adalet.az header logo
  • Bakı 18°C

BURA ZiBiL TÖKƏNiN ATASINA LƏNƏT

AQİL ABBAS
35519 | 2010-07-14 01:54
Bu ifadəyə görə oxuculardan üzr istəyirəm, özü də yüz dəfə üzr istəyirəm. Gör hansı məcburiyyət olub ki, belə bir tərbiyəsiz ifadəni başlığa çıxarmışam.
   
   Əslində Bakının özündə, həm də rayonlarda zibil tökülən yerlərin ətrafındakı divarların hamısına hətta bundan da betər sözlər yazılıb, amma nə fayda. Belə bir ifadə var: "Eşşək nə bilir zəfəran-plov nədir". İndi bu, hara gəldi zibil atanlar da eşşəklər kimi nə bilir ki, mədəniyyət nədir, gözəllik nədir.
   
   Düz divarımın dibinə kimlərsə zibil tökür. 50 metr yol gedib həmin zibili zibil qablarını atmağa ərinir. Özüm yığışdırdıram, aparıb zibil qabına atdırıram və divarıma da belə bir ifadə yazmamışam. Gülməli də olsa nə qədər izləmişəm də o zibil atanları tuta bilməmişəm. Amma bu məni o qədər narahat eləmir. Çünki bu zibilin dilxorçuluğunu təkcə mən çəkirəm. Eybi yox, bir təhər yola vermək olur.
   
   Amma elə zibilliklər var ki, bunun dilxorçuluğunu bir nəfər, iki nəfər yox, minlərlə adam çəkir və insandan da daha betər təbiət çəkir və nəticədə təbiət insanlardan küsür, üzünü bozardır.
   
   Mən həmişə Göygölün gəzintiyə qapanmasının əleyhinə olmuşam. Çünki Tanrım gözəlliyi bizlər üçün yaradıbsa, biz də o gözəlliyi dadmalıyıq. Amma bu günlərdə gördüyüm bir-iki dəhşətli mənzərədən sonra fikirləşdim ki, səhv eləmişəm. Yaxşı eləyib Göygölü bizlərin üzünə qapayıblar. Tanrının bu nadir incisini qorumağın başqa bir çarəsi yoxdu.
   
   Hərdən bir boş vaxt tapanda Vətənin müxtəlif bölgələrini gəzməyi xoşlayıram. Tanımadığım kəndləri, tanımıdağım insanları görmək istəyirəm. Məni tanımayan insanlarla çayxanada oturub yoldan keçən bir qonaq kimi söhbət eləmək, bir yazıçı kimi bu insanları öyrənmək mənə çox xoşdu.
   
   Bu dəfə yolum Daşkəsən və Gədəbəyin ucqar kəndləri idi. Daşkəsən çox abad, gözəl, səliqəli bir şəhərə çevrilib. Şəhəri fır-fır fırlanasan yolda, irizdə bir zibilə rast gəlməzsən. Tikinti-quruculuq işləri də öz yerində. Rayonda yeni iş yerləri açılıb, dövlət orqanları üçün yeni binalar və yaşayış evləri tikilib, istirahət parkı salınıb. Şəhərin işıqlandırma sistemi tamamilə dəyişdirilib. Yeni otel və istirahət ocaqları açılıb. Narzan bulağı üzərində salınmış yeni istirahət kompleksini xüsusi ilə qeyd etmək olar. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının regionların inkişafı ilə bağlı sərəncamı Daşkəsəndə yüksək səviyyədə həyata keçirilir. Kənd yolları təmir olunub, asfaltlanıb. Ümumiyyətlə, Daşkəsən ölkəmizin gözəl şəhərlərindən birinə çevrilib.
   
   Çoxdandı Xoşbulağa çıxmırdım. Deyəsən axırıncı dəfə bir 20 il bundan əvvəl olmuşdu. Gözəlləyinin tayı bərabəri yoxdu. Bizim Kəlbəcərin dağlarına oxşayır. Elə bu dağların çiçəyinin, gülünün ətri də Kəlbəcər dağlarının gülünün, çiçəyinin ətridi. Burda çadırlar qurulardı, səhər-səhər samavar çayının tüstüsü və kömürün qoxusu adamı bihuş eləyərdi. Hər kəsin öz yurdu vardı. Adamlar çox mehriban, demək olar bir yerdə çörək yeyərdilər, futbol oynayardılar, voleybol oynayardılar. Bir tərəfdə şahmat, nərdtaxta, domino... dilədiyini oynayanlar. Yaylağın gözəlliyi budu.
   
