Bahar Muradova: Ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilir
Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi.
Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova 2019-cu ilin payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik etdi, onlara işlərində uğurlar arzuladı.
Vitse-spiker son dövrdə ölkəmizdə əldə edilən nailiyyətlərdən söhbət açaraq, bu uğurların qazanılmasında Prezident İlham Əliyevin rolunu xüsusi vurğuladı. Bildirildi ki, ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilir. İqtisadi, sosial, humanitar sahələri əhatə edən bu islahatlar inqilabi xarakter daşıyır və əhalinin rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərir.
Sonra Bahar Muradova gündəlikdəki məsələlər barədə məlumat verdi. Əvvəlcə, komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyasında fəaliyyəti barədə hesabat təqdim olundu. Bildirildi ki, sessiya ərzində 10 iclas keçirilib, 18 məsələ müzakirə olunub. Komitə tərəfindən Milli Məclisə tövsiyə edilən 16 qanun layihəsi qəbul olunub. Bunlardan "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunları qeyd etmək olar.
Millət vəkilləri Tahir Kərimli, Elman Nəsirov, Yevda Abramov, Hikmət Babaoğlu, Flora Qasımova çıxış edərək komitənin 2019-cu ilin yaz və növbədənkanar sessiyalarında fəaliyyətini qənaətbəxş hesab etdilər, 2019-cu ilin payız sessiyası üçün iş planını müsbət dəyərləndirdilər, cari məsələlərlə bağlı fikirlərini bölüşdülər.
Sonra iclasda "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında məlumat verildi.
Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olundu.