ASTARA, ASTARA GÖMRüKXANASI VƏ SÖHRAB TAHiRiN QOLLARI...

AQİL ABBAS
30631 | 2010-10-15 06:58
Az qala 20 ildi sərhəd açılsa da və sərhəd açılana qədər içi mən qarışıq hamımız "Təbriz, Təbriz" deyib bağırsaq da, mən Arazın o tayına keçməmişdim. Bu gün, sabah... və bu gün-sabah gəlib çıxmışdı indiyə.
   
   Səhərisi Orucluq bayramı başlayırdı, xanımım dedi ki, dörd gün iş yoxdu, bəlkə gedək Şah İsmayılın məzarını ziyarət edək? Ümumiyyətlə, pis sürücü olsam da, bu yay özüm sükan arxasında oturub ailəmlə demək olar ki, Azərbaycanı gəzmişəm. Ən ucqar nöqtələrinə getmişəm. Bir yazı da yazdım , yəqin ki, arxası da olacaq. Dedim ki, gedək. Həm Astaranı gör, cənnətdi, inanmadı ki, Astara cənnətdi, həm də ordan keçib gedək Ərdəbilə.
   
   Astara doğrudan cənnətdi. Təkcə meşələri ilə, dağları ilə, bulaqları ilə, havası ilə, suyu ilə yox, həm də adamları ilə.
   
   Yadıma rəhmətlik İbrahim Bozyeiln (İqdırdan olan bir gözəl yazar və millət vəkili idi, avtomobil qəzasında həyatını qeyb etdi) bir sözü düşdü. Sovetlər dönəminin asıb-kəsən vaxtı İbrahim bəy Azərbaycanın görkəmli şairi Məmməd Aslanın qonağı idi. Mən də Məmməd Arazla təzə qohum olmuşdum. Məmməd Aslanla gəlmişdi Məmməd Arazı ziyarətə. Məmməd Araza gileyləndi. Dedi ki, Məmməd bəy məni aparır Qubaya, Qusara, deyir bu ağaca bax nə gözəldi, bu bulağa bax nə gözəldi, bu daşı görürsən? Mən də deyirəm ki, Məmməd bəy, bu ağacdan, bu çiçəkdən, bu güldən, bu daşdan, bu dağdan Türkiyədə də var, bunlar insanları ilə gözəl olur, sən mənə insanları göstər.
   
   Yəni Astaranın də cənnətliyi insanlarıyladı - o mehriban, o həlim, o qonaqpərvər, üzündə nur, işıq olan insanlarıyla.
   
   Mən Astarada əvvəllər də olmuşam, bir kənd idi. İndi Astara Avropa şəhərləri ilə müqayisə oluna biləcək bir şəhərə çevrilib. Son illərdə Astarada o qədər abadlıq işi görülüb ki, öz gözünlə görməsən inanmazsan. Küçələri, yolları, parkları, bağları... Hələ Sovet dönəmi vaxtından öyrənmişəm hansı rayona getsəm Qonaq evində qalıram. Day bunu şərh eləməyə ehtiyac yoxdur. Astarada Qonaq evində qalmadım. "Şindan" otelində qaldım. Bu yaxınlarda Ukraynadaydım. Astaranın "Şindan" otelinin həm özü, həm otağı Ukraynanın beşulduz otelindən daha gözəl idi, daha yaraşıqlı idi.
   
   Bir də ən çox xoşuma nə gəldi? Otellə üzbəüz uşaq əyləncə mərkəzi var idi. Axşam keçdim orda bir stəkan çay içməyə, həm də görüm burda nə var? Bu əyləncə mərkəzində cocuqlarımızın istirahəti və əylənməsi üçün elə gözəl bir şərait var idi ki, məəttəl qaldım.
   
   Möhtərəm prezidentimiz İlham Əliyevin regionların inkişafı ilə əlaqədar verdiyi sərəncam və regionların inkişafı üçün apardığı siyasət Astarada yeni və Avropasayağı bir şəhər yaradıb. Təbii ki, burda həm də rayon icra hakimiyyəti başçısının prezidentin sərəncamına layiqincə əməl etməsi də böyük önəm daşıyır. Bəxtimdən bərk yağışlar yağdığından kəndləri sel-su götürmüşdü və icra başçısı Mahir müəllim sel-su ilə məşğul olduğundan onunla görüşə bilmədim, amma telefonla aradım-axtardım. Dilxor vəziyyətdə olsa da ürəyimdən keçənləri ona dedim.
   
   Niyə yazımın adını "Astara, Astara gömrükxanası və Söhrab Tahirin qolları" qoymuşam?
   
