adalet.az header logo
  • Bakı 18°C
08 May 2013 12:27
28462
MƏMLƏKƏT
A- A+

İşğal günündə nə edək?

Şuşanın işğalının 21 illik ildönümüdür. Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan da dumanlar alıb. 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal olunub.

Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, o cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı "Gövhər ağa məscidi", Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Ü. Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri belə düşmən gülləsinə tuş gəlib... Ümid öləzisə də sönmür...Ümid itmir... Dünyanı idarə edən supergüclər başımızı qatmağa çalışsa da, böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasından didərgin düşən qaçqınlar yenidən öz yurdlarına qayıdacaqdır. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq "Xanın səsi", "Qarabağın şikəstəsi..."

Hər il bu anım günü yaxınlaşanda efirlər, qəzetlər səs-səsə verir, bir-birinə macal vermədən işğalın ildönümünü gündəmdə xatırlamağa çalışır. Əslində bu günü, Şuşasızlığın ildönümünü necə xatırlamalıyıq? Bu haqda qələm adamlarımızın öz düşüncəsi var.

Rəssam Fərhad Yalquzaq düşünür ki, bu günü kədərlə, acı ilə xatırlamaq lazımdır: "Bu tarixi qarışıqlıq, çaş-başlığın içərisində Şuşanın birdən-birə necə düşmən əlinə keçməsini anlamaq qəliz bir məsələdir. Gözlənilməz bir olaydı yəni. Şəxsən mən özüm o dönəmdə düşünən, anlayan bir gənc idim, ancaq heç ağlıma da gəlməzdi ki, ermənilərin belə böyük iştahası var və bizimkilər də, onların bu iştahının qarşısında davam gətirə bilmədilər. Bəlkə də bu, siyasi bir oyun idi, bəlkə də bizim zəifliyimizdən irəli gəlirdi, ancaq bir şeyi söyləməyi önəmli bilirəm - Şuşa kimi bir tarixi şəhərin əldən getməsinə mane ola bilməyən xalq başına gələn sonrakı bəlalarda da özü suçludur. Biz hər şeyi bir-birimizin üstünə atmağa öyrəşmişik, sanki bununla məsuliyyəti özümüzdən uzaqlaşdırmış oluruq. fakt isə budur ki, biz Zəngəzuru, Borçalını, Dərbəndi itirən xalq idik, indi isə həm də Qarabağı itirən xalqıq. Təəccüblü bir şey yoxdur artıq! Yazıqlar olsun!”

Gənc alim və yazar Əhməd Şahidov konkret tarixlərlə işğal günlərini xatırlamağın tərəfdarı deyil : Şuşanın işğalından 21 il ötür, o ağrılı-acılı günlər getdikcə bizi o torpaqlardan uzaqlaşdırır. O gün Facebook səhifəmdə bir status yazmışdım. Yazdım ki, Şuşasız yaşadığımız illərlə eyni yaşda olan əsgərlərimiz var bizim. Bəs Şuşa və digər torpaqlarımızın işğalını necə xatırlamalıyıq? Maraqlı sualdır. Ümumiyyətlə, mən yalnız konkret tarixlərdə işğalı xatırlamağın tərəfdarı deyiləm, bu, sanki bir reqlament kimi gəlir mənə. Kim ata-anasını ancaq onların ad günündə sevir ki?! Vətənimiz axı valideynlərimizdən də müqəddəsdir bizə, ən azından Ana Vətən deyə yad edirik o torpaqları.

Mən işğal günlərini daha çox akademik tədbirlər, elmi konfranslar və beynəlxalq tədbirlər keçirməklə yad etməyin tərəfdarıyam. Çünki, bu yad etmə bizim özümüz üçün deyil, ikili standartlarla idarə olunan dünya üçündür. Biz dünyanın diqqətini bu problemə çəkmək istəyiriksə, dünyanın dilində danışmalıyıq bu problem barədə. Dünya isə ağlaşmanı, yas saxlamağı qəbul etmir. Məsələn, konkret danışım. Şuşanın işğalı ilə bağlı həm ölkəmizdə, həm də xaricdə tədbirlər keçirmək olardı. Ulu Öndər Heydər Əliyevin zamanında bucür günlərdə Şəhidlər Xiyabanında xarici diplomatik korpusların nümayəndələrinin iştirakı ilə anım tədbirləri keçirilərdi. Bu, çox önəmlidir. Xaricdəki səfirliklərimiz əsas dövlət bayramları kimi işğal günləri üçün də qəbullar keçirib, digər ölkələrin səfirlərini, mətbuatını, ictimai-siyasi xadimlərini dəvət edə bilərdilər. Amma hələ ki, bunları görmürük. Sosial şəbəkələrdən də geniş istifadə etmək olar. İncəsənət xadimlərimiz xaricdə konsert keçirib, adını Şuşa qoysunlar və bununla diqqəti özlərinə çəksinlər. Bakıda beynəlxalq turnirlər məhz bugünə salınsın və adını Şuşa ilə bağlasınlar. Müasir dünyada məhz bu yolla milyonların diqqətini özünə cəlb etmək olar, yoxsa heç kimin başqasının faciəsinə ağlayan halı yoxdur. Hərəyə öz faciəsi bəs edir. Təsəvvür edin ki, bir qonşunun yasına getmisiz, halınız pis olmasın deyə, çox oturmursuz, çıxıb gəlirsiz evə. Bu da ona bənzəyir. Biz Şuşa üçün ağladıqca, dünyanı özümüzdən bir az da uzaqlaşdırırıq.

Yazıçı Kənan Hacı hesab edir ki, media işğal olunan torpaqlarımızın işğal günlərini yazı müsabiqələri ilə, müxtəlif vətənpərvərlik layihələri ilə xatırlamalıdır: "Şuşa bizim ən ağrılı yerimizdi. Çox təəssüf ki, biz Şuşanın adını şadlıq evlərinə verməklə, o şadlıq evlərində yeyib-içib ağlamaqla xatırlamışıq. İndiki gənc nəsil Şuşanı görməyib, onların təsəvvüründə Şuşayla bağlı demək olar ki, heç nə yoxdur. Biz Şuşanı təkcə ildönümlərində deyil, həmişə, hər gün xatırlamalıyıq. Media kitab, yazı müsabiqələri keçirsə çox yaxşı olar. Televiziya mənasız əyləncə şoularından daha çox itirilmiş torpaqlarımızla bağlı tarixi həqiqətlər haqqında sanballı verilişlər hazırlamalıdır."

Gənc yazar Alpay Azər düşünür ki, biz güclü, döyüşkən olmağımızdan ağız dolusu danışmaqla yanaşı, zəif tərəflərimizi, məğlub durumumuzun səbəblərini çözməyə çalışmalıyıq: "Ümumiyyətlə işğal olunmuş torpaqlar, xüsusilə də ən böyük itkimiz olan Şuşanın işğalı problemi bayağı, ah-uf şəklində deyil, həm obyektiv kritik, həm də sağlam vətənpərvərlik ruhunda öyrənilməlidir.Məsələn, biz zəif millət olduğumuzu deməkdən çəkinməməliyik, daha doğrusu, bu məsələdə hansı məqamlardasa zəiflik göstərməyimizi etiraf etməliyik. Amma eyni zamanda Şuşanın işğalı vaxtı, səhv etmirəmsə 200-ə yaxın azərbaycanlının döyüşlərdə həlak olmasını da təbliğ etməliyik və deməlyik.Torpaqlarımız heç də bütün hallarda döyüşsüz işğal olunmayb.Bu məqamı unutmamalıyıq."