“Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi
Bugün Beynəlxalq
Mətbuat Mərkəzində Azərbaycan "Türk ocağı”nın bərpası konfransı
keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk
Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram, İstanbul
Universiteti Türkiyat Araşdırmaları İnstitutunun direktoru, professor
Mustafa Balcı, Türkiyədən gəlmiş 10-ya yaxın elm adamı, millət
vəkilləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin
aparıcısı, Mətbuat Şurasının sədri Əflatun Amaşov "Türk ocağı”nın
bərpaçılarını təqdim edib. Çıxışlardan öncə Azərbaycan və Türkiyənin
dövlət himnləri səsləndirilib və ardınca "Türk ocağı”nın yaranması ilə
bağlı sənədli film nümayiş etdirilib.
Qeyd
edək ki, Azərbaycan "Türk ocağı”nın bərpaçıları - millət vəkili,
Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva,
millət vəkili Cavanşir Feyziyev, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə
təmsilçisi, Uluslararası İlişkilər və siyasi elmlər doktoru İrfan
Çiftçi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın,
tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əli bəy Hüseynzadənin
varisi Cəmilə Hüseynzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Abdulla
Şaiqin nəvəsi Ülkər Talıbzadə, "Şərq” qəzetinin baş redaktoru, tarix
üzrə fəlsəfə doktoru Akif Aşırlı, "Şərq” qəzetinin baş redaktorunun
birinci müavini Yusif Nəzərlidir.
İlk
söz "Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif
Aşırlıya verilib. Baş redaktor Azərbaycanda "Türk ocağı”nın bərpası
barədə uzun zamandır düşündüyünü deyib:
"1911-c
ildəTürkiyənin çöküşü prosesinin qarşısını alan 190-a yaxın tibb
tələbəsinin israrlı tələbi üzərinə türk ziyalıları İstanbulda Əhməd bəy
Ağaoğlunun evində toplaşdılar. 1912-ci ildə İstanbulda "Türk ocağı”
quruldu. Bu Ocağın qurucuları çağdaş Türkiyənin qurulmasında mühüm rol
oynadılar. Eyni zamanda milli ruhun diri tutulmasında iştirak etdilər.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən "Türk ocağı”nın
yaradılmasının tarixi bağlantılarını nəzərə alaraq belə bir cəmiyyətin
Azərbaycanda təsisinin zəruri olduğunu düşündük. Bununla bağlı
Türkiyədən olan dəyərli elm adamları və ziyalılarla müzakirələr apardıq.
Müzakirələrdə bizə dəstək verdiyinə görə İstanbul Türk Ocaqları başqanı
Cezmi Bayrama təşəkkür edirəm. Həmçinin, Türk Ocaqları başqanı Mehmet
Özə minnətdarlığımı bildirirəm. Nəzərə çatdırım ki, Cümhuriyyət vaxtı
Azərbaycanda milli təsisatlar yaradılmışdı ki, onlardan biri də "Türk
ocağı”nın bərpası idi. Azərbaycandakı "Türk ocağı” Türkiyədəki
təşkilatla eyniyət təşkil edirdi. Məramı türk birliyini təşkil etmək,
yenicə qurulan Cümhuriyyətə Türkiyənin maddi-mənəvi yardımlarını təmin
etmək idi”.
A.Aşırlı bərpaçıların arasında üç nəfərin adını xüsusi qeyd edib:
"Əli
bəy Hüseynzadənin nəvəsi Cəmilə Hüseynzadə, Abdulla Şaiqin nəvəsi Ülkər
Talıbzadə və Əhməd Cavadın nəvəsi Anar Axundzadənin adlarını xüsusi
vurğlamaq istəyirəm. Bu insanların babaları, Əhməd Cavad və Abdulla Şaiq
Azərbaycan Xalq Cümhuriyyətinə rəsmi şəkildə Azərbaycanda "Türk
ocağı”nın yaradılması ilə bağlı müraciət ediblər. Sentyabr ayında onlara
vəsiqə verilib və cəmiyyət fəaliyyətə başlayıb. Qurumun fəaliyyəti
bağlı kiçik kitabım çıxıb, eyni zamanda Türkiyə tükcəsində də çap
olunub. Hazırda bu mövzuda istifadə olunan mühüm elmi mənbələrdən
biridir. Bu cəmiyyəti bərpa etməkdə məqsədimiz Azərbaycanın türk
dünyasında yerinin, rolunun möhkəmlənməsi və ölkənin istiqlalıdır.
