BU BiR XALQ TELEViZiYASIDI

AQİL ABBAS
33662 | 2010-09-07 00:18
"Ədalət" qəzetinin belə bir devizi var: "Bu bir xalq qəzetidi". Və həmişə çalışmışıq ki, bu şüarımıza əməl eləyək və qəzetimizi xalqın qəzetinə çevirək. Çox çətindi. Az-çox bu çətinliyin öhdəsindən gələ bilsək də, bütünlüklə istəyimizə nail ola bilməmişik. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri var. Öz qəzetim haqqında nəsə yazmaq fikrində deyiləm. Bu girişi İctimai televiziya üçün yazdım.
   
   İctimai televiziyanın, daha doğrusu, televiziyamızın 5 yaşı tamam oldu. 5 il çox kiçik rəqəm görünsə də, əslində İctimai televiziya çox çətin və çox uzun bir yol keçib. Hər şeyi sıfırdan başlamaq səhrada bir bağ salmaq qədər çətindi. İctimai televiziya da hər şeyi sıfırdan başlayıb. Binasından tutmuş avadanlıqlarına qədər. Deyək ki, bu da o qədər bir ağır məsələ deyil, bina da tikmək olar, avadanlıqlar da almaq olar. Onlardan da çətini var.
   
   Ölkədə jurnalist çatışmazlığı, təbii ki, söhbət peşəkar jurnalistlərdən gedir, açıq-aydın hiss olunur. Xüsusilə də televiziya jurnalistləri. Azərbaycanda televiziya kanalları çox, amma bu kanallarda çalışa biləcək jurnalistləri, rejissorları, operatorları, montajçıları, işıqçıları, dizaynerləri, ələlxüsus aparıcıları hazırlaya biləcək xüsusi bir ali təhsil müəssisəsi də yoxdur. Ayrı-ayrı universitetlərimizdəki jurnalistika fakültələri də bu işin öhdəsindən lazımınca gələ bilmirlər, çünki onların da elə bir maddi-texniki bazası yoxdu.
   
   Qardaş Türkiyənin Konya şəhərində Səlcuq Universiteti fəaliyyət göstərir. TRT-nin əməkdaşı, yazıçı-publisist Seyfəddin Altaylı mənim Türkiyədə çıxmış "Dolu" romanımın həmin universitetdə müzakirəsini təşkil eləmişdi və məni də dəvət etmişdi. Və orda öyrəndim ki, universitetin özünün televiziya kanalı var, 24 saat efirə çıxır və bütün Konya (1 milyon əhalisi) və ətraf da bu televiziyanı izləyir. Təəccüblü bu deyil, təəccüblü o idi ki, bu televiziyanın sədrindən tutmuş bütün əməkdaşları jurnalistika fakültəsinin öz tələbələridi. Təbii ki, belə bir mühitdə televiziyalarda çalışa biləcək peşəkarların hazırlanması çox adi bir işdi. Yəqin ki, bizdə də Televiziya Akademiyasının yaradılması bir çox məsələləri həll edəcək.
   
   Möhtərəm prezidentimiz İlham Əliyev mətbuatımızın 135 illiyi ilə əlaqədar biz jurnalistlərlə görüşəndə də bu barədə danışıldı və prezident də buna çox müsbət reaksiya verdi. Və yəqin ki, yaxın zamanlarda bunun şahidi olacağıq.
   
   Qayıdaq İctimai televiziyaya. Dediyimiz kimi, hər şeyə sıfırdan başlayan bir kanal. Və ən çətini də kadrları tapmaq, bir peşəkar kollektiv yaratmaq.
   
   İsmayıl Ömərov bu işin öhdəsindən çox bacarıqla gəldi. Təkcə ona görə yox ki, İsmayıl Ömərov televiziyanın necə deyərlər, cikini də bilirdi, bikini də, həm də ona görə ki, kadr seçmək bacarığı vardı.
   
   Bu sirr deyil ki, Azərbaycanda sonradan yaranan bütün televiziya kanalları Az.TV məktəbindən çıxıb. Və televiziya kadrlarının yetişməsində bu kanal uzun illər mühüm rol oynayıb.
   
   İsmayıl Ömərov isə nəinki qısa müddətdə İctimai televiziyanı formalaşdırdı, həm də İctimai televiziyanın özünü bir məktəbə çevirdi.
   
   Bu gün ölkəmizin ictimai həyatının elə bir sahəsi yoxdur ki, İctimai televiziya ora nüfuz eləməmiş olsun. Həyatımızın elə bir sahəsi yoxdur ki, İctimai televiziya o sahəni önə çəkməmiş olsun, qabartmamış olsun. Bir-birindən rəngarəng, bir-birindən maraqlı proqramları ilə geniş tamaşaçı kütləsinin rəğbətini və sevgisini qazanmış İctimai televiziya çox böyük bir maarifçilik rolu oynayır. Vaxtaşırı yeni-yeni layihələr ortaya çıxarır və bu layihələr də hansısa bir zümrə üçün hesablanmır. Bu layihələr bütövlükdə xalqın istək və arzularını özündə cəmləşdirir.
   
