriqar... Sonra nə? Hə, yemək də yedik orda... Sonra nə? Ta heç nə... bu daş qıtlığı anamı ağlatdı mənim... Niyəsə yaddaşım silindi... Batabat haqqında yazacaqlarım batdı daşların altında... Qumral gözlüm, Mərcan gözlünü qismət olsa vəsf edərsən... Borclu qall!!!

 

 

 

 

 

 

 

 

 

 

Duyğu

 

 


... Bibim (yerli dilnən mamam) bu kənddə əlli ildən çoxdu yaşayır. Yoldaşı müəllimdi, neçə vaxt da kənd məktəbinin direktoru olub. Müəllim olan kişidi, amma bibimlə söhbət edəndə akademiklə danışırsan elə bil. Qadın da həmişə yana-yana deyir ki, Məhəmməd qağam məni oxutmaq istəyirdi, şəhərə aparmaq istəyirdi, İbrahim qağam (yəni böyük əmim qoymadı) dedi qızın şəhərdə nə işi var? Amma sonra qızlarını oxutdu. Həmişə bu şikayəti edir bibim. Çox zəki qadındı, 70-i adlayıb, amma yaddaşı yeniyetmə gəncin yaddaşıdı elə bil. Yadımdadı, atamın yasında rəhmətlik Aybəniz xanım onun şeir deməyinə bir xeyli qulaq asdı, sonra məndən pıçıltı ilə soruşdu ki, bibin müəllimədi? Dedim, yox, elə orta məktəbi bitirib. Dedim, bizim bir nənəmiz olub, o heç məktəbə də getməyib, amma şair imiş. Bir də bibim Aybəniz xanıma "qızım" deyirdi, Aybəniz xanım gülə-gülə qayıtdı ki, "mənə niyə qızım deyirsən, eyni yaşdayıq".

Bibim kənd qadını, Aybəniz xanım bəzək-düzəkli şəhər qadını, həm də Səməd Vurğun boyda kişinin qızı. Bir də bir söz dedi mənə, onu da unutmuram. "Mən doğulanda dedi, 37-ci il hadisələrinin qızğın vaxtıymış. Hər gecə KQB-nin padvalında ifadə alırlarmış atamdan, gündüzlər buraxırlarmış. Anamı doğum evindən çıxaranda cibində bir qəpik pulu olmayıb ki, o səxavətli Səməd Vurğun həkimə, tibb bacısına versin. Elə bil o vaxtdan alnıma yazılıb, kişi çörəyi yeyə bilmədim heç. Həmişə özüm əziyyət çəkdim".

İndi həyətin darvazasını açıb içəri girəndə bir küncdə oturub büzüşmüş, bir az da yaşlanmış bibimə baxanda nədənsə Aybəniz xanımı xatırlayıram. Və həm də fikirləşirəm ki, haqlıydı qadın. Əvvəldən necə başlayırsa, sona qədər də elə gedir. Mən doğulanda da atam Moskvada oxuyurmuş. Məni də xəstəxanadan çıxaranda yanımda olmayıb. Sonra da mənə lazım olan ən çətin vaxtlarımda dəstək ola bilmədi. Elə indi də o qədər qarışığammm, o qədər çaşqınammm ki... Hardasan, niyə yoxsan?

- İrayidə... Bala, nə vaar, nə yoox? Tuncay necədi, balası necədi? (Hə, onu deyim ki, ata qohumlarımın Tuncaya xüsusi rəğbəti var. Elə lap əvvəldən Tuncay ata qohumlarıma yaxındı, əsl naxçıvanlıdı, hamısıyla əlaqədədi, bacardığı qədər işlərinə yardım etməyə çalışır. Əvvəl Tuncayı, sonra Toğrulu xəbər alırlar).

O ailənin sonuncu nümayəndəsidi bibim. Yaşlandıqca da atama bənzəyişi çoxalır... Yenə şeir deyir mənə. Amma heç o havada deyiləm. Deyə bilmirəm ki, indi mən yer üzündə tanıdığım bütün şairləri, bildiyim bütün şeirləri unutmaq istəyirəm...

Gəlin də ortalıqda fırlanır, kənd insanının həmişəki qonaqpərvərliyi. Yazıq çəpişi mələdə-mələdə aparırlar kəsməyə. Səsimi çıxarmıram, demirəm ki, mən keçi ətini dilimə də vura bilmirəm. Pendirdən-zaddan yeyib doyuraram özümü... Zəng gəlir telefonuma, Rahildi:

- İradə xanım, siz hardasız, gəlmək istəyirəm.

- Gecdi axı, sən Naxçıvandan Külüsə gələsi, qayıdası, necə olar? Gəlmə, lazım deyil. Gələn səfərimdə görüşərik.

- Amma...

- Yox, Rahil, gecdi.

- Yaxşı, İradə xanım, sağ olun, - deyir incik səslə.

Qapadıram telefonumu. Başım yenə qarışır qohum-əqrəbanın qeybətinə. Telefon çıqqıldayır, mesaj gəlib, baxıram Rahildəndi. "Mən Külüsə gələ bilərəm, doğrusu gəlmək istəyirəm. Heç yaxşı olmadı. Burdasız və sizinlə görüşə bilməmişəm hələ ki... Hələ ki də bir ümid var...". Söz tutur məni. Cavab yazıram, "Gəlmək istəyirsən gəl". Həmən zəng edirəm:

- Külüsdə Kamal müəllimin evini soruş, göstərəcəklər sənə...

... Kişilər yeyib-içirlər, gəlin bizə qulluq edir, uşaqlar o tərəf-bu tərəfə qaçışır, bibim yenə şeir deyir, mən də öz aləmimdə...

Darvaza açılır, cavan bir oğlan, qucağında kiçicik bir qız uşağı girirlər içəri. Hə, bu mənim qonağımdı. Gözlərindən tanıyıram. Tənha adamlar silsiləsindən. Yalnızlar treninin yolçusu. Xoş gəldin... sən də... Salamlaşmalardan, tanışmalardan sonra qarşılıqlı kitab dəyişdiririk. Kitabının üz qabığında adını yazmayıb. Yazılan sadəcə budu - Ötüb-bitmiş zamanın adamı.

- Qızının adı nədi?

- Duyğu.

- Duyğu?..

Özlüyümdə fikirləşirəm ki, belə oğlan qızına ancaq Duyğu ismi qoya bilərdi. Duyğu...

... Gecə qonaqlar gedəndən, hamı dağılandan sonra başımı qaldırıb bir xeyli alışıb-yanan göyə baxıram. Lənətə gəlmiş yaddaşım rahat qoymur məni. Yenə şeir xatırlayıram...



SƏNİNLƏ OLMANIN

ƏN ROMANTİK YANI NƏ, BİLİYORMUSUN?

SƏNSİZ GECƏLƏRDƏ

SANA SÖYLƏYƏMƏDİKLƏRİMİ

YILDIZLARA, AYA ANLATMAQ...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

***

 

 


Çıxıb getmək istəyirəm... Sabah-sabah yerimdən duranda gördüm həyətdə hamı oturub səhər yeməyinə gözləyir məni.

- İrayidə, bala, bu qoca bibini yaddan çıxarma, mən öləndən sonra bu uşaqlardan aralanma...

- Hə - deyirəm, qeyri-iradi. Kimin nə qədər yaşayacağını kim bilir ki...

Günəşli bir havadı. Buludlar arxamca su səpib eləməyəcək... Amma nidamı çaylara deyəcəklər küləklər - ... sağ-salamat qal!

... Namiq də Naxçıvana qədər bizimlə gəlir. Sonra hansı yolla sərhədə tərəf gedəcəyimizi anladıb vidalaşır bizimlə. Biz də marketdən bəzi tədarüklərimizi edirik. O tədarükləri ki, onu İran ərazisindən keçirməyə ehtiyat etdik. Heç orda da maşınımızı elə ciddi-cəhdlə yoxlamamışdılar zatən. Bir də benzin ehtiyatımızı da tamlaşdırırıq. Üz tuturuq Sədərəyə... Təxminən 80 kilometrdi. Hə, bu da bir sərhəd, bu da məşhur körpü, o tərəfə keçirik, yenə bir dövlətdən başqa dövlətə. Arxada qalan torpağa baxıram qanrılıb. Burayla bağlı bir yanlışınızı da deyimmi sizə? Siz elə bilirsiniz burdan olanlar yerlibazdı, qohumbazdı və daha nələr? Yox, deyil, əsla! Əsla! Burda hamıya eyni gözlə baxırlar! Məmməd Araza da!

 

 

 

 

 

 

Ağrı istəmirəm...

 

 


... Sərhəddən bir az aralanan kimi jandarmalar durdurur bizi. Sənədlərimizi yoxlayırlar və bir də xahiş edirlər ki, bir nəfəri götürək özümüzlə, yaxınlıqdakı qəsəbələrdən birində enəcək. Aqil həmişəki istiqanlı, qonaqsevər halıyla yeni sərnişinlə söhbət etməyə çalışır. Amma oğlan elə mənim kimi dinməz-söyləməzdi. Bəlağətli nitqlərə ancaq "əvət", "hayır"la cavab verir. Və onu öz istədiyi yerdə endirəndən sonra elə bir boşluq olmur maşında.

... Getdiyimiz yol düzənlikdi. Sıra dağlar və uzaqdan görünən Ağrı dağ. Elə qəribə görkəmi var ki... Bu dağın adı niyə Ağrıdı? Bu nəydi yadıma düşdü. Sakın, ağrı-filan istəmirəm. Əslində yadıma düşmədi e, gözümün qabağında olacaq yolboyu. Hava da aydın... Az qala süzülür içimə bu Ağrı, ağrı...



- Danış da, şeir de...

- Şeir? Nə deyim?



İki ömür yolu, bir dəmir yolu,

bizimçün dayanıb bu dayanacaq.

Nə sənin mənimtək duyanın olub,

Nə məni sənin tək duyan olacaq...




Şeiri deyə-deyə həm də fikirləşirəm ki, mən niyə şeir yaza bilmirəm axı... Bir dev gibi seviyordu Dev və əlləri öylə böyük işlər için hazırlanmışdı ki... Yapamazdı yapısını, çalamazdı kapısını...

- İqdıra az qaldı. Orda dayanarıq, sənə "Soyqırım" abidəsini də göstərərəm.

- Aha, göstərərsən, - deyirəm. Amma deməyə cəsarət eləmirəm ki, heç bir qırğın-filan da istəmirəm. İçimdə qırılanlar bəsimdi, zatən. Amma demirəm.

Və İqdıra çatan kimi məni sürütləyib aparır abidənin altındakı "Soyqırım muzeyi"nə. Burda da nə olacaq? Zülmlə öldürülən insan şəkilləri...

- İstəmirəm e, mən bu şəkillərə baxmaq.

- Nə istəyirsən bəs?

- Yemək...

- Gedirik də, arım, balım, pətəyim...

... İqdır çirkli, pinti, qarma-qarışıq bir şəhərdi. Hələ əvvəl lap kəndə oxşayırmış. Bizimlə ticarət əlaqələri yaranandan sonra dirçəlməyə başlayıb. İndi yemək yediyimiz bu lokantanı bəyənməsəm də, dözmək lazım gələcək. Qarsa gedib çatmaq üçün.

... Çıxdıq Qars yoluna. Elə bilməyin sizə Pamukun qəhrəmanının yolundan danışacam. Əsla! O, Ərzurumdan gedirdi, qar-qiyamətin içində gedirdi, intiharçı qızlardan yazmağa gedirdi. Mən İqdır yolu gedirəm. İyun ayının 25-di. İntihar yox, yaşam haqqında düşünmək istəyirəm. Zatən ətraf mənzərə də "hər şey gözəldi həyatda" deyir. Telefonumdakı mahnılar da... Nə oxuyacaqsan bana, Sezenciyim? "Kayb olan yıllar"ımı, "İkili dəlilik"mi, "Bəlalım"ı, "Ben sende tutuqlu qaldım"ı, "Billə-bilə"mi, "Dördgünlük bir şey"imi, "Deli gönlüm"ümü, "Degermi"mi, "Devlərin aşkı"nımı, "Adı bendə saklı"nımı ... Qulaq asıram.

- Bax 50 km qaldı Qarsa. Yol lövhəsində belə yazılmışdı.

Aqil zəng edir Vurğun Əyyuba. Bizi Qarsda gözləyir axı. Bizi deyəndə ki, mənim də gələcəyimi bilmir deyəsən... Nə isə izah edir telefonda Aqilə, amma sürücüm şəhərə girəndə qarışdırır yolları. Və biz Qafqaz Universitetinə tamam başqa tərəfdən, torpaq yolla gedib çıxırıq. Təəccüblü gəlir mənə - ola bilməz axı, universitetin yolu belə olsun. Sonra məlum olacaq ki, biz səhv gəlmişik. Nə isə universitetin kampına girəndən sonra da bu böyük ərazidə də soruşa-soruşa Qonaq evinə çatırıq. Odamıza daşıyırıq əşyaları, yerbəyer edirik. Qapı açılır və bir də baxıram bizi hardasa başqa yerdə gözləyən Vurğun qaçaraq, tələsik, nəfəsi təngiyə-təngiyə girir odamıza. Həm tanıdığım, həm də tanımadığım Vurğun. Əl sallayıram və ilk təəssüratım bu olur - dəyişib Vurğun, mən görməyəli dəyişib...

Ardı var

 

 

 

 

 

 

TƏQVİM / ARXİV