adalet.az header logo
  • Bakı 7°C
23 Sentyabr 2019 14:50
125572
MÜSAHİBƏ
A- A+

Amerika güllərini görmək arzusu gözləmədiyi anda çin olan şairin son müsahibəsi

İki ay öncə tanınmış şairə, dramaturq Kəmalə Ağayevanın ölüm xəbərini eşidəndə son görüşümüzü xatırladım. O vaxta qədər Kəmalə Ağayevanı şeirlərindən tanıyırdım. Özüylə şəxsən görüşüb həmsöhbət olmaq istəyim 2018-ci ilin mart ayında qohumu Zahir bəyin və şairəni müşayiət edən Eleonora xanımın köməkliyilə gerçəkləşdi. Zərif, bəstəboy, örpəkli bir ağbirçək idi. Elə şeirləri kimiydi-həlim, səmimi, nəcib, riyadan uzaq. Hərəkətlərində, danışığında utancaqlıq duyulurdu. Ömrünün payızını yaşayan 82 yaşlı şairənin duyğuları yaz yağışı kimiydi.

-Kəmalə xanım, ilk şeirinizin yazıldığı vaxt yadınızdadır?

-İlk şeirimi baharın gəlişinə yazmışdım. On yaşım vardı. Çox təəccüblüdür ki, indiyədək onu qoruyub saxlamışam.

-Necə təsvir etmişdiniz yazı? Kəmalə xanımın yazı necədir?

- (gülür) Baharın gəlişi on yaşlı uşağın gözündə gözəl bir aləmdir. Uşaq təxəyyülü ilə yazmışdım. Mən Naxçıvanda doğulmuşam. Böyüdükcə təbiətə heyran olurdum. İnsan məftun olduqca bu məftunluq onu aparıb harasa çıxardır...

-Şeirlərinizdə yazı çox tərənnüm etmisiniz...

-Hər şey məhəbbətdən yaranır. İnsanın içində məhəbbət olmasa şeir yaranmaz. Mətləbə o zaman çatmaq olar ki, o şeir istəklə yazılsın.

-Səhv etmirəmsə, atanız Ağa Ağayev də şair olub...

-Bəli, atam satirik, Sabiranə şeirlər yazırdı. Həmişə mənə deyirdi ki, qızım, sən şair olacaqsan. "Şair” sözündən acığım gəlirdi. İndi də özümə şair demirəm... Amma şeirlərimin sevildiyini görəndə elə bilirəm, yuxudayam, atam da mənimlə bu barədə söhbət edir... Heç yadımdan çıxmaz, bir səhər atam dedi ki, qızım, vallah sən şair olacaqsan. Dedim, ay ata, axı niyə belə deyirsən? Dedi, gecə gördüm, sən yerindən durdun, gedib divarda nə isə yazdın.

Bakıda institutda oxuyanda atam mənə məktubları şeirlə yazırdı, cavabı da şeirlə yazmağımı istəyirdi. Deyirdim, ay ata, bir də mənə "şair” desən, özümü atacam Xəzər dənizinə. (gülür) Elə bilirdim ayıb bir iş görürəm. Nədənsə o adı eşitmək istəmirdim. Uşaq kimi saf, sadəlövhdüm, elə indinin özündə də bu sadəlövhlük qalıb içimdə.

- Azərbaycan Dövlət Pedaqoji Universitetinin fransız dili fakültəsində təhsil almısınız. Nəyə məhz fransız dilini seçdiniz?

-Uşaq vaxtı deyirdim ki, fransızca öyrənmək istəyirəm. Bilmirəm, hardan bu fikir başıma düşmüşdü. Demə Allah onu taleyimə yazıbmış.

-Sonra fransız dilindən şeirlər tərcümə etməyə başladınız. Kimləri tərcümə etdiniz?

-Pol Elüar, Pol Mari Verlen, LuiAraqon... L.Araqonun "Azadlıq” şeirini tərcümə edib redaksiyaya aparmışdım, orda dedilər, bu şeir heç tərcüməyə oxşamır, elə bil orijinaldır...Sonra elə oldu ki, Fransaya getməli oldum. Orda şeirlər seçirdim ki, tərcümə edim. Uzun illər tərcüməylə məşğul olmuşam.

-Tərcümə çətin sənətdir...

- Çətindir, elə sözlər tapmaq lazımdır ki, şairin yaradıcılığına xələl gəlməsin. Amma mənim üçün su içmək kimi idi. Hansı şeirə əl atırdım, o dəqiqə çevirib yazırdım. Olurdu ki, qafiyəni çətin tapırdım, amma təslim olmurdum. Həvəslə çevirirdim, bundan mənəvi qida alırdım. Bu yaxında tərcümələr kitabım çapdan çıxıb...

-Bəs pyes yazmaq fikri necə oyandı?

-Teatr tamaşalarına maraq uşaq yaşlarından yaranıb. 12 yaşım olardı. Məhəllə uşaqlarını yığıb "teatr göstərirdik”. Özümdən sözlər qoşurdum, uşaqlara rollar həvalə edirdim... Həyətimizə taxt qoyulmuşdu, taxtın üstündə oynayırdıq. Elə ki, qış gəlirdi, taxtı qar bürüyürdü, mən oturub ağlayırdım. Deyirdim, teatr göstərə bilməyəcəyik, qar yağdı. O sənəti qədər sevirdim.... 20-ə qədər pyesim var.

-Yaradıcılıq nümunələrinizdə hansı mesajı vermək, hansı duyğuları aşılamaq istəmisiniz?

-Hər yazarın bir xətti olur. Mən ilk gündən mənəviyyatı təbliğ etmək istəmişəm. İnsanlarda qüsur görəndə, narahatlıq keçirirəm, "bu sənə yaraşmaz” demək istəyirəm, amma deməyə utanıram, həmin hisslərimi ancaq şeirlərimdə bəlli edirəm.

İlk Məhsəti pyesini ki, yazdım, bütün hisslərimi, duyğularımı bu pyesdə ifadə etdim. Səhnədə deyilən söz bəzən yiyəsinə gedib çatır. Məhsətinin dilindən öz ürək sözlərimi vermişəm.

20-ə qədər şeir kitabım var. Pyeslərimi şeirlə yazmışam. Bu yaxınlarda Türkiyədə çap olunan pyeslər kitabına Məhsətinin adını verdim. Ümumiyyətlə bütün yazılar bir suala cavab verməlidir ki, axı bu şair nə istəyir? Əgər insan özünə tam bələddirsə, onu yazılarında ifadə edə bilməlidir. Yoxsa zəhməti hədər olar.

-Şairlər öz şeirlərini daha gözəl oxuyurlar...

- Mən şeir deməyə utanmışam. Bu da mənim xislətimdir də...

-Sizin şeirlərinizə mahnılar yazılıb. Məşhur "Bir yerdə olaq” mahnısı da sizin sözlərinizə yazılıb. Başqa hanı mahnılar var?

-Yadımda olanlardan deyim... Flora xanımın repertuarında ana haqqında şeirə yazılmış mahnı var. Aygün Bəylər də şeirimə yazılmış mahnılardan oxuyub. "Azərbaycan-Türkiyə” adlı şeir yazmışam, musiqi bəstələnib, Gülyaz xanım oxuyur, yaxın vaxtlarda eşidəcəksiniz. 30-a yaxın şeirimə mahnı yazılıb. Sonra tamaşalara da yazılan mahnılar da var.

-Kəmalə xanım, siz ictimai işlərdə də çalışmısınız. İctimai işlər, ailə, yaradıcılıq... Bütün bunları necə çatdırmısınız?

-Üç övlad böyütmüşəm, onlar da yaradıcılıqla məşğul olmağıma mane olmayıb. Bəzən bütün gecəni yazırdım. Bilmirdilər, gecəni yatmışam, ya gecədən oturub qalmışam. Rəhmətlik yoldaşım (şairənin həyat yoldaşı rəssam Məmməd Qasımov- G. N.) hərdən zarafatla deyirdi ki, deyirlər Məmməd evlənib, bəs hanı mənim arvadım? (gülür) Belə deyib hamımızı güldürürdü. Buna baxmayaraq, yazmağıma mane olmurdu, əksinə, istəyirdi yazım. Xüsusilə "Məhsəti”ni yazanda gecələr yatmırdım. Deyirdim, yatsam, o fikirlər uzaqlaşar, oyananda tapa bilmərəm.

-Yəni sizi heç nə sözdən ayrı sala bilməyib...

-Yox ey.. Naxçıvanda plenumun üzvüydüm. Məni kəndlərə iş dalınca göndərirdilər. Kəndlilərin ehtiyaclarını soruşurdum, bacardığım köməyi edirdim. Evsizlərə ev alıb verirdim.

-Neçənci illər idi?

-Yoldaşım 83-də rəhmətə gedib, ondan əvvəl. Ta yaxın vaxtlara kimi.

-Kəmalə xanım, siz çox əcnəbi ölkələrdə səfərdə olmusunuz. Necə xatırlayırsız o səfərləri?

-Çox gözəl... Arzudan yaranıb hər şey. Mən həmişə deyirdim ki, görəsən Amerika gülü necə olur? Bizim güllərə bənzəyirmi? Bir gün bizim vilayət partiya komitəsinə məktub gəldi ki, Kəmalə Ağayevanı Amerikaya səfərə göndəririk. Mən də balaca, arıq qız idim. Oturub ağladım. Dedim, mən kəndlərə çətinliklə gedirəm, necə ola bilər ki, mən Amerikaya gedib çıxım? Amma uşaqlıqdan oralara getməyi arzu etmişdim, xüsusilə də Amerikadakı gülləri görmək istəyirdim. Getdim. Gözəl çıxışlarım oldu orda. Səhnədən şeir oxuyurdum, ingilis dilinə çevirirdilər. Bizi dostluğa, sülhə çağıran şeirlər oxuyurdum. Səhnədən düşəndə yanıma gəlirdilər, qucaqlayırdılar məni. Zəncilər də gülər üzlə yaxınlaşırdı, görüşürdülər mənimlə. Qorxurdum ey... (gülür) Yaşım az idi, həm də utancaq idim. Bir dəfə qarşıma böyük bir qutu gətirib qoydular. Dedim, görəsən bu qutunun içində nə var? Qorxağın biriyəm ey... Dedilər, açın, o sizin üçündür. Açdıq ki, nə? İçi dolu güllər! Uşaq vaxtlarımdan arzu etmişdim ki, görəsən Amerika gülü necə olur? Gözləmədiyim bir vaxtda arzum çin olmuşdu. Allah mənə elə şeylər yetirib ki, inana bilməmişəm ki, bu ola bilərmiş...


Günel NATİQ