adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Sentyabr 2019 09:18
24015
ŞOU-BİZNES
A- A+

İKİ EŞŞƏK DAŞQASI SƏS

Dostumuz Natiq Məmmədli yazır: Sami Yusifin özünün «Youtube» kanalında yerləşdirdiyi «Nəsimi» kompozisiyası baxış sayına görə 400 minə yaxınlaşır. Çox arzulayıram, əsərə baxanlar heç olmasa 10 milyondan çox olsun ki, baxış sayı 8 milyona çatan Afət Telmanqızının «Pəncu-şeş»i kölgədə qalsın. Və bizim canımız bu xəcalətdən qurtarsın.

Oxudum və xeyli güldüm. Yadıma bir hadisə düşdü. 70-80-ci illərdə pambıqçılıqda sosializm yarışı gedirdi. Təbii ki, hər kəs də öz rayonunun birinci olmasını istəyirdi. Hətta «Araz» kinoteatrının yanında bir lövhədə gündəlik məlumat da göstərilirdi. Xanlar birinci olurdu , o biri rayonlar ona çata bilmirdi. Ağdam ikinci yerdəydi, bu-gün sabah Xanları keçəcəkdik. Getmişdim Xanlara, mamamoğlu orda müstəntiq işləyirdi. Dedim ki, sabah Xanları ötəcəyik, birinci biz olacağıq. Söylədi ki, qəti mümkün deyil.

- Niyə?

- Axşam iki eşşək daşqası pambıq göndərəcəyik , bu eləyəcək 5 faiz, yenə bizi keçə bilməyəcəksiz.

Heç demə, Xanların pambıq planı 1000 tonuymuş, Ağdamınkı isə 60 min ton. Hələ Ağcabədi 80 min, Bərdə isə100 min ton.

İndi Natiq bəy, Sami Yusifin «Youtube»də izlənməsi Afət Fərmanqızının rekordunu heç vaxt qıra bilməz. Elə ona çatan kimi Afət Fərmanqızının «balelşikləri» iki eşşək daşqası səs (yəni izləmə) göndərəcəklər, vəssalam, şüttəmam.