AZƏRBAYCANI TüRKiYƏNiN GüNüNƏ SALMAYIN!

AQİL ABBAS
35203 | 2010-12-07 05:46
Beş-altı ay öncə bir əsər yazdım. Yazdım deyəndə bir az yekə çıxır. Mirzə Cəlilin "Ölülər" pyesinin üzünü köçürtdüm. Amma bir qədər fərqli. Yəni belə ki Mirzə Cəlil bu gün "Ölülər"i necə yazardı- deyə düşündüm və o cür yazdım. Yalnız Şeyx Nəsrullah obrazının adını dəyişdim qoydum Təsye. Və təbii ki, ilk oxucum xanımım oldu və gözləmədiyim halda əsəri çox bəyəndi. Amma dedi ki, bu əsəri hələ çap eləmək olmaz. Yoxsa səni daş-qalaq eləyərlər. Özü də birinci özüyünkülər daş-qalaq eləyər. Sözün düzü, sonra mən də qorxdum və əsəri çapa vermədim. Amma güman ki, ürəklənib çap edəcəm.
   
   Dəhşətlisi nədi? Mirzə Cəlil "Ölülər"i yazanda hansı zamanaydı?! Mirzə Cəlili nəinki daş-qalaq eləyərdilər, hətta şaqqalayardılar. Amma Mirzə Cəlil nə daş-qalaqdan qorxdu, nə də şaqqalanmaqdan - yazdı! Və xayxırıb tüpürdü şeyx nəsrullahlara inananların sifətinə.
   
   Çünki o Mirzə Cəlil idi. Bilmirəm hansı şair deyib: "Yüzümüz Sabiranə yazdıq, birimiz Sabir ola bilmədik".
   
   Bu girişi niyə yazdım? Çoxdandı məni narahat edən bir məsələ var. Yazmağa çətinlik çəkirəm. XX əsrin əvvəllərində Mirzə Cəlil xurafatdan qorxmadı, amma XXI əsrin əvvəlində sivil, demokratik bir dövlətdə mən xurafatdan qorxdum və qorxuram.
   
   Son zamanlar mətbuatda demək olar ki, hər gün hicab, türban məsələsi gündəmə gətirilir.
   
   Bu hicab və türban məsələsi Türkiyəni məhv eləyib. Türkiyənin problemləri başından aşıb-daşır, amma televiziyaları, mətbuat, parlament, baş bakan, cümhurbaşkanı türbanla məşğuldur. Bu türban problemi bir kabus kimi Türkiyəyə elə çöküb ki, Türkiyə bundan qurtula bilmir. Və qardaş Türkiyədə türban siyasi partiyaların bir alver predmetinə çevrilib. Və hətta Atatürkün partiyası olan CHP də, Kamal Kılıçdaroğlu başkanlığına gətiriləndən sonra, yönünü dəyişib və girişib türban alverinə. Nə isə, özləri bilər, inşallah XXII əsrdə çözərlər.
   
   Və bunu gözümüz görə-görə indi də bəzi din xadimləri Azərbaycanı bu problemə sürükləyirlər.
   
   Demokratiya carçısı olan bir neçə qəzet də bu din xadimlərinə dəstək verməkdədi.
   
   Qəzetələrdə oxuyuram, valideynlər tələb edirlər ki, övladlarının hicabla dərsə getmələrinə icazə verilsin. Müxtəlif Qeyri Hökumət Təşkilatları da mətbuat konfransları keçirirlər, tədbirlər keçirirlər, hətta forumlar təşkil edirlər və hicablı şagirdlərin hüquqlarının pozulduğunu bəyan edirlər və deyirlər insan haqları pozulur, Azərbaycan Konstitusiyasının verdiyi hüquqlar pozulur və sair və ilaxır, Avropadan imdad diləyirlər. Bəli, sabah bir də gördün hicaba qadağa qoyan, yüksək cərimə qoyan, nə bilim daha nə cəzalar tətbiq eləyən Fransadan, ya Belçikadan bir Bernar Fasye gəldi ki, siz niyə insanların hüquqlarını pozursunuz və sair və ilaxır, at gəldi örkən apardı.
   
   Ali məktəb cəhənnəm, hicabı orta məktəbə soxmaq istəyənlərin amacının, istəyinin arxasında nələr dayandığını bilmək üçün nə "Tarixi-Nadir"i , nə də Yunis Oğuzun "Nadir şah" əsərini oxumaq lazım deyil, həmin şəxslərin müsahibələrini və məqalələrini oxumaq kifayətdir.
   
   Azərbaycanda orta məktəb şagirdləri üçün məktəbli forması nəzərdə tutulub. Həm qızlar üçün, həm də oğlanlar üçün. Hətta məktəbli forması geyməyəni məktəbə buraxmırlar. Amma hörmətli Misir Mərdanovdan tələb edirlər ki, şagirdlərin dərsə hicabla gəlməsinə rəsmi icazə verilsin.
   
   Çox maraqlıdır, hicabın ən qatı tərəfdarı olan Türkiyənin cümhur başkanı sayın Abdulla Gülün xanımı ilk okula şagirdlərin hicabla getməsini pislədi. Amma biz şagirdlərin məktəbə hicabla getməsi uğrunda çalışırıq.
   
   Bizim dinimiz, deyək ki, dövlətimizin rəsmi dini İslamdı. Amma biz İslam dövləti deyilik. Bizdə dövlət dindən ayrıdı. Bütün sivil dövlətlərdə olduğu kimi bizdə də din dövlətin işinə qarışa bilməz. Amma bu çox dəhşətli bir şeydir ki, xaricdən dəstək alan bir para din xadimləri və Qeyri Hökumət Təşkilatları dövləti dinin təzyiqi altına salmağa çalışırlar. Təbii ki, buna gücləri çatmaz, amma hər halda dövlət üçün problem yarada bilirlər.
   
   Mən inanclı bir ailədə böyümüşəm. Bütün babalarım kərbəlayıdı. Atam da Kərbəlaya getmək istəyirdi, qismət olmadı, mən atamın bir əmisi oğlunu Kərbəlaya göndərdim ki, get, həm də atam əvəzi get. Bizim həm Ağcabədinin Bayat kəndində ocağımız var, həm də Ağdamda evimiz olub. Nə Ağcabədidəki, nə də Ağdamdakı həyətimizə şərab buraxılmayıb. Hətta atam mənim toyumu küçədə elədi ki, həyətə içki girməsin. Və mənim bütün yaxın dostlarım da bilir ki, 30 yaşına qədər nəinki şərabın, heç pivənin də dadını bilməmişəm. Mən inancı olan adamam və bütün inanclı adamlara da böyük hörmətim var. Allahını, peyğəmbərini tanımayan adam nə millətini tanıyar, nə özünü tanıyar, yəni deyək ki, heyvan kimi bir şeydi.
   
   Atamın anası namaz qılardı, oruc tutardı, çox dindar bir qadınıydı. Məhərrəmlikdə 40 gün də evində imamlarımızın xatirinə ehsan verərdi. Kəndimizdə bir molla Rüstəm vardı. Savadlı mollaydı. Hər cümə axşamı nənəm molla Rüstəmi çağırardı evə, kəndin ağsaqqalları, ağbirçəkləri də yığışardı bizə, molla Rüstəm də babamın Kərbəladan gətirdiyi kitabları oxuyardı, camaat da qulaq asardı. Atam da zarafatla deyərdi ki, ay bibi (anasına "bibi" deyirdi), bu evi lap məscidə döndərmisən.
   
   Amma o nənəmin heç vaxt hicab taxdığını görmədim. Başında bir saya qara yaylığı vardı. Ona görə qara yaylıq bağlayardı ki, oğlu Böyük Vətən Müharibəsindən dönməmişdi. Və kəndimizdə heç bir qadının hicab taxdığını görmədim. Ümumiyyətlə, 57 yaşım var, doğulduğum Qarabağın heç bir bölgəsində hicablı qadın görməmişəm. Analarımız, nənələrimiz yaylıq bağlayıblar, vəssalam. Bəlkə mənim nənəm və nənələrimiz, anam və analarımız, böyüdüyüm bölgədəki qadınlar Allahsız, peyğəmbərsiz idilər?
   
   Bəlkə bu gün Azərbaycanda hicab, türban geyinməyən qadınlarımız Allahsız, peyğəmbərsizdilər?
   
   İndi bilirsiniz Türkiyədə nələr baş verir? Hicab və ya türban geyinməyən qadınları bir çox məhəllələrdə və küçələrdə döyürlər. XXI əsrdə sivil bir dövlətin gününə baxın. Avropa İttifaqına girmək istəyən bir ölkənin halına baxın.
   
   Biz üzü Avropaya gedirik, yoxsa üzü İrana?!
   
   Bəli, hər kəs geyimində sərbəstdir. Heç kəsə nəyi, necə geyinməyi qadağan eləyən də yoxdu. Amma dinin qanunları olduğu kimi, dövlətin də öz qanunları var. Dövlət heç kəsə demir ki, türban geyinmə, hicab taxma. Amma dövlətin qurumları dövlətin qanunları ilə işləyir. Orta məktəb də, ali məktəb də dövlətin bir qurumudu, özü də çox ciddi bir qurumu.
   
   İnsanların inancları ilə oynamayın, insanların inancları ilə alver eləməyin.
   
   Və qardaşlar, Azərbaycanı Türkiyənin gününə salmayın. Çünki Türkiyənin gününə düşsək, yəqin ondan sonrakı mərhələ İrandır. Siz bunumu istəyirsiniz?

TƏQVİM / ARXİV