adalet.az header logo
  • Bakı 7°C
17 Sentyabr 2019 10:08
83785
MÜSAHİBƏ
A- A+

Abutalıbov cibindən Quran çıxarıb dedi ki... - MÜSAHİBƏ

Uzun illər Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru işləmiş üzeyiryşünas alim Səadət Qarabağlı Adalet.az saytının suallarını cavablandırıb. O, dahi bəstəkarın ev muzeyi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirib.

- Həyatınız uşaqlıq illərinizdən bu zamana kimi sirli bir şəkildə Üzeyir Hacıbəylinin həyatı ilə bağlanıb. Siz buynu özünüzə necə izah edirsiniz?

Düz deyirsiniz. Özüm də bilmədən, hiss etmədən həyatım Üzeyir bəyin həyatı ilə bağlanıb. Düşünürəm ki, bu elə Allahın mənə hədiyyəsidir. Musiqi məktəbinin birinci sinifindən Üzeyir bəyin tələbəsi Zivər Əliyeva mənə dərs deyib. O, Vaqif Mustafazadənin anası idi və mənə İçərişəhərdəki evlərində musiqi təhsili verirdi. Çox xoşbəxtəm ki, Vaqif Mustafazadənin böyüdüyü evdə təhsil alıb, onun ifa etdiyi royalda da ifa etmişəm.

Sonralar bildim ki, mənə dərs deyən müəllimlərin hamısı Üzeyir bəyin tələbələri olub. Sonradan atamın təyinatı Füzuli rayonuna verildi və biz Füzuliyə köçdük. Orada da mənə Üzeyir bəyin tələbəsi Məmməd Cavadov dərs dedi. Beləliklə, mənim həyatım Üzeyir bəylə bağlandı.

- Daha sonra Üzeyir Hacıbəylinin ev muzeyində işləməyə başladınız. Bu necə oldu?

- Azərbaycan Dövlət Universitetinin Jurnalisika fakütləsinə daxil oldum. Anam jurnalist idi, uzun illər "Müxbir” jurnalında işləmişdi. Mən sonacan musiqini davam etdirmədim və Jurnalistika fakültəsini bitirdim.

Universitetin 2-ci kursunda təhsil aldığım zaman "Ədəbiyyat və İncəsənət” qəzeti ilə əməkdaşlıq edirdim. 1979-cu il avqustun bir günündə mənə Üzeyir bəyin ev muzeyindən reportaj hazırlamaq tapşırıldı.

Muzeyə getdim, içəri daxil olaraq məqsədimi dedim. Suallarıma muzeyin əməkdaşları ətraflı cavab verə bilmədilər. Bir də gördüm ki, hündürboy, zadəgan görkəmli, əlində əsası, cibində dəsmalı olan bir yaşlı kişi gəldi. Özünü təqdim edərək mənimlə görüşdü və məlum oldu ki, Ramazan Xəlilov adlı bu ziyalı muzeyin direktorudur.

Ramazn bəy özü də jurnalist idi və o, mənə Üzeyir bəy haqqında çox geniş məlumat verdi. Ramazan bəyə canlı ensklopediya deyirdilər. Həqiqətən də çox savadlı və intellektli insan idi. Ramazan Xəlilov Üzeyir bəy Hacıbəylinin böyük baldızının oğlu idi. Uzun illər Üzeyir bəyin katibi olub. 1975-ci ildə ev muzeyinin açılmasında böyük rolu olub. Onda bu muzey Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyevin göstərişi ilə açılmışdı. Ramazan Xəlilov da ömürlük oraya direktor təyin olunmuşdu.

Ramazan Xəlilov mənim Üzeyir bəylə bağlı bütün suallarıma ətraflı cavab verdi. Muzeydən yazını hazırlayıb bitirəndən sonra Ramazan Xəlilov mənə daimi olaraq harda işlədiyimi soruşdu. Mən də cavab verdim ki, hələ ki təhsil alıram, qəetlə əməkdaşlıq edirəm. Onda məndən soruşdu ki, bu muzeydə işləmək istəyərsiniz? Həqiqətən də bu sual mənim üçün gözlənilməz idi. Cavab verdim ki, bəli, böyük məmnuniyyətlə işləyərdim.


Ramazan bəyin savadı, mədəni səviyyəsi, dünyagörüşü, muzeyin ab-havası məni özünə çəkdi. Və o, məni işə dəvət etdi ki, gəlin işləyin.

Beləliklə də, 1970-cu ilin 1 senytabrından Üzeyir bəy Hacıbəylinin ev muzeyində əməkdaş kimi işə başladım.

