ABŞ-sız DüNYA CƏHƏNNƏM KiMi BiR ŞEYDi

AQİL ABBAS
35569 | 2010-09-05 12:33
Vəhşi əfqanlar dünyada sülhün və demokratiyanın beşiyi olan ABŞ-ın bu ölkəyə demokratiya və əmin-amanlıq gətirdiyi gündən bəri 2060 dinc və mehriban ABŞ əsgərini öldürüblər. Təkcə bu il öldürülən yazıq NATO əsgərlərinin sayı 493 dənədir ki, onun 326 dənəsi ABŞ-ın sülh elçiləridi.
   
   İraq ərəbləri də vəhşi əfqanlardan nəinki geri qalmırlar, hətta dinc və mehriban ABŞ əsgəri öldürmək üçün sosialist öhdəliyi götürərək zərbəçi əmək növbəsində dayanıblar.
   
   Bu qanacaqsızlar və tərbiyəsizlər ABŞ-ın onların xoşbəxt gələcəyi uğrunda göstərdiyi bütün yaxşılıqların əvəzinə hələ ölkəyə gətirilən demokratiyanın 2-ci Beşilliyinin 3-cü ili tamam olmamış 4493 gülüzlü, mələküzlü sülh elçisi qətlə yetiriblər.
   
   Bu müsəlmanlara heç yaxşılıq düşmür. Bax, yazıq ABŞ, özünün o qədər dərdi-səri, problemi var. Odur ey, BiPi həddindən çox kökəldiyindən kəməri belinə gəlmədi və partladı, neft suya qarışıb oldu mazıt, ABŞ-ın bütün sahillərini basdı və yazıq amerikalılar bu il çimərliyə həsrət qaldılar. Ey, o qədər belə bədbəxt hadisələr bilirəm, saysam dilxor olacaqsız, ona görə saymıram.
   
   Bütün dərdlərinə baxmayaraq yenə də bir əlləri İraqla Əfqanıstanın üstədi. Hamı bilir ki, ABŞ əlini onların üstündən çəksə indi İraqda ərəb qalmamışdı, hamısı qırılıb qurtarmışdı. Amma əlləri İraqın üstündə olduğundan bu 7 ildə cəmi 1 milyon 500 min ərəb öldürülüb. Amma 300 milyonluq ərəb xalqı üçün 1 milyon 500 min nədir ki?! Yelin qayadan apardığı bir şey. Düzdür, Qəzzədə də, Fələstində də hər il xeyli ərəb qırılır. Amma onlar "çetvyortu sort" ərəb sayıldıqlarından o qədər də qorxulu deyil.
   
   ABŞ İraq ərəblərinin əllərini demokratiyaya çatdırıb xoşbəxt eləmək üçün bu ölkəyə 150 min əsgər göndərmişdi, bir 15-20 min də qohum-əqrəbasından, qonum-qonşusundan, dost-tanışından borc almışdı. Öz ölkəsində hər 100 nəfərin sağlamlığının qorunması üçün cəmi 1 həkim ayırsa da, İraq demokratiyasının qorunması üçün hər 100 iraqlıya 1,3 əsgər ayırmışdı.
   
   Və nəhayət, artıq İraqda demokratiya, sülh və əmin-amanlıq bərqərar olduğu üçün müsəlman xalqlarının canı, ciyəri , gözünün işığı Obama ABŞ-ın bu ölkədəki 150 min dinc və mehriban əsgərinin 100 minini artıq İraqdan çıxarır. İndi bu əsgərləri vəhşi əfqanları da iraqlılar kimi xoşbəxt eləmək üçün Əfqanıstana yollayır.
   
   Müsəlman ki müsəlman! Nə qədir bilər, nə qiymət. Yazıq Sabir ona görə yazırdı də:
   
   Cin görürəm, şeytan görürəm, qorxmuram!
   
   Harda müsəlman görürəm, qorxuram!
   
   İntəhası qorxuram ki, bu əfqanlar da Beşillik öhdəlik qəbul eləyə və bu Beşilliyi 3 ildə yerinə yetirmək üçün zərbəçi əmək növbəsinə dayana və cəmi 3 Beşillikdə bu dinc ABŞ əsgərlərini qırıb qurtara.
   
   Bəs onda bu gözəlim dünya başına haranın daşını salacaq? Bu dünyada sülhü, əmin-amanlığı, demokratiyanı kim qoruyacaq?
   
   Mənim qorxum bundadı. Yoxsa kim kimi qırır - can onların, cəhənnəm Allahın.
   
   Mən ABŞ olmasa dünyanın cəhənnəmə dönməsindən qorxuram.

TƏQVİM / ARXİV