   Səhər-səhər getdik İrana keçməyə. Astara gömrükxanası Avropada olan ən gözəl gömrükxanalardan biridi. Burda elə bir şərait yaradılıb ki, elə bilirsən Fransadasan, Almaniyadasan, nə bilim Çexiyadasan. Səliqəsi, səhmanı, gömrük işçilərinin mədəniyyəti. Deyə bilərlər ki, sən millət vəkilisən, sənə xüsusi diqqət ayrılıb. Xeyr, millət vəkilliyim ona yaradı ki, mən növbəsiz keçdim. Və bir şey diqqətimi cəlb elədi. Astara yağıntılı şəhər olduğundan gömrük binasından İran sərhədinə qədər çox səliqəli bir talvar tikiblər. Biri gediş üçün, biri gəliş üçün. Yəni o leysan yağış bizi vurmadı. Amma bu İran sərhədinə qədərdi, o tərəfə biz qarışa bilmərik. Bu da körpü. Astara çayı üzərindəki körpü. Ortada bir xətt. O tərəf İrandı, bu tərəf Azərbaycan.
   
   Füzulidə bir su anbarı var, Horadizdə. Su anbarında da belə bir yer var, ortada bir xətt var, o tərəfi İrandı, bu tərəf Azərbaycan. Bir neçə dəfə olmuşam, yəni xəttin o tərəfinə ayaq qoya bilməzsən. Düz xəttin üstündə dayanmışam dəfələrlə və ayağımı da o tərəfə atmışam iki-üç addım. İran sərhədçiləri gülüb: "Ağa, gəl bir çay iç". Amma olmaz.
   
   Amma bu dəfə keçdim ey, Astara körpüsünü .
   
   Ya ikinci kursda oxuyurdum, ya üçdə, Azərbaycanın görkəmli şairi Söhrab Tahirin yaradıcılığı haqqında kurs işi yazmışdım. Və mən Söhrab Tahiri bir şair kimi yox, bir inqilabçı kimi təyin eləmişdim. Aləm bir-birinə dəymişdi. Dekan, rektor, kafedra müdiri bir-birinə qarışmışdı. Az qala məni universitetdən qovmaq istəyirdilər. Bəxtiyar Vahabzadə girdi qanımın arasına.
   
   Söhrab əminin bir şeiri var,deyir ki, mənim qollarımı iynə-sap edin, tikin Astaranı bir-birinə. Mən də yazmışdım ki, boş-boş danışma, bir şairin qolundan nə iynə-sap çıxar ki, Astaranı bir-birinə tiksin. Və bir şeiri də var ki: "Mənim Təbrizdə boş qalan qəbrim". Şeirdə belədi ki, bəzən bir insanın ölümü dünyanı dəyişə bilər və sonu da belədir ki, mənim Təbrizdə qəbrim boş qalıb. Mən də yazmışdım ki, şair, niyə 1945-də ölmədin ki, qəbrin də boş qalsın. Bəlkə sən 45-də ölsəydin, qəbrin boş qalmasaydı dünya elə dəyişərdi?
   
   Amma nədənsə ayağımı o tərəfə qoyan kimi yadıma Söhrab əminin o şeiri düşdü. Maşallah, Söhrab əmi pələng kimidi və gördüm ki, Söhrab əminin qollarını iynə-sap eləsən elə Astaranı bir-birinə tikmək olar.
   
   İranın xətrinə dəysə də deyəcəm, dəyməsə də, İran gömrükxanası 19-cu əsrdədi, bizim gömrükxana ilə müqayisə oluna biləcək deyil. Amma bir məsələ vardı ki, mən İrana keçdiyimi bilmədim. Çünki əslində Söhrab əminin qollarını iynə-sap edib Astaranı bir-birinə tikə bilməsək də, insanlar elə bir-birinə qol-boyun olub bağlanıblar. Əgər İran pulunu yaxşı tanısaydım heç o tərəfdəkilər mənim bu biri Astaradan keçdiyimi bilə bilməzdilər.
   
   Keçən kimi bir taksiyə əyləşdik, dedim qardaş, bizi aparırsan Ərdəbilə, Şah İsmayılın məzarını ziyarət edirik və yenidən qaytarırsan bura.
   
   Dedi ki, kimin? Dedim Şah İsmayılın. Bir az təəccüblə, bir az maraqla bizə baxdı.
   
   Dedi:
   
   - Qardaş, adətən bu tərəfə keçənlər həkimə gedirlər, nə bilim ora-bura gedirlər. İlk dəfədir eşidirəm ki, kimsə Şah İsmayılın məzarını ziyarət etmək istəsin.
   
