adalet.az header logo
  • Bakı 7°C
21 Sentyabr 2019 11:46
59919
ƏDƏBİYYAT
A- A+

Qəşəm İsabəyli: “Şairləri asan yoxdu...” silsiləsi

Şairləri asan yoxdu...

Asan yoxdu şairləri,
Nə yazırlar, yazsınlar,
Cəhənnəmə canı!
Onsuz da
Sözün məsuliyyəti itib,
Şerin həyəcanı!

İnstinkt

Epidemiya kimi
Heyvani instinkt oyanıb
Cavanlarda,
Üstünə getdiklərinin
Sürüylə gedirlər
Üstünə!

Millət

Azalır... azalır millət...
Ağzı da azmır
Gəlinlərin day –
Yoxsa bu qədər alça,
Tökülüb qalmazdı
Bazarda!

Avqust

Elə bil qorabişirən deyil,
Belə də mıs-mırığ olar?!

Güzgü

Adamı yaxşı göstərmir indiki güzgülər,
Köhnə evimizdə bədənnüma biri vardı,
Allah-Allah, baxırdım,
Qadınlığımla gözüm düşürdü özümə.
İndi... baxıram... ətim tökülür...
Ay qız, bundan bizə güzgü olmaz,
Apar tulla zibilliyə.
–Kimi deyirsən, ay ana?!
–Necə kimi, məni?!
–Ay anaaa...
–Güzgünü!
–Candan eləmə –yazıqdı!
–Niyə?
–Nə tez yadından çıxartdın
20 il əvvəl bura köçdüyümüzü?!
–Nə danışırsan?!
–Atam canı!
–Deyirəm axı –
Niyə gözümə yaxşı görünmürəm!

Ələsgər Əlioğlu

Şairliyin, nasirliyin
Əzabı çoxdu şəhərdə –
Yazdın, kitabın çıxdı,
Gərək tərifi də çıxsın.
Yoxsa, nə yazıçılıq oldu bu?!
Xoş halına
Ələsgər Əlioğlunun,
Bakıda balaca yazarlar
Təmənnalı tənqidçilərə
Böyüdərkən özünü,
O da Xanqərvənddə oturub,
Vird eləyir fikrini, sözünü!

Qız ki...

Mərhum tərcüməçi-naşir
Adıgözəl Qəmbərovun
Dilinin əzbəriydi:
"Köhnə kişilər deyərdi –
Qız ki, mahmızını çərtdi,
Ver getsin!”
Zaman dəyişib,
İndi gərək
Buynuzu çıxsın qızların–
Ərlə kəllə-kəlləyə
Qoymaları var axı!

Hərdən

Hərdən İlyas Tapdıq yadıma düşür:
–Ay qağa, nəşriyyatın işləyir?!
Fikrət Sadığı xatırlayıram hərdən:
–Sən mənim anamın kəndçisisən!
Oqtay Rza heç yadımdan çıxmır:
–Necəsən, igid?!

Döyüş təlimləri

Növbəti təlimlərə başlayıb
Azərbaycan ordusu,
Özü də genişmiqyaslıdı!
Göydə göyü söküb-yığır
Qırıcılarımız,
Yerdə nərilti-gurultudan
Yer oynayır məhvərindən.
Yazığım gəlir toplara,
Tüfənglərə, pulamyotlara,
Atılan güllələrə,
Mərmilərə hayıf!
Dişi qanlı qayıtmayacaq
Birinin də!
Sən Allah, aparın məni
Qoyun mişen yerinə –
Vursunlar!
Heç olmasa "Ovun qanlı!”
Deyə bilək,
Heç olmasa!

"Sevirəm”

Kişinin var-dövlətini
Əlindən almağa nə var!
Təki kişi olsun,
Təki var-dövləti olsun!
Bir-iki dəfə böyür-başına
Keçirsən,
Bir-iki dəfə də gözlərini süzüb:
–Sevirəm səni! – Deyirsən.
Xaşıl kimi yayılmasa,
Adımı dəyişərəm!

Bəylər-bəyimlər...

İndi keçmiş deyil,
Keçmişin gələcəyidi indi.
Hər bəyin əlinin altında
Bir bəyim olmalıdır,
Hər bəyimin başı üstdə
Bir bəy.
Rəsmi nikahı-zadı
Unutmaq lazım gəlir.
Hərdən bəyin
Sınağa ehtiyacı olur,
Bəyimlərin isə hər zaman.

Heç olmasa

Deyirsən, həvəsim ölüb
Kitab oxumağa.
Oxuma!
İdman da eləyə bilmirəm,
Deyirsən.
Eləmə!
Heç olmasa
Rəfdə yerini dəyiş kitabların,
Ay zalım...
Heç olmasa!

Uşaqlıq xatirələri

İnsanlar
Uşaqlıq xatirələriylə vidalaşır,
Yaşa dolduqca,
Keçmişə qayıda bilməyəcək
İnsanlar.
Qurd kimi ağzını açıb ehtiyac,
Əldən-ələ keçir
İçində bir nəslin ruhu dolaşan
Evlər –
Bazara çıxarılır
Uşaqlıq xatirələrini!


Uşaqlar

Keçmişdə at olardı,
İt olardı uşaqlar –
Kişnəşərdilər,
Hürüşərdilər...
Kompyuter çıxandan,
Başlayıblar
Maşın olmağa –
Tez-tez də
Siqnal verirlər!


Vaxt

Qızılı qəlp eləməklə
Başını qatır adamlar,
Bir çaynik çayı qoyub süfrəyə,
Bir də ölkənin vəziyyətini –
Horta-hortla içirlər çayı,
Pıçıltıyla danışırlar ehtiyacdan.
Qızılı qəlb eləməklə
Başını qatır adamlar.

Yaz başı...

Yaz başı camışımız
Doqqazı buynuzuna götürüb,
Çıxardı həyətdən.
Anqıra-anqıra
Quyruğunu qoyardı belinə.
Gəzmədiyimiz yer qalmazdı,
Məşədi İlyas kişi kəsərdi yolumuzu:
–Xeyir ola, ay bala?!
–Camışı itirmişik.
–Ay zalım uşağı, bu vaxtı camışı
Həyətdə saxlamaq olar?!
Kələ qaçıb yəqin, döl tutmağa,
Doyub-doyuzdurub qayıdıb gələr...
Üç ötər dörd deyən günü
Başı göydə gedən camışımız,
Burnu yerdə qayıdardı.
İndi də qız-qadınlar –
Səsiz-səmirsiz itgin düşür.
Bir aydan, iki aydan sonra
Başı dik qayıdırlar ər evinə.
Saxla görüm,
Necə saxlayacaqsan!