İstəyimiz Azərbaycanda "Türk ocağı”nın bərpası ilə Orta Asiyadakı Türk
respublikalarının sıx əlaqə qurmasına nail olmaqdır. Niyyətimiz "Türk
ocağı”nı ideoloji mərkəzə çevirməkdir. Qısa müddət ərzində saytımız da
fəaliyyət göstərəcək. Bundan əlavə 3 aydan bir jurnal da çap ediləcək”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında "Türk ocağı”nın bərpasını həyata keçirənlərə təşəkkür edib:
"Azərbaycanla
Türkiyə iki dövlət, bir millətdir. Azərbaycanın gücü Türkiyənin,
Türkiyənin gücü də Azərbaycanın gücüdür. Artıq arxamızı söykəyə
biləcəyimiz güclü bir Azərbaycan var. "Türk ocağı”nı bərpa edən hər kəsə
minnətdaram. Biz Türkiyə olaraq 28 ildir dünyada özümüzü çox rahat hiss
edirik. Çünki könül rahatlığı arxamızı yaslaya biləcəyimiz güclü
Azərbaycan var. Bilirik ki, qardaşımız yanımızdadır, bizimlədir. Bir il
öncə türk əsgəri Azərbaycanlı qardaşı ilə birlikdə Bakıda möhtəşəm parad
keçirdi. 100 il əvvəlki şanlı tarix yenidən təkrarlandı. Əsgərlərimiz
birlikdə yürüş edərək bütün dünyaya "tək yumruq, tək güc” olduğumuzu
göstərdilər. Bizim birliyimiz kimsəyə düşmən olmaq deyil, insanlığı və
mədəniyyəti daha irəliyə götürmək məqsədi güdür. O səbəbdən bəyan edirəm
ki, səfirlik olaraq "Türk ocağı”nın fəaliyyətinə hər zaman dəstək
verməyə hazırıq”.
Millət vəkili Cavanşir Feyziyev qurumun fəaliyyətini yüksək dəyərləndirib:
"Türk
ocağı”nın bərpası prosesində öncə Akif Aşırlıya minnətdarlığımı
bildirirəm. Çünki bu iş üçün bütün bərpaçıları, elm və iş adamlarını,
varisləri bir araya gətirən məzh Akif bəydir. "Türk ocağı”nın bərpası
birbaşa onun təşəbbüsü ilə reallaşıb və hesab edirəm ki, çox nəcbi bir
təşəbbüsdür. "Türk ocağı” öz tarixi rolunu oynayıb. Amma 1990-c illərdən
etibarən dünya xəritəsində yeni türk dövlətlərinin ortaya çıxması "Türk
ocağı”nın bərpasını zəruri edirdi. Çünki biz qloballaşan dünyada türk
mədəniyyətini, siyasətini bütün dünyaya çatdırmalıyıq. Fikrimcə,
qurumunn fəaliyyəti bu istiqamətdə yardımçı olacaq”.
Türk
Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram da "Türk
ocağı”nın uğurlu fəaliyyət göstərəcəyindən əminlik ifadə edib:
"Azərbaycanda
bərpa edilən "Türk ocağı”na fəaliyyətində uğurlar arzu edirəm və
başqanımız Mehmet Özün salamlarını çatdırıram. Çox xoşbəxtəm ki, belə
bir tarixi ana şahidlik edirəm. 60 ilə yaxındır tükrçülük və turançılıq
ideyasının yayılması üçün çalışıram. Hesab edirəm ki, "Türk ocağı”nın
Azərbaycanda bərpa konfransına qatılmağım indiyə kimi gördüyüm faydalı
işlərin mükafatıdır. "Türk ocağı”nın qurucuları arasında Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Yusuf Akçura kimi türk dünyasının böyük
fikir adamları var idi. Yəni, "Türk ocağı” qurulduğu gündən etibarən
sadəcə Türkiyəyə məxsus bir dərnək olmayıb. Bütövlükdə türk dünyasının
cəmiyyəti olaraq ortaya çıxıb. Buna görə də fəaliyyət bölgəsi "türklərin
yaşadığı hər yer” olaraq müəyyən edilib. Cəmiyyətin heç vaxt siyasi
məramı olmayıb. Məqsəd türklərin mədəni birliyini təsis etmək,
tariximizin və dilimizin qorunması olub. Azərbaycanda bərpa edilən "Türk
ocağı” Türkiyə ilə digər türk respublikaları arasında mədəni əlaqələrin
qurulması baxımından çox önəmlidir. "Türk ocağı” türk dünyası ilə
aramızda bir körpü rolunu oynayacaq. Ona görə də bu cəmiyyətin yenidən
təsis edilməsi olduqca mühüm hadisədir. Bərpa prosesində qurucu
insanların varislərinin iştirakı isə həyəcanverici bir olaydır. Biz
Türkiyədə çox çalışsaq da, qurucuların varislərini bu prosesə cəlb edə
bilmədik. O baxımdan arzu edirəm ki, siz öz işinizlə bizi arxada
qoyasınız. Sizin daha da irəliyə getməyiniz bizi ancaq və ancaq
qürurlandırar”.