   Azərbaycanın bütün televiziya kanalları çoxdan sərhədlərimizi aşıb keçiblər. Dünyanın hər yerində izlənilirlər. İctimai televiziyanın bir fərqi ondadır ki, o sərhədləri təkcə peyk antenaları vasitəsilə keçmir, həm də qardaş respublikalarla, xüsusilə Türkiyə ilə həyata keçirdiyi birgə layihələrlə Azərbaycandan çox-çox uzaqlara da nüfuz edə bilir. Özü də İctimai televiziya təkcə bunu televiziya vasitəsilə deyil, həm də radiosu vasitsəsilə də həyata keçirir.
   
   Azərbaycan bütün Türk dünyasını birləşdirən bir yerdə dayanıb. Bütün Türk dünyasını bir-birinə qovuşduran bir məmləkətdi. Və əslində elə Türk dünyasının mərkəzi Azərbaycandı - Bakıdı.
   
   İctimai televiziya da bütün Türk dünyasını bir-birinə qovuşdurmaq istəyini ortaya qoyub və bu yolda uğurla addımlayır. Televiziyanın bir çox verilişləri təkcə bizlər üçün yox, bütün Türk dünyası üçün hesablanır. Bəlkə də İctimai Televiziyanı başqa kanallardan fərqləndirən ən mühüm amillərdən biri də elə budur.
   
   Qardaş Türkiyədə TRT bir qədər bu missiyanı yerinə yetirir. Bir də bir özəl kanal var, o da Türk dünyası ilə bağlı verilişləri verir yalnız.
   
   Həmişə fikirləşirdim ki, bəs bizdə niyə belə bir kanal olmasın - Türk dünyasını birləşdirən, Türk dünyasına sözünü deyən, dünya türklərinin sözünü dünyaya çatdıran. Özü də təkcə Turk dünyası ilə yox, dünyanın başqa xalqları ilə də qaynayıb-qarışan bir kanal, dünyanın başqa xalqlarına da bizi tanıdan bir kanal.
   
   Bu gün məni ən çox sevindirən odur ki, bu gün İctimai televiziya bu missiyanı layiqincə yerinə yetirir. İnanmaq istəyirəm ki, bu kanal bir gün təkcə azərbaycanlıların, Azərbaycan türklərinin deyil, bütün dünya türklərinin sevimli kanalına çevriləcək.
   
   Yazımın əvvəlindəki girişdə də mən bunu vurğulamaq istəmişdim ki, İctimai televiziya bir xalq televiziyasıdı. Və bu vəzifənin öhdəsindən də şərəflə gəlir. Yazımın sonunda arzumu bildirmək istəyirəm ki, İctimai televizyia bu ölçünü də keçsin və yuxarıda qeyd elədiyim kimi, bütün Türk dünyasının bir nömrəli kanalına çevrilsin. Buna İctimai televiziyanın hər baxımdan imkanı var. Həm maddi-texniki baza baxımından, həm də kadr baxımından.
   
   Bir eybəcər Amerika filmi var. Ümumiyyətlə, Amerika filmlərinin 97 faizi eybəcərdi, bu heç. Eybəcər də deyil ey, murdardı. Bir əcaib heyvandı, insanların ağzından onların bədəninə soxulur, onları vəhşiləşdirir, ən gözəl insanı belə. Film boyu onu məhv eləməyə çalışırlar, amma mümkün deyil, çünki ölməzdi, hansı insanın bədənindədisə həmin insan ölən kimi dərhal onu öldürən insanın bədəninə keçir, onu zombiləşdirir. Çox qəribə bir sonluğu var. Görür ki, artıq məhv olacaq, çıxış yolu yoxdur, çıxır televiziya qülləsinə və girir qüllədən yayımlanan efirə, efir vasitəsilə də yayılır bütün Amerikaya.
   
   Film eybəcər olsa da rejissorun demək istədiyi aydındı, yəni televiziyalar insanlığı məhv eləyir. Allaha şükür Azərbaycanda belə televiziya kanalları yoxdu.
   
   Niyə yazımı həmin filmlə bitirdim? Mənim fikrimcə, İctimai televiziya öz qülləsinin ən yüksək zirvəsinə xalqımızın ürəyini qoyub, o böyük ürəyini - sevinclə, arzuyla, insanlıqla dolu olan ürəyini - və qüllədən dünyaya yayımladığı efir vasitəsilə bu ürəyin işığını, nurunu bütün dünyaya yaymağa çalışır.
   
   Bu işdə İctimai televiziyanın bütün əməkdaşlarına uğurlar arzulayırıq, ad günlərini təbrik eləyirik.
   
   Alparslan Türkeş əsərlərində yazır ki, 2050-ci ildə bütün Türk dünyası birləşəcək və vahid bir Turan dövləti yaranacaq.
   
   İctimai televiziyadan istəyimiz odur ki, 2050-ci ili gözləməsin.

TƏQVİM / ARXİV