   Və sonra da dedi ki, qardaş, mən nə qədər günaha batmışam, 47 yaşım var, demək olar ki, iki gündən bir də Ərdəbilə gedirəm hələ bu günəcən o məzarı ziyarət etməmişəm,
   
   Astaradan Ərdəbilə olan yol bizim Ağdərədən Kəlbəcərə olan yola oxşayır. Yəni cənnətə gedən bir yola. Astara çayının yanı ilə gedən bir yoldu, o qədər füsunkardı ki, dedim də, elə bil Kəlbəcərə gedirsən. Sürücü sağ sahili göstərir, deyir, qardaş, bax o sizin meşədi, sizin ağaclardı, bu tərəf bizimdi. Elə yer var ki, hər iki sahildəki ağaclar əyilib bir-birinə birləşir. Söhrab əminin qolları kimi sahilləri bir-birinə tikir. Mən bu yazıma siyasət qatmaq istəmirəm və orda da siyasətdən danışmadım. Yağış, duman, çən. Sürücü dedi ki, inşallah, Ərdəbildə günəş olacaq.
   
   Tez-tez xanımıma deyirəm ki, bax elə bil burdan İstisuya dönürsən. Bu dolama İstisu dolamasıdı. Bir azdan Taxtaya çıxacağıq. Və gəldik Taxtaya yox, Taxta çıxdıq, yəni Ərdəbilə. Şeyx Səfinin, Şeyx Cüneydin, Şah İsmayılın torpağına. Həqiqətən günəş vardı, yağış yox idi. Və bir başa getdik Şah İsmayılın uyuduğu türbəyə. Sürücü dedi ki, qardaş, savab qazandın, mən də buranı gördüm.
   
   Həyətdə Şah İsmayılın heykəli var, bizdə olduğu kimidi, elə bil eyni heykəltəraş işləyib. Sadəcə olaraq bizdəki heykəldə Şah İsmayılın dizinin üstündə qılınc var, orda kitab. Heykəl türbənin həyətindi deyil, yanındadı. Bir muzey yaradıblar orda.
   
   Məni sevindirən o oldu ki, ziyarətçilər çox idi. Xaricilər də vardı, həm də İran camaatı. İçəri girəndə gördüm ki, muzeyin işçisi kiməsə deyir:
   
   - Ə zalım oğlu, bu tərəfdən get də.
   
   Təmiz Qarabağ ləhcəsində danışırdı. Soruşdum ki, ə qaqa, təmiz Qarabağ ləhcəsində danışırsan. Dedi ki, Arazqırağıyam, o tərəf Qarabağdı, bu tərəf Muğan.
   
   Bu da Şeyx Səfinin məzarı. Diz çökdüm, dualarımı elədim, Tanrıdan rəhmət dilədim. Sonra keçdim Şah İsmayılın məzarının üstünə. Orda da diz çökdüm, dualarımı elədim və bir də dedim:
   
   - Sən niyə belə elədin, Şah baba?
   
   Gəncliyimdə bir şeir yazmışdım. Şeir yadımdan çıxıb, amma bir-iki misrası yadımdadı:
   
   
   
   Tariximə bir ləkədi Çaldıran,
   
   Şah İsmayıl, Sultan Səlim
   
   Ruhunuzu öpərdim
   
    Türk qanıydı
   
   Tökülən qan, axan qan
   
   Bu millətin dərdinə bax sən Allah
   
   Türk qanını türk axıtdı, ey Allah.
   
   
   
   Və ağladım.
   
   Şeyx Səfinin məzarını gördüm öpdüm, Şah İsmayılın məzarını gördüm öpdüm, amma həmin türbədə nə Şeyx Səfinin, nə də Şah İsmayılın ruhunu görə bilmədim, ruhunu öpə bilmədim. Yox idi onların ruhu orda. Və ona görə ağladım.
   
   Və bir də gözəl insanları gördüm, sevgi gördüm. Bilmədim bura Ərdəbildi, yoxsa Ağcabədi, ya Bərdə, ya Ağdam.
   
   Qayıdırıq. İran plovu yemək istəyirəm , amma yeyə bilmədim. Çünki restoranda verilən plov çox mənasız bir şey idi. Sürücü deyir, qardaş, gərək deyəydin mən sənin üçün evdə gözəl plov dəmlədəydim, gedib bizdə yeyəydin.
   
   Güldüm və dedim:
   
   - Niyə tələsirik ki, gələn dəfə yeyərik.
   
   Və bir də dedi ki:
   
   - Qardaş, bura gələnlər adətən Məşhədi ziyarət edirlər.
   
   - Qardaşım, mənim Məşhədim oraydı və ziyarət elədim.
   
   Bu da Söhrab əminin qollarını iynə-sap edib tikmək istədiyi Astara. Sürücü ilə öpüşüb ayrılırıq. Deyir:
   
   - Qardaş, gəl səni Təbrizə aparım ey, Təbriz ayrı şəhərdi.
   
   - Gələcəm, qardaş.
   
   Heyf, duman-çən olduğundan Savalanı görə bilmədim.
   
   İnşallah.

TƏQVİM / ARXİV