adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Sentyabr 2019 15:59
26152
MARAQLI
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.

***


Kübra Məhərrəmova: "Övladıyla dost olan valideynə "bir təhər" baxan adamlarıq. Biz mütləq övladımızla düşmən olmalıyıq. Onda ləyaqətli oluruq millətin gözündə.

***


Nigar Adil: "Bir cümlədən asılı olan toplumu idarə etmək çox asandı


***

Elşad Məmmədli: "Bakı-Sumqayıt yolu. Ənənəvi tıxacdır. Hamı yavaş-yavaş öz tutduğu zolaqla gedir. Bir super ağıllı qaqaş banan görmüş meymun kimi bu zolaqdan o zolağa keçir, o zolaqdan bu birinə, qəza şəraiti yaradır. Bir nəfər yaşlı kişi ona irad tutdu, əvəzində acı cavab aldı, mübahisə yarandı, qaqaş qayıtdı ki, mənim başım xarabdır haa...
Elə bunu demişdi, digər bir maşından gənc, çox cüssəli oğlan düşdü gəldi, boynunu hinduşka kimi pəncərədən uzadıb, bağıran gədənin başına nə təhər qapaz vurdusa, səsi anındaca kəsildi. Heç şübhəsiz ki, dərhal ağıllandı.
Adamlar 3 cür olur axı: sözlə qanan, sazla qanan, qapazla qanan...”


***


İlhamə Əli: "Sürücüdən produsser, telefonçudan redaktor, işıqçıdan rejissor düzəldən xalqıma eşq olsunmu?


***

Nicat Hüseyn Dağlar : "Allah mənə Üzeyir Hacıbəyovun Şuşadakı evini ziyarət etmək bəxtəvərliyini qismət edib. Onun əşyalarına toxunmuşam... Yaxşı yadımdadır, yazı masasının üzərində not dəftərindən qopardılmış vərəq var idi. Üzeyir bəy orada öz əli ilə cəmi bir neçə not işarələmişdi...
Özü də bir dəfə deyil, çox olmuşam o evdə. Uşaqlıq illərinin yay tətillərini əksər hallarda Şuşada keçirərdik və hər dəfə də o MÜQƏDDƏS OCAĞA ilk dəfə gedirəmmiş kimi üz tuturdum. O evə aparan yol hələ də gözümün önündədir. Qismət olsa bir də Şuşaya getsək, Üzeyir bəyin evini gözüyumulu taparam.
Allah sənə rəhmət eləsin, BÖYÜK KİŞİ!”


***


Qadir İbrahimli: "Adam ya kişi olur, ya da olmur, orta variant yoxdur


***


Dəniz Pənahova: "İnsanlar özlərini dərk etməyəndə güzgü kimi onların qarşısına çıxırsan və onlar başlayırlar cızığından çıxmağa. Yenə özlərini görməkdən qorxurlar. Müəyyən mənada diktaturanın da təsiri var.


***

Zakir Osmanov: "Bu gün dərsdən gələn üçüncü sinif uşaqlarından kitabı alıb tədris proqramına baxmışam, tapşırıqlar eynilə belədir: İki dəvə uçurdu, biri boz o birisi isə sola. Əgər eşşəyin dörd yaşı olarsa, bir kiloqram asfaltın çəkisi nə qədərdir?”

***


İntiqam Valehoğlu: "O gün meyvə alıram, məndən qabaqda bir xanım var. Satıcıya deyir ki, limon ver, amma turş olmasın. Satıcı da 25-26 yaşlarında cavan uşaqdı, hiss edirsən ki, əksər həmkarlarına baxanda ədəb-ərkanı yerində olan adamdı. Nəysə...qadın çox dirəşdi ki, şirin limon olsun, oğlan qayıtdı ki, əgər yemək üçün istəyirsinizsə, bəlkə, şirin mandarin çəkim? Hələ üstəlik qiymətdə də güzəştə gedəcəyini dedi. Əlqərəz, qadın 2 limon aldı, bir az da mandarin, çıxdı getdi. Satıcıdan soruşuram ki,belə şirin limon istəyən alıcılar çox olur? Deyir, şirin limon toya getməlidi e, o gün bir qadın gəlib ki, 3 kilo alma çək, amma sonra da palirovka elə. Soruşuram ki, necə yəni palirovka eləyim? Qadın deyib ki, elçiliyə gələcəklər, almaları elə palirovka elə ki, vazada parıldasın, qəşəng görünsün. Soruşuram ki, bəs siz bu almaları vazaya qoymazdan əvvəl yumayacaqsız? Deyir ki, yox, eləcə stolda qəşəng görünsün.
Satıcıdan soruşdum ki, bəs belə vəziyyətlərdə neyniyirsən? Əliylə dairə işarəsi göstərdi. Deyirəm, o nədir?
-Çörəh...
-Nə çörəh?
-çörəyimizin xətrinə yola veririk, nağayrax? O gün də bir xala gəlmişdi...”


***


Həbibə Abdullayeva: "Bir az da valideynlərdən gileylənək. Deməli, Bilik günü tədbirində hərə əlində bir telefon şəkil çəkmək üçün canfəşanlıq edirdi. Ədalət üçün deyim ki, mən də kütləni yarıb qabağa keçib Nərgizin şəkillərini çəkdim, amma razı qalmadım, düşündüm ki, gələcəkdə baxıb xatırlamağı üçün yaxşı görüntülər ala bilmədim. Özümün məktəbə getməyim, ümumiyyətlə məktəb illərim elə dövrə düşüb ki, çox az fotom var, ona görə çalışıram ki, qızımda bu problem olmasın. Hə, deməli, bizim məktəbin məcburi köçkün, fiziki məhdudiyyətli fotoqrafı var, yaşlı adamdır, o gəlib siniflərə girib müəllimlərlə uşaqlarımızın, həm də tək şəkillərini çəkib, çıxarıb verib. Valideynlərimiz dünən və bu gün özlərinə əl qatıblar ki, şəkillər bahadır. Halbuki bir toyda 2, 3, hətta 5 manata saysız-hesabsız şəkil çəkdirib çıxırlar başqa vaxt. Etirazımı bildirdim, iradlarımı dedim.
Məktəbdən verilən kitablar istifadəyə yararsızdır, heç onun davasını edən yoxdur, amma hamı şəkil davasındadır.
P.S. Belə getsə müəllim və valideynlər hamısı mənə nifrət edəcək.”