adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Sentyabr 2019 12:46
21827
GÜNDƏM
A- A+

Vaqif Bayatlı Odər: Allahın ətəyində yetimlərə yer qalmayıb

























Daha heç kim heç nə istəməsin bu dünyadan,
Baxıb, baxıb yandım halınıza,
İstədiklərinizin hamısını ürəyimdən kəsib,
Ürəyimdən düzəldib verdim hamınıza.

Qorxmayın, gecələr də yatmaram daha,
Dayanaraq başınız üstdə əsə-əsə.
Qorxuram bircə an yumam gözlərimi,
Xoşbəxtliyinizdən azala nəsə.

Ancaq, Siz Allah, bəsdi, bəsdi daha,
Buraxın sızıldamağı, ağlamağı, ahı.
Hər gün nəsə istəyib yenə
Narahat etməyin Allahı.
Sizin əlinizdən Allahın ətəyində də
Yer qalmayıb yetimlərə, yazıqlara daha,
Nolar, bir az da siz rəhm eyləyin Allaha.
Qoyun çiçəklərin Allahtək açdığı bu yaz,
Açdırdığı çiçəklərə baxsın doyunca,
Rahat olsun Allah da bir az.

Xoşbəxtlik -- xoşbəxt olmaq deyil,
Öz ürəyində xoşbəxt eləməkdir hamını,
Hamını hamının ürəyində xoşbəxt etməyincə
Əl çəkən deyiləm sizdən,
Ha deyinin, ha deyin bu adam divanədi, dəlidi,
Bilin, hamını bir ürəkdə xoşbəxt eləmək,
Hamıdan xoşbəxt olmaqdan irəlidi.