   Bu da Xoşbulaq. Məhv eləyiblər. Hasarlar, labirint küçələr zir-zibil və bu hasarların içində bir-birindən gözəl villalar, Allah sağlıqlarına qismət eləsin. Amma day bura Xoşbulaq deyil, Daşbulaqdı, Hasarbulaqdı, nə bilim Zibilbulaqdı, amma Xoşbulaq deyil. Heç axtarıb bulağı da tapa bilmədim. Görünür kiminsə həyətindədi. Eybi yox, buna da dözmək olar.
   
   Xoşbulaqda təbii ağac yoxdu. Yəni Kiçik Qafqazın elə yaylaları var ki, məsələn İstisu kimi, Dəlidağ kimi, Yüzbulaq kimi, Sarıbaba kimi, Kirs kimi yalnız çəmənliklərdi, vadilərdi, bulaqlardı. Amma bir səfeh hökumət vardı, adına Sovet hökuməti deyirdilər. Xoşbulaqda bir yüz hektara yaxın, bəlkə də az-çox meşə salmışdı. Bu meşə Xoşbulağın gözəllyinə gözəllik qatmışdı. Mən bu meşəyə qışda, qar dizdən olanda da min bir müsibətlə gəlib çıxmışam, dostlarımla maşının kapotunun üstündə pendir-çörək yemişik və görmüşəm ki, bu meşənin qışda da ayrı bir gözəlliyi var.
   
   Mənasız bir qəsəbəyə çevrilmiş Xoşbulağın dar, zibil iyi, peyin iyi və bunlara qarışmış kabab iyinin içindən bir təhər keçib, meşəyə gəldim.
   
   Meşənin müxtəlif guşələrində insanlar ailəlikcə süfrə açıb, çörək yeyib, istirahət eləyirdilər. Gözəl, çox gözəl. Səni də süfrələrinə dəvət edirdilər, mehribancasına, bu da çox gözəl. Amma mən bura çörək yeməyə gəlməmişdim. Neçə ildir həsrət qaldığım Kəlbəcərin, Laçının qoxusunu almağa (aşırımı keçirsən Kəlbəcər dağlarıdı), bir az toxdamağa, bir az kövrəlməyə, bir az xəyala dalmağa gəlmişdim. Bir ağacı qucaqlayıb öpməyə gəlmişdim, bir ağacı oxşamağa gəlmişdim. Amma nə qədər gəzdim bir təmiz yer tapa bilmədim: hər yer torbalar, şərab və su butulkaları, qəzet cırıqları, day nə bilim ey, dünyada zibil adına nə varsa hamısından. Baxmayaraq ki, həm meşədəki istirahət guşələrində, həm də qəsəbənin özündə çoxsaylı zibil yeşikləri var. Lakin nədənsə insanlarımız zir-zibili yerə tökməyə üstünlük verirlər. Ağaclar adamın atasına söyürdü, otlar adamın atasına söyürdü, çiçəklər adamın atasına söyürdü, meşənin içindən axan çay adamın atası nədi, lap anasına söyürdü. Mən bu söyüşü eşidirdim, hərçənd ki, mən heç o meşəyə siqaret kötüyü də atmadım. Görəsən, niyə mən bu söyüşləri eşidirdim, amma bu meşəyə səpələnib süfrə açanlar bunu eşitmirdilər.
   
   Ay qardaşım, ay əmioğlu, ay dayıoğlu, ay cijioğlu, ay nə bilim kimin oğlu... yedin-içdin bu yeyib-içdiyini yığ bir kloka, yolda at bir zibil qabına də, canın çıxar?! Axı sən səhər bura birdə gələcəksən? O gül balaların bu meşədə səhər bir də oynayacaq, o çayda yenə çimmək istəyəcəksən! Meşəyə heyfin gəlmir-gəlmir, təbiətə heyfin gəlmir-gəlmir, Allahdan qorxmursan, uşaqlara heyfin gəlsin də!
   
   Ağacların, güllərin, çiçəklərin, çəmənliklərin, çayın söyüşləri altında meşəni tərk edirəm. Meşənin girəcəyində iki nəfər nəzarətçi var, şlaqbaum da var. Amma meşə heç kəsin üzünə qapalı deyil.
   
   Maşından yenirəm, nəzarətçilərlə dərdləşirəm.
   
   Deyirlər:
   
   - Müəllim, neyləyək? Vallah axşam düşəndə az qala səhərəcən bu zir-zibili təmizləməklə məşğuluq, çatdıra bilmirik. Öhd eləyə bilmirik. Elə olur ki, rayon icra hakimiyyətinin başçısı Tahir müəllim özü bu ