OBAMANIN HiNDUŞKA ƏFV ETMƏKLiYi

AQİL ABBAS
37609 | 2010-12-02 07:11
O gün amerikalıların Şükran günüydü. Biz Qurban günündə qoyun, inək, dəvə kəsdiyimiz kimi amerikalılarda da belə bir gün var, amma onların əli aşağı olduğundan hinduşka kəsirlər.
   
   Mejduproçim, 10-15 gündən sonra hinduşkanın əsl yeməli vaxtıdı, yerə ki qar düşdü, hinduşka matağa minir.
   
   Və bu Şükran günündə həmişə Ağ Evin taxtı-tacında oturan da bir hinduşka kəsir. Və bu mərasim bütün dünyada yayımlanır. Nöşün, nöşün ki, ABŞ-ın taxt-tacında oturan elə dünyanın taxt-tacında oturmuş sayılır.
   
   Yenə hinduşkanı gətirdilər, qəşəng də bir hinduşkaydı. Düzdür, bizim Əfətli hinduşkalarının yanında qırt toyuq kimi bir şeyiydi, amma Amerika hinduşkalarının gözəli-göyçəyi idi. Fikrim var, gələn il Şükran bayramına ABŞ-ın prezidentinə bir Əfətli hinduşkası göndərim, görsün hinduşka necə olur. İntəhası, onun bir əmması var, bizim Qarabağda deyirlər ki: "Əfətli əyilmədi, götürdü". Əlləri çox çəpikdi, adamların gözündən tük çəkərlər, xəbərləri olmaz. Deyirəm, hinduşkanı da göndərərəm Obama onu əfv eləyər, o da dinc durmaz Wikileaksın Ağ Evdən oğurlaya bilmədiklərini də bizim hinduşka çırpışdırıb gətirər, sonra ABŞ lap biabır olar.
   
   Deyəsən, mətləbdən uzaq düşdük. Bəli, Şükran günündə hinduşkanı gətirdilər, Obama çox böyük humanistlik göstərdi, qan görmək istəmədiyindən hinduşkanı kəsmədi və əfv elədi. Ümumiyyətlə , mənim ağlım kəsəndən ABŞ-ın bütün prezidentləri, ölənlərə rəhmət, qalanlara can sağlığı, çox böyük humanistlik göstərərək hinduşkanı kəsmirlər. Dünya bu humanistliyə kövrəlir, riqqətə gəlir və sair və ilaxır, at gəldi örkən apardı.
   
   Bəziləri bunu Amerikada hinduşka qıtlığı ilə izah edirlər. Prezidentə baxsınlar, başqaları da kəsməsinlər.
   
   Odur ey, bu il Qurban bayramında Türkiyədə heyvan qıtlığı nəticəsində kəsməyə heyvan tapmadıqlarından xaricdən gətirdilər. Bəlkə Amerika Türkiyənin gününə düşmək istəmir?!
   
   Görün dünyada nə qədər heyvan "Qırmızı kitab"a düşüb: Sibir pələngi, Afrika şiri, panda, yapon meymunu, ərəb kərtənkələsi... ey, say ki qurtara bilmərsən, eləcə də hinduşka. "Qırmızı kitab"a yalnız heyvanları salırlar.
   
   "Qırmızı kitab"a düşməyən bir varlıq varsa, o da insandır, xüsusilə müsəlmanlar. Nə qədər istəyirsən kəs, doğra, başına bomba tök, colum-cocuğunu güllədən keçirt. Bir milyon yarımını İraqda qır, beş yüz min nəfərini Əfqanıstanda, on minlərləsini Kosovoda, Qarabağda, Fələstində, Liviyada, Somalidəg birdi-ikidi, hansını sayaq. Qır ki qırasan, qurtaran deyil ha, bir milyarddan çoxdu. Nə etiraz eləyən var, nə bir söz deyən. Deyəsən, artıq Tanrı da bacarmır. Ya da nə çoxdu altıncı, yeddinci növ millətlər. Məsələn, Haitidə zəncilər. Bütün dünyanın gözü qabağında bir millət cocuqlu-ağsaqqallı qırılır. Hərə bir az şirniquş aparır, bununla da işini bitmiş bilir.
   
   Belə-belə işlər. İnsanların bir hinduşka qədər də qiyməti yoxdu.
   
   Şairlər yeyib-içirmişlər. Oruc Qoşqarlı deyir:
   
   - Mən hər gün itimə on katlet yedizdirirəm, şampunla çimizdirirəm, gəzməyə aparıram, bağda onun üçün gözəl bir yer də düzəltmişəm...
   
   Məclisdəki şairlərdən biri üzünü göyə tutub deyir:
   
   - Sənə qurban olum, ay Allah, məni Oruc Qoşqarlının iti elə.
   
   İndi mən də üzümü Tanrıya tutub deyirəm: Sənə qurban olum Tanrım, bu yazıq millətləri Obamanın hinduşkası elə.

TƏQVİM / ARXİV