adalet.az header logo
  • Bakı 7°C
19 Sentyabr 2019 15:57
8572
GÜNDƏM
A- A+

“Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

Qazaxıstanın paytaxtı Nur-sultan şəhərində "Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasının (TDƏŞ) XXVIII plenar iclası keçirilir.

"Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, tədbirdə Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayındə heyəti iştirak edir.

İclasda TDƏŞ sədri, "Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorovun "Avrasiya nəqliyyat marşrutları: tranzit potensialının inkişafı” məruzəsi dinlənilib.

Sonra tədbir iştirakçıları tərəfindən TDƏŞ-in 27-ci plenar iclasının qərarlarının icrası, TDƏŞ sədr müavinlərinin hesabatları, Avropa-Asiya bağlantısında dəmir yolu dəhlizlərinin inkişafı, Asiya-Avropa bağlantısında konteyner qatarlarının tərkibində yük daşınmasının təşkili və həyata keçirilməsinin praktikası və problemləri, xətt xidməti və intermodal daşımaların inkişafı, nəqliyyat və logistika sahəsində rəqəmsallaşdırma, intellektual sistem və texnologiyaların tətbiqi, TDƏŞ-in "Elektron qatar” və "İnteqrasiya rəqəmsal platforması” layihələri müzakirə olunub.

Həmçinin tədbirdə Avropa-Asiya bağlantısında multimodal daşımaların fasiləsiz təşkilini təmin etmək üçün dəniz limanlarının infrastrukturunun və nəqliyyat imkanlarının inkişafı, Avropa-Asiya bağlantısında daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, TDƏŞ-in "Təhlükəsizlik qatarı” layihəsi, elektron yük monitorinqi sistemləri, yüklərin sığortalanması, TDƏŞ-in hökumət, beynəlxalq və qeyri-hökumət qeyri-kommersiya təşkilatlar ilə əməkdaşlığı, Transavrasiya dəmir yolu və multimodal daşımalarının inkişafının iqtisadi aspektləri, mövcud vəziyyəti və perspektivləri müzakirə obyekti olub.

Plenar iclasda, eyni zamanda təşkilati məsələlərə toxunulub, "Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasına yeni üzvlərin qəbulu məsələsinə baxılıb və "Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvü seçilib.

"Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasının XXVIII plenar iclası sabah işini davam etdirəcək.

Məlumat üçün deyək ki, Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurasının yaradılması haqqında Bəyannamə 1993-cü ildə Moskvada imzalanıb. Hazırda Şurada 100-ə yaxın şirkət, o cümlədən 24 ölkənin - Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Estoniya, Finlandiya, Fransa, Çin, Çexiya, İsveçrə, İsveç, Koreya Respublikası, Latviya, Litva, Macarıstan, Monqolustan, Norveç, Polşa, Qazaxıstan, Rusiya, Slovakiya, Ukrayna və Yaponiyanın dəmir yolları, dəniz limanları, nəqliyyat və logistika, sığorta, konsaltinq, informasiya texnologiyaları şirkətləri, mühafizə və istehsal müəssisələri, milli operator və ekspeditor assosiasiyaları təmsil olunmaqdadır. Şuranın əsas vəzifəsi Transavrasiya marşrutlarına əlavə yük həcmini cəlb etmək məqsədilə Avropa-Asiya bağlantısında yük daşınması iştirakçılarının fəaliyyətini əlaqələndirməkdir.