adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Sentyabr 2019 15:54
18326
SİYASƏT
A- A+

İqtidarla müxalifətin dialoqu: Siyasi qüvvələr arasında ayrı-seçkilik salmayacaqsa...

Bakıda "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilib. Görüş mətbuatda "iqtidar-müxalifət" görüşü kimi qələmə verilib. Adalet.az saytı olaraq bu görüşlə bağlı Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseynin fikirlərini öyrəndik.






Pənah Hüseyn: Siyasi qüvvələr arasında ayrı-seçkilik salınmasına xidmət etməyəcəksə...




- O görüş Fəzail Ağamalının təşəbbüsü ilə keçirdiyi və siyasi partiyaların, QHT-lərin, media qrupu rəhbərlərinin, müstəqil ekspertlərin iştirak etidiyi dəyirmi masa idi. Biz də dəvət olunmuşuq və dəyirmi masada iştirak etmişik. Bu kimi tədbirlərin davamlı olmasının tərəfdarıyam və faydalı olması qənaətindəyəm. Siyasi qüvvələr arasında ayrı-seçkilik salınmasına xidmət etməyəcəksə. Qalan şeylərin necə olub-olması sonrakı proseslərdən bilinəcək.

Millət vəkili Fazil Mustafa: Azərbaycanda söyüş ritorikasının dayanması və daha çox mədəni münasibətlərin formalaşması üçün bu addımların atılması vacibdir.



- Belə bir dialoqun olması ümumiyyətlə, müsbət bir haldır. Önəmli deyil ki, bu sahədə birdən-birə bütün münasibətlər normallaşsın və normal müzakirə mühiti yaransın. Əsas odur ki, belə bir görüşün olması hər halda müsbət tendensiyadan xəbər verir. Hər tərəfdən, xüsusilə iqtidar tərəfdən belə bir təşəbbüsün olması müsbət sayılmalıdır. Doğrudur, dəvət olunan bəzi qüvvələrin iştirak etməməsi əlbəttə ki təəssüf hissi doğurur, amma buna baxmnayaraq, əsas odur ki, iştirak edən qüvvələr öz fikirlərini, mövqelərini ortaya qoydular, ölkənin problemlərini dilə gətirdilər, münasibətlərin çözülməsi istiqamətində addımlar atdılar və bu, indiki dövrdə ilk addım kimi müsbət dəyərləndirilməlidir. Azərbaycanda söyüş ritorikasının dayanması və daha çox mədəni münasibətlərin formalaşması üçün bu addımların atılması vacibdir.

ADP sədri Sərdar Cəlaloğlu : Müxalifətdən çıxan bu cür müdaxilələrin qəti əleyhinə olduğumuzu bildirdik.



- Əvvəla onu deyim ki, görüşün predmeti, mövzusu çox önəmli bir mövzuya həsr olunmuşdu. Açıq-aşkar hiss olunan xarici qüvvələrin Azərbaycana müdaxiləsi ölkəsini, Vətənini düşünən hər bir insanda narahatlıq yaratmışdı. Biz də başa düşürük ki, həm bəzi iqtidar qüvvələrinin, həm də müxalifət qüvvələrinin fəaliyyətindən dolayı xarici qüvvələr Azərbaycandakı siyasi proseslərə müdaxilə edə bilərlər və edirlər də. Ona görə də istər-istəməz müxalifətdən çıxan bu cür müdaxilələrin qəti əleyhinə olduğumuzu bildirdik və daxili siyasətimizə xarici qüvvələrin qarışmasının yolverilməzliyi ilə bağlı ümumi bir rəy ifadə etdik.