adalet.az header logo
  • Bakı 20°C
23 Sentyabr 2019 14:29
12061
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: TƏLƏSİRƏM, ONA GÖRƏ DƏ YERÜSTÜ KEÇİDDƏN KEÇMİRƏM

Bu gün respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyi çox böyük əhəmiyyət kəsb edir. Çünki heç kəsə sirr deyil ki, hər gün avtomobil yollarında ağır qəzalar baş verir və bu hadisələr zamanı ölənlər və xəsarət alanlar olur. Təbii ki, bu cür faciəli qəzaların baş verməsi hamını narahat edir. İlk növbədə bu məsələlər hərəkətin təhlükəsizliyini təmin etməli olan yol polisini və eləcə də hərəkət iştirakçılarını düşündürür. Ən azından ona görə ki, yol polisi bu mövcud təhlükələri aradan qaldırmaq üçün 24 saat öz vəzifə borcunu yerinə yetirir.

Göründüyü kimi, təkcə yol polisinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə baş verə biləcək qəzaların qarşısını almaq elə də asan məsələ deyil. Bu problemlərin həllində sürücülər və piyadalar da öz məsuliyyətlərini başa düşməli, anlamalı və çıxış yolları tapmalıdır. Birmənalı olaraq deyə bilərik ki, yol polisi təhlükəsizlik tədbirləri ilə əlaqədar bütün zəruri addımları atır. Amma sadəcə olaraq, hərəkət iştirakçıları da öz üzərlərinə düşən vəzifələri dərindən götür-qoy etməli və çıxış yolları axtarmalıdılar.


Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımı da Bakı-Quba avtomobil yolunda hərəkətin təhlükəsizliyi üçün qabaqlayıcı tədbirləri vaxtında həyata keçirir. Belə ki, tağım əməkdaşları bir qayda olaraq kobud qayda pozuntualrına qarşı mübarizəni diqqət mərkəzində saxlayır, reyd və yoxlamalarda qəza şəraiti yaradanlara, sərxoş sürücülərə, sürət həddini aşanlara və eləcə də digər qayda pozuntularına yol verənlərə birmənalı olaraq daha çox məsuliyyətlə yanaşırlar. Yənu bu cür qaydaları pozan sürücülər barəsində inzibati protokol tərtib edilir və onlar cərimə olunurlar. Gəlin onunla razılaşaq ki, bu gün bizim məmləkətimizdə sürücü mədəniyyəti bir o qədər də yüksək səviyyədə deyil.

Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, respublikanın avtomobil yollarında harda radarlar varsa və yol polisi gözə dəyirsə, orda bütün sürücülər sürət həddinə əməl edirlər. Elə ki, radar olmadı, yol polisi də yolda gözə dəymədi, bax, onda bir çox sürücülər avtomobilləri hətta təyyarə sürətilə idarə edirlər. Yüksək sürət isə birmənalı olaraq həmin sürücünü ölümə aparır. Və qəzaların da böyük əksəriyyəti avtomobillərin yüksək sürətlə idarə olunması nəticəsində baş verir. Bunu kim bilməsə də, hər gün sükan arxasında əyləşmiş sürücülər yaxşı anlamalıdılar.


Bakı-Quba avtomobil yolunda sürət həddini aşan və eləcə də digər qayda pozuntularına yol verən kifayət qədər sürücülər var. Bununla yanaşı, bir çox halda yol polisinin "saxla!” əmrinə tabe olmayan sürücülər də az deyil. Məhz buna görə də 1-ci tağımın əməkdaşları bu cür ərköyün, özündənrazı sürücülərə qarşı həmişə sərt mövqe tuturlar. Hətta bir çox sürücülər yolun müəyyən istiqamətlərində təmir aparılmasına belə diqqət yetirmirlər. Düzdür, yolu təmir edən əlaqədar qurum da gərək həmin işləri həftələrlə, aylarla ləngitməsin, qısa zaman kəsiyində o təmir işlərini başa çatdırsın.

Təəssüf ki, Bakı-Quba avtomobil yolunun müəyyən istiqamətlərində yollar təmir edilərkən ləngidilir və bu zaman da bir çox sürücülər həmin maneələrə rast gələndə qəzalar qaçılmaz olur. Avtomobil yolunun bir neçə hissəsində bu təmir işlərinin ləngidiləməsi qəzalara şərait yaradır. Həmin şəraiti aradan qaldırmaq üçün 1-ci tağımın o yerlərdə naryadları fəaliyyət göstərir. Amma buna baxmayaraq, yol təmirsiz olduğu üçün yenə qəza şəraiti qalmaqdadı.


