UNUDULMAYAN İNSAN
Elə insanlar var ki, onlar vətənin ən ağır günündə və çətin anlarında heç vaxt rahatlıq tapa bilmirlər. Yəni bu insanlar görürlər ki, tay-tuşları, dostları əlinə silah götürüb cəbhəyə gedir. Təbii ki, bu hisslərin oyanması və baş qaldırması insanın içində böyük bir təlatüm yaradır və onu Vətəni qorumağa səsləyir.
Böyük Vətən Müharibəsi başlayan kimi Qasım Əsəd oğlu Əsədovda cəbhəyə yola düşür. İkinci dünya müharibəsinin ən ağır anlarında və məqamında o heç vaxt vətənini darda qoymur, silaha sarılaraq ağır döyüşlərə atılır. Qasım kişi heç vaxt fikirləşməzdi ki, hansısa döyüşdə yaralana, yaxud da ölə bilər. Qasım kişi fikirləşirdi ki, sonuncu patronuna qədər vuruşmalıdır və düşmənə aman verməməlidir.
Güllələr yağış kimi yağanda o heç də bundan qorxmadı. Çətin vəziyyətdə olan döyüşçü dostunu atəş mövqeydən çıxarmağa çalışırdı. Daha doğrusu, onun silahdaşı yaralandığı üçün həmin əsgəri yağış kimi yağan güllələrin altından çıxarmaq üçün heç nədən qorxmamalıydın. Qasım da qorxu-ürkü bilmədən döyüş mövqeyindən yaralı əsgər dostunu çıxardı. Geriyə qayıdıb həmin sahəni minalamaq istəyəndə, alman əsgərləri tərəfindən əsir götürüldü. Ancaq əsirlikdə də mərdliyi, döyüşkənliyi və cəsarəti onu çətin vəziyyətdən xilas etdi. Növbədə olan bir neçə alman əsgərini qətlə yetirib saxlanılan zonadan uzaqlaşdı. Onun arxasınca alman əsgərləri axtarışa başladılar. O yer, o kənd qalmadı ki, orda axtarış aparmasınlar. Hətta bu məqsədlə xüsusi təlim görmüş itlərdən də istifadə edirdilər. Qasım kişinin izinə düşəndə artıq hər şey gec idi. O, qısa zaman kəsiyində özünü döyüşçülərimizə çatdırmış və almanların hərbi hissələrinin harda yerləşməsi barəsində dəqiq məlumat vermişdi.
Müharibə o qədər ağır və o qədər çətin bir imtahandır ki, o döyüşlərdən heç də hər adam sağ çıxa bilmir. Birmənalı olaraq, anlamaq lazımdır ki, əgər kimsə müharibədə iştirak edirsə, ya o yaralanmalıdır, ya da ölməlidir. Əgər bu iki hadisənin biri baş verməyibsə, deməli həmin insan döyüşdə iştirak etməyib və sadəcə olaraq, arxa cəbhədə olub. Amma iş elə gətirdi ki, Qasım Əsədov həmişə ön cəbhədə olurdu və ən ağır döyüşlərdə komandirlərin tapşırığını çox vicdanla, namusla yerinə yetirirdi. O, Ukrayna cəbhəsindən Varşavaya qədər döyüş yolu keçib. Və bu döyüş yollarında nə qədər qanlı-qadalı və ölümlü-itimli anların şahidi olub.
Günlərin birində isə bir neçə dəstə ilə almanların mühasirəsinə düşürlər. Hər tərəfdən mühasirəyə alınmış əsgərlərimizi bu çətin vəziyyətdən yenə Qasım Əsədov xilas edir. Çünki o gizli yolları, izləri hamıdan yaxşı bilirmiş. Mühasirəyə düşən əsgərlərimizi gizli yolla ordan çıxarır. Ancaq böyrəyindən ağır güllə yarsı alır. Böyrəyindən ağır güllə yarsı alandan sonra onun üzərində təcili əməliyyat aparıb böyrəyini çıxardırlar və hospitala göndərirlər. O, hospitalda da çox qalmır, bir aydan sonra öz xahişi ilə yenidən cəbhəyə səngərə qayıdır və ağır döyüşlərdə iştirak edir.
Əlbəttə, Qasım Əsədovu qələbədən-qələbəyə aparan və uğur qazandıran onda olan böyük Vətən sevgisi idi. O, sevgi ki, heç vaxt onu tənha qoymurdu və ürəyinin dərinliyində həmişə bu duyğular, bu hisslər Qasım kişini qələbəyə səsləyirdi.
Qələbə xəbərini isə Varşavada eşidir. Onda hamı kimi o da sevincindən papağını göyə ataraq «Urra!» - deyərək qışqırıb və cəbhə yoldaşlarını qucaqlayaraq təbrik edib. Yəqin ki, bu anları və qələbə sevincini o da böyük səbirsizliklə gözləyirdi. Müharibə bitəndən sonra yenidən Mingəçevirə qayıdır. Onu da qeyd edək ki, Qasım Əsəd oğlu Əsədov müharibədən əvvəl də çox ağır və məşəqətli günlər yaşayıb. Belə ki, o, 1920-ci ildə Qərbi Azərbaycanın Masisi rayonunda anadan olub. Erməni vəhşiləri onun atasını, anasını gözü qarşısında güllələyiblər. Sonradan bibisi onu Qərbi Azərbaycandan götürüb Ağdaşa gətirib və ordan da Mingəçevirə qayıdıb. Elə burda da o böyüyüb, boya-başa çatır və bir igid oğlan olur.
Qasım kişinin ocağını yandıran iki qız övladı, beş nəvəsi, beş də nəticəsi var.
Böyük Vətən Müharibəsində göstərdiyi igidliyə görə Qasım Əsədov müxtəlif orden və medallarla təltif olunub. Biz onların adını bir-bir sadalamaq istəmirik. Ən yadda qalnı isə odur ki, prezident Heydər Əliyev tərəfindən 1995-ci ildə Qasım Əsədov Qələbənin 50 illiyi münasibətilə medalı ilə təltif olunub. Həmişə ötən günləri və müharibəni xatırlayan bu gözəl insan günlərin birində özü də xatirəyə çevrilir və 2000-ci il aprelin 24-də Allah dərgahına qovuşub. Amma qəhrəmanlar və Vətəni sevən insanlar isə heç vaxt unudulmurlar, yaddan çıxmırlar.