TüRKiYƏLi TüRK QARDAŞLARIMA BiR NEçƏ KƏLMƏ

AQİL ABBAS
36195 | 2010-10-15 06:56
Bəlkə də Azərbaycandakı 9 milyon insanın 8 milyonundan artığı Azərbaycan-Türkiyə milli takımlarının oyununda Türkiyənin qələbəsini arzulayırdı. Ona görə yox ki, biz öz milli takımımızı sevmirik. Sizlər öz milli takımınızı necə sevirsinizsə, təbii ki, biz də öz millilərimizi elə sevirik. Və biz həm də Türkiyənin milli takımını özümüzünkü sayırıq. Və inanıram ki, Türkiyədə də Azərbaycan milli takımı haqqında belə fikirləşirlər. Ulu Öndər Heydər Əliyevin çox müdrik ifadəsi olan "Bir millət, iki dövlətik" sözləri elə-belə söylənməyib.
   
   Bəs niyə biz Türkiyənin qələbəsini arzulayırıq? Çünki biz Avropa çempionatına getmək şansımızın o qədər də yüksək olmadığını az-çox bilirik. Və biz çox istəyirik ki, Avropada bir Türk takımı təmsil olunsun. Bizim də bayrağımız ucalsın orda. Yəni buna görə Türkiyənin qələbəsini arzulayırdıq. Hətta mən oyundan əvvəlki yazılarımda da bu sözlərimi söyləmişdim, Türkiyə millilərinə qələbə arzulamışdım.
   
   Və ilk dəfə olaraq mən həm Azərbaycanın, həm də Türkiyənin oyununu izləmədim. Çünki həddindən çox həyəcanlanacağımdan qorxdum. Bu idmandı. Olur böylə şeylər. Və oyuna baxarkən də gördünüz ki, bütün stadion Türkiyənin bayraqları ilə alışıb yanırdı. Yəni bu, bizim sevgimizi göstərirdi.
   
   Məsələ nədi, bunu niyə yazdım? Üç gündür Türkiyənin öndə gedən qəzetləri və eləcə də televiziya kanalları çox yaramaz bir söz, bir ifadə işlədirlər. Türkiyə milli takımının Azərbaycana məğlubiyyətini RƏZALƏT adlandırırlar. Yəni doğrudanmı Türkiyədə futbol mütəxəssisləri və futbol yazarları Azərbaycan futboluna bu qədər yuxarıdan aşağı baxırlar? Bu məni ağrıdır, bu məni incidir. Özü də təkcə məni yox, Türkiyəni canı qədər, qanı qədər sevən bütün azəri qardaş və bacılarımızı.
   
   Qardaşlar, əslində Belçika ilə oyundan sonra yazmalıydınız RƏZALƏTİ. Nə olsun ki, qalib gəldiniz? Almaniya ilə oyunda uduzandan sonra yazmalıydınız bu RƏZALƏTİ. Sizə futbol dərsini biz keçmədik, sizə futbol dərsini almanlar keçdi.
   
   Siz görmürsünüz ki, Türkiyədə futbol böhran içindədir. Siz görmürsünüz ki, Mustafa Dənizlinin, Fateh Terimin, Şenol Günəşin bozqurdları daha bozqurdlar deyil.
   
   Azərbaycana uduzmağınız RƏZALƏT deyil. Takımın özü rəzil bir günə düşüb.
   
   Maşallah, hazırda Avropada göylə əlləşən, göylə çarpışan türk futbolçuları var, eləcə də Türkiyənin özündə. Və bu göylə əlləşən, göylə çarpışan həmin oğulları göylə əlləşən, göylə çarpışan mustafadənizlilərə, fatehterimlərə, şenolgünəşlərə etibar etsəniz Türk milli takımı dünya 3-cüsü, Avropa 3-cüsü olanda olduğu kimi yenə göylə əlləşər, göylə çarpışar.
   
   İnanırıq ki, bütün dünya türklərinin hamısının milli takımı olan Türkiyə milliləri Avropaya gedəcək, sözünü də deyəcək, onda ki, Azərbaycanla oyunda yox, Belçika ilə, Almaniya ilə oyundan dərs alsalar.
   
   Sözgəlişi, bizlər Qazaxıstanla da oyunu izlədik. Qardaşlarımız heç elə bir oyun göstərmədilər.
   
   Bir daha başarılar, başarılar.
   
   Və sonda. Bizdən küsməyin. Adı da dilimə yatmır ey, hə, deyəsən Hoddink, ondan küsün ki, Türkiyə milli takımını bu səviyyəyə endirib.

TƏQVİM / ARXİV