Qəza şəraiti törədən digər səbəblərdən biri isə Sumqayıt şəhərini keçəndən sonra yolların gecə saatlarında işıqlandırılmamasıdır. Yollar işıqlandırılmadığına görə, qəzalar üçün günün qaranlıq saatında münbit şərait yaradır və piyadalar o yolu keçərkən təhlükə ilə üzləşir. Və bəzən də yolun işıqlandırılmamasının və piyadanın şəraiti nəzərə almaması üzündən onun vurulması baş verir. Başqa bir səbəb isə piyadaların yolun təyin olunmamış yerindən keçməsi ilə bağlıdır. Çünki bir çox piyadalar Xırdalan, Ceyranbatan yaşayış sahələrindən keçərkən yerüstü keçidlərdən istifadə etmir, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi avtomobil yolundan istifadə edirlər. Bu isə birmənalı olaraq piyadanın həyatını təhlükə qarşısında qoyur. Çox təəssüf ki, piyadalar yerüstü və təyin olunmuş yerlərdən az istifadə edirlər.

Piyadalarla bağlı 1-ci tağımın əməkdaşları dəfələrlə reydlər keçirir. O reydlərdə biz də iştirak eləmişik. Reydlər zamanı çoxlu sayda piyada yolun təyin olunmamış yerindən keçib və yerüstü keçidlərdən istifadə etməyiblər. Həmin piyadaların əksəriyyəti yol polisi tərəfindən saxlanılır, onlara xəbərdarlıq edilib və maarifləndirilib.

Reydlərin birində tağım komandiri, polis mayoru Ürfət Şükürov da iştirak edirdi. Ürfət Şükürov yerüstü keçiddən istifadə etməyən piyadanı saxladı. Soruşdu ki, niyə yerüstü keçiddən istifadə etmirsən? Piyadanın isə cavabı çox qəribə oldu: "Tələsirəm, ona görə də yerüstü keçiddən keçmirəm”. Təbii ki, tağım komandirinin göstərişi ilə yol hərəkəti qaydasını pozan piyada barəsində inzibati protokol tərtib edildi və o, 20 manat məbləğində cərimə olundu.


Keçirilən reyddə 1-ci tağımın əməkdaşlarından Əli Rzayev, Anar Hümmətov, İslam Cəfərov, Vaqif Hüseynov yol hərəkəti qaydasını pozan sürücülər barəsində inzibati protokol tərtib etdilər. Eyni zamanda bir neçə sürücü ilə maarifləndirici söhbətlər oldu. Təbii ki, həm inzibati, həm də maarifləndirici söhbətlər mövcud təhlükənin aradan qaldırılmasında əvəzsiz rol oynayır.

Birinci tağımın komandiri, polis mayoru Ürfət Şükürov görülmüş tədbirlərlə bağlı bildirdi ki, payız və qış mövsümünün gəlişi ilə əlaqədar olaraq daha zəruri tədbirlər planı həyata keçirəcəyik. Çünki hər iki mövsümdə hava şəraiti mürəkkəb olur, yağış və qar yağır. Bu cür hava şəraitində də nəqliyyat vasitələrini idarə etmək bir qədər də çətinləşir. Ona görə də əməkdaşlarımız hər iki stasionar postda sürücülərlə fərdi söhbətlər edir, yağışlı, qarlı havada onlara sürət həddinə əməl etməyi və ara məsafəsi saxlamağı xatırladır. Təbii ki, qaydalara əməl etmək mövcud təhlükəni istənilən hava şəraitində aradan qaldırmağa imkan verir.

Keçirilən reydlər və yoxlamalar onu görstərir ki, Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları hərəkətin təhlükəsizliyi üçün bütün qabaqlayıcı təcrübədən və metoddan istifadə edir, sürücülərin, hərəkət iştirakçılarının mənzil başına sağ-salamat çatması üçün qüvvə və bacarığını əsirgəmirlər.

Reyddə iştirak edirdilər: Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru; Rasim ƏLİYEV – 1-ci tağımın baş inspektoru, polis baş leytenantı; Anar HÜMMƏTOV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Adil İSMAYILOV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Emin ƏSƏDOV- 1-ci tağımın inspektoru, polis baş serjantı; İslam CƏFƏROV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı