adalet.az header logo
  • Bakı 19°C
25 Sentyabr 2019 11:37
12381
GÜNDƏM
A- A+

Xətanın estetikası haqqında - İlqar Kamil yazır

Bu qədər çətin olacağını təsəvvür belə etməzdim, tapşırdığı kimi, düz səhər saat səkkizdə oyadacaqdım onu yuxudan, di gəl ki, sən saydığını say, gör fələk nə sayır - olmadı; qalxdım, üzümü yudum, əlimdə dəsmal, qurulana-qurulana ustufca keçdim otağına, nə görsəm yaxşıdır? Zalımın balası kitab əllərini də üzünün altında səliqəylə cütləyib yatıb.

Çox içdən, çox fərqli yatmışdı bu dəfə, ürəyim gəlmədi, oyatmağa qıymadım; elə bildim, onu oyatsam kainatın ümumi mənzərəsi pozulacaq, yox, olmaz, dedim, qoy bir az da yatsın! İşə gecikdi, neçə gün danlandım da bunun üstündə, eybi yox, əsas odur, o estetik görüntü bir saat daha bəzədi kasıb evimizin dekorunu.

Anam da beləydi, can dərmanı lazım olsun, içdən yatmışdınsa, bir az da işləmişdinsə dünən, bir az da yorğundunsa, qıymazdı oyatmağa. Səhər durub deyinərdim: ay na, çağıraydın, axı, niyə oyatmadın? Süfrəni düzə-düzə, yox, bala, deyərdi, elə qəşəng yatmışdın ki, oyatmağa qıymadım.

Axşam düşüb və mən ulduz-ulduz düşünürəm: bir də qəflət yuxusunda belə yatmaq var - zərif, səliqəli, mışıl-mışıl... Tanrı qıyarmı oyatsın bəndəsini, qıyırmı?... Yazırlar, əbasını kəsmişdi əziz peyğəmbərimiz, üstündə yatdığı pişiyi şirin yuxusundan eləməsin deyə. Yəni məsələnin bir də bu tərəfi var, gündəyməz tərəfi. Yəni günahsız insan yoxdur bu dünyada, günahı kobud eləyən insan var, zərif eləyən insan var - budur məsələ!

90-cı illərin, Rəsuli-Əkrəm mədrəsəsini xatırlayıram; İki dost tələbə, eyni ustadın sözündən, eyni saatda çıxırıq, hətta eyni cümləylə! Fəqət niyəsə yalnız birimiz cəza alır. Bu nə ədalətsizlik!!! - Dostum xətkeş sualını da götürüb kəsir ustadın yorğun qabağını: eyni xətaya görə fərqli reaksiya?! Qımışır ustad: xətanızın məzmunu eyniydi, mən razı, amma forması eyni deyildi!

Bəs necə! Hələ illər əvvəl, böyük şəxsiyyətlərdən birinin memuarında oxuduğum bu xatirəyə baxın: yoluna-xəttinə heyran olan bir lotu açır maşınının qapısını: ağa, mən sizinləyəm, deyir: sizə çəp baxanı filan filan eləyərəm!!! (Ağır bir söyüş söyür). Alim qızarmır, bozarmır, adamın söyüş söyməsini pisləmir də heç, əksinə, gülür bığaltı, Allah qəbul eləsin, deyir. Yəni nə? Yəni məsələ xəta deyil, əzizim, onu niyə, harda və necə etməyindir!

Qorxmasaydım deyərdim: günahın bir adamı xilas edəcəksə sahibini də, sahibini də xilas edəcək!

Budur, bir ulduz daha yorulur illərin səma asılılığından, atır özünü dəryaların ölüm ağuşuna və mən siyah-siyah düşünürəm: görəsən, yatıb qalan daha çox günahkardır, yoxsa qəşəng yatıb deyə oyatmağa qıymayan?

Bilmirəm...