Millət vəkili Qənirə Paşayeva da vurğulayıb ki, belə bir qurumun varlığına ehtiyac böyükdür:
""Əhməd
bəy Ağaoğlunun gözəl bir sözü var. Deyir ki, "türklük bölünə bilməyəcək
qədər tamdır”. Bizim də məqsədimiz bu missiyaya xidmət etməkdir. Xeyli
öncədən hesab edirdik ki, "Türk ocağı”nın Azərbaycanda bərpa edilməsi
zəruridir. Çünki bunun böyük tarixi əhəmiyyəti var. Akif Aşırlı bu işə
çox böyük əmək sərf edirdi. Çox şadam ki, Akif bəy bunun reallaşması
istiqamətində yorulmadan çalışdı və bizim hamımızı "Türk ocağı”nın
ətrafına cəm etdi. Bəziləri hesab edir ki, əgər 100 il keçibsə, deməli
Türk ocaqlarının işi də başa çatıb. Qətiyyən elə deyil. Çünki Türk
ocaqlarının missiyasındakı ana xətt sərhədlər üstü milli düşüncə
anlayışıdır. Bizim buna çox ehtiyacımız var”.
Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın belə bir tədbirdə olmağın onun üçün şərəf olduğunu söyləyib:
"İş
adamı olaraq alimlər məclisində iştirak etmək və orada nəsə söyləmək
mənim üçün çox çətindir. Amma söz verirəm ki, canla-başla bu Ocağa və
onun fəaliyyətinə dəstək verəcəm”.
Tarixçi-alim Firdovsiyyə Əhmədova da bəyan edib ki, "Türk ocağı”nın bərpası çox əlamətdar bir gündür:
"Mən
bu tədbiri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı
keçirilən tədbirlərin tərkib hissəsi sayıram. Bugün burada tarix
yazılır. Azərbaycan insanı hər zaman, tarix boyu Türkiyədən olan
qardaşlarına arxa-dayaq olub, onlardan yardımını əsirgəməyib. Azərbaycan
və Osmanlı ziyalıları birgə addımlayıblar. Müştərək tariximiz olub.
Türk xalqları arasında mədəni əlaqələri məhz iki tərəfin ziyalıları, elm
adamları təşkil edirlər. Bu, tarixən belə olub. Gözəl təşəbbüsə görə
Akif bəyə təşəkkür edirəm. O, həqiqətən əməl adamıdır. Sadəcə sözdə
qalmır, "Türk ocağı” ilə bağlı kitab yazandan sonra cəmiyyəti də təsis
edərək əməli fəaliyyətini ortaya qoyur”.
Daha
sonra söz "Türk ocağı”nın qurucularının varislərinə verilib. Əli bəy
Hüseynzadənin varisi Cəmilə Hüseynzadə həyəcanlı anlar yaşadığını
bildirib:
"Atam
sürgün olunanda 33 yaşı var idi. O, sürgünə gedəndə özü ilə Əli bəyin
fotosunu aparmışdı. İllər keçəndən sonra o şəkli mənə də göstərmişdi və
mən o zaman bilmişdim ki, Əli bəy Hüseynzadə kimdi və mən hansı ailəyə
məxsusam. Mən sürgündə anadan olmuşam və orada böyümüşəm. Bugün
Azərbaycanda olduğuma, babamın adını eşitdiyimə və bayrağımızı gördüyümə
görə çox şad oluram”.
Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə isə vurğulayıb ki, babasının "Türk ocağı”nın qurucusu olduğunu yeni öyrənib:
"Birləşəlim
türk oğlu, bu yol zəfər yoludur” deyən Abdulla Şaiq hər zaman türkçü,
turançı olub. Ancaq dövrün müəyyən prosesləri ilə əlaqədar o öz
fikirlərini və əqidəsini gizlətməli olmuşdu. Onun oğlu və irsinin
tədqiqatçısı Kamal Talıbzadə Abdulla Şaiqin gizli qalan tərəflərini
hissə-hissə xalqımıza çatdırmağa çalışmışdı və onun sovet dövründə çap
edilməmiş hekayələrini toplu şəkildə "Arazdan Turana” adı ilə çap
etdirmişdi. Abdulla Şaiqlə bağlı nə varsa, hamısı onun ev muzeyində
qorunur. Lakin mən "Türk ocağı” barədə eşidəndə çox təəccüb etdim. Çünki
bunu bilmirdim, hətta övladı belə bu barədə heçnə danışmamışdı. O
baxımdan belə bir məlumatı öyrənmək bizim üçün çox dəyərlidir”.
Azərbaycan
Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, Uluslararası İlişkilər və
siyasi elmlər doktoru İrfan Çiftçi də "Türk ocağı”nın Azərbaycanda bərpa
edilməsinin çox anlamlı olduğunu söyləyib.
Tədbirin sonunda "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bərpaçılar tərəfindən Azərbaycan "Türk ocağı”nın başqanı seçilib.
"Şərq” qəzetinin baş redaktorun birinci müavini Yusif Nəzərli isə başqan yardımçısı seçilib.
Həmçinin, qurumun nizamnaməsinin hazırlanmasına və fəaliyyət istiqamətinin müəyyən edilməsinə qərar verilib.
Məlumat üçün onu da əlavə edək ki, Azərbaycan "Türk ocağı”nın eyni adlı mətbuat orqanı da fəaliyyət göstərəcək.