Muzeydə 25 il, 5 ay çalışdım. 1979-cu ildən 1999-cu ilə qədər, 20 il Ramazan Xəlilovla birlikdə Üzeyir bəyin ev muzeyində çalışaraq, böyük bir məktəb keçdim. 1999-cu ildə Ramazan Xəlilov dünyasını dəyişdikdən sonra mən muzeyə direktor təyin olundum.Ramazan bəy öz sağlığında mənə təklif etdi ki, o özü baş direktor və mən isə direktor olum, amma mən qəbul etmədim. Mən ondan hər zaman atalıq qayğısı görmüşdüm. Təsəvvür edin ki, gedib atanın yerində oturursan. Ona görə də direktor olmaq təklifini qəbul etmədim.

O zaman Ramazan Xəlilov dedi ki, ona hər gün işə gəlib-getmək çox çətindir. Ramazan müəllim rəhmətə gedəndən sonra beş ay onun qızı Nərgiz Xəlilova muzeydə direktor oldu. O da dünyasını dəyişdi. Heç məndən soruşmadan məni oraya direktor təyin etdilər. Əmrimi o zamankı mədəniyyət naziri Polad Bülbüloğlu verdi.

Bütün bunlardan savayı, mən Naxçıvanda doğulmuşam və Üzeyir bəy də iki dəfə, ilk çağırışdan, axırıncı çağırışa kimi Naxçıvan zəhmətkeşləri tərəfindən SSRİ Ali Sovetinə deputat seçilib. Bax orda da nəsə bağlılıq var.

- Sizə bu bağlılıq xoş gəlirmi?

- Çox xoş gəlir, əlbəttə. Əvvəllər heç özüm də bu bağlılığın fərqində deyildim. Sonradan bunun fərqinə vardım. Bəlkə də bu mənə bir missiya kimi verilmişdi.

- İşdən çıxmağınızla bağlı danışmağınızı istəyərdim. Ərizənizi yazıb çıxdığınız üçün peşman deyilsiniz ki?

- Bir tərəfdən peşmanam, bir tərəfdən də peşman deyiləm. Peşmanam ona görə ki, Üzeyir bəy üçün etmək istədiklərimi kənardan edə bilmirəm. Ancaq yaradıcılıqla məşğulam. Onun haqqında kitablar yazıram, məqalələr yazıram. Daha geniş mübarizə apara bilmirəm.

Muzeydə olanda isə daha güclü mübarizə aparmışam. Mən heç vaxt o vəzifəni özümə iş bilməmişəm. Mən o işi Üzeyir bəyin ruhu qarşısında özümə borc bilmişəm və o mübarizəni aparmışam. Elə o mübarizəmə görə də vəzifəmdən ərizə yazıb çıxmışam.


Ən böyük məqsədlərimdən biri də muzeyin təmir olunması idi. Muzey çox pis vəziyyətdə idi. Hər dəfə buna aid yazırdım, danışırdım. Axırıncı dəfə "Lider” televiziyasına bununla bağlı danışdım. Lap sonuncu dəfə məcbur qalaraq prezident İlham Əliyevə müraciət etdim. Müraciətimdə bildirdim ki, artıq muzeydə vəziyyət pisdir və təmir lazımdır. Jurnalistlər də özləri gəlib görürdülər. Mənim ən böyük problemim muzeyin təmiri idi. Nəticədə cənab prezidentə müraciətim qəbul olundu. Ölkə başçısı təmirlə bağlı sərəncam imzalamışdı.
Amma mənim bundan xəbərim olmamışdı, Mədəniyyət Nazirliyi bunu məndən qəsdlə gizlətmişdi. 2005-ci il fevralın 21-də məni Mədəniyyət Nazirliyinə çağırdılar.

Nazirlikdə muzeylərin kuratoru olan Sevda Məmmədəliyeva məni qəbul etdi. Dedi ki, "Polad müəllim istəyir ki, sizi başqa bir muzeyə keçirsin. Sizin savadınız, təcrübəniz bizə çox lazımdır və nazir qərara gəlib ki, sizi daha böyük bir muzeyə, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinə elmi işlər üzrə direktor müavini təyin etsin”.

Sevda Məmmədəliyeva belə deyəndə həqiqətən də mənim qüruruma toxundu. 25 ildən artıq müddətdə Üzeyir bəyə görə o muzeydə çalışırdım, hamı məni üzeyirşünas kimi tanıyırdı.

Dedim ki, xeyr Sevda xanım, mən başqa bir muzeydə işləmərəm.

1997-ci ildə məni Türkiyəyə işə dəvət etmişdilər. Amma mən Ramazan Xəlilova görə getməmişdim. Bunu nazirlikdə də bilirdilər. Sevda xanıma dedim ki, əgər nazir belə qərar vermək istəyirsə, mən heç bir muzeydə işləmərəm.

Sevda xanım dedi ki, "Səadət xanım, bizə sizin kimi kadr lazımdır və sizin gedəcəyiniz muzeydə maaş daha da çoxdur”. Amma mən bununla razılaşmadım və dedim ki, əgər belədirsə mən ərizəmi yazıb istefa verəcəm. Mən muzeylər sistemində gedirəm və başqa heç bir muzeydə işləmiyəcəm və belə də etdim.

