adalet.az header logo
  • Bakı 7°C
21 Sentyabr 2019 12:20
37563
KRİMİNAL
A- A+

Xızıda sürücü polisləri silahla hədələyib

Sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində "VAZ-2109” markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub. Polis əməkdaşları tərəfindən həmin şəxsin Ağagül adlı Giləzi qəsəbə sakini olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı 65 ədəd tapança patronu, 1 ədəd patron darağı, 2 ədəd kabura, habelə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanlıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağagül Ağayev Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yaşadığı evin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş "Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.