- Bəlkə onların sizi işdən çıxarmaq kimi bir niyyətləri yox idi? Yəni sizin vəzifənizi böyütmək istəyirdilər. Bəlkə sadəcə siz emosional davranmısınız?

- Üzeyir bəyin muzeyində işləmək mənim üçün ən böyük vəzifə idi elə və oradan çıxarılmaq da dözülməz idi. Məni Üzeyir bəydən ayırmamalı idilər. Əslində hələ də ayrılmamışam.

- Bəs onlardan izahat istəmədiniz? Səbəbini soruşmadınız?

- Yox, qəti. Heç soruşmadım səbəbini…

- Təmir tələblərinizdən sonra başqa nəsə mənfi bir hadisə baş vermişdi?

- Xeyr, əksinə. Polad Bülbüloğlu da söz verirdi, amma əməl eləmirdi. Sərəncamdan sonra isə məncə təmirə yaxşı pul ayrıldı və düşünürəm ki, Polad Bülbüloğlu mənlə başqa söhbətlər edə bilməyəcəyini anladı və məni ordan uzaqlaşdıraraq hər sözünə "baş üstə” deyəcək birini gətirməyi qərara aldı. Yadıma düşür muzey üçün hasar çəkmişdik, çünki küçə itləri filan muzeyin ərazisinə girirdi. İcra hakimiyyətindən gəlib o hasarı sökdülər. O vaxt Hacıbala Abutalıbov mer idi. Dedilər onun göstərişidir. Mən də onun qəbuluna getdim. Hacıbala müəllim cibindən balaca Quran çıxarıb dedi ki, bu kitaba and olsun, mənim heç nədən xəbərim yoxdur, söz verdi ki muzeyi və ətrafını layiqincə təmir edəcəyik. İndi qorxuram ki, ümumiyyətlə, muzeyi sökələr.

- Muzeyin sizin dönəminizdə olan fəaliyyəti ilə indiki fəaliyyətinin nə fərqləri var?

- Əvvəl muzeyə maraq çox idi. Məktblərdən, universitetlərdən, baxçalardan çoxlu ziyarətçilərimiz olurdu. Hər yaş kateqoriyasından və bir neçə dəfə gələn adamlar olurdu. Fəxri qonaqlar üçün böyük ürək sözü dəftərimiz var idi, dolmuşdu. İndi ziyarətçilərin sayının kəskin şəkildə azaldığını eşidirəm. Həm də biz əvvəl muzeydə Üzeyir bəyin musiqilərini muzeydə daim səsləndirirdik, ziyarətçilər o musiqilərin müşayiətində muzeyi gəzib onun həyatı və yaradıcılığı ilə tanış olurdular. İndi isə musiqilərin səsləndirilmədiyi deyilir.

- Üzeyir Hacıbəylini Dünya bəstəkarları ilə müqayisə edirsiniz?

- Akademik Mustafa Topçubaşovun bir sözü vardı. Deyirdi ki, Üzeyir Hacıbəylini Avropa bəstəkarlıq məktəbinin nümayəndələri Bax, Bethoven, Motsart ilə müqayisə etməkdə çətinlik çəkirəm, çünki o məktəb görməmişdi, özü ayrıca bir məktəb idi.

- "Milli Musiqi Günü” ilə bağlı narazılığınız var idi. Nə məsələ idi?

- Üzeyir Hacıbəylinin adını, yaradıcılığını bu xalqın yaddaşından silmək istəyən adamlar var. Hər dəfə əllərinə imkan düşən kimi Üzeyir bəyin adını çox yerdən çıxarıblar. 1995-ci ilin 18 sentyabr tarixində Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı xüsusi sərəncam olub. Mərhum prezident Heydər Əliyevin imzaladığı o sərəncamda həmin tarux "Üzeyir Musiqi günü” kimi yazılıb. Amma sonradan kimlərsə həmin sərəncamı təhrif edərək, 18 sentyabrı "Milli Musiqi günü” kimi göstəriblər.

Yazılır ki, Heydər Əliyevin sərəncamı ilə Milli Musiqi günü qeyd olunsun. Yoxdur belə sərəncam. Bunu kim və nə üçün edib? Nə üçün Üzeyir bəyin adı oradan çıxarılıb? Halbuki, nazirliyin bütün sənədlərində "Üzeyir Musiqi günü” kimi yazılıb. Media, televiziyada nəyə görə belə səsləndirilir ? Bu ümummilli liderimiz Heydər Əliyevin sərəncamıdır axı... Niyə bu sənədi dəyişdiriblər? Bu suallara bu günə qədər hələ də cavab tapmıram. 18 sentyabr "Üzeyir Musiqi günü” kimi qeyd olunmalıdır.

- Sizcə onu xalqın yaddaşından silmək istəyənlər kimlərdi?

- Bilmirəm.

Söhbətləşdi: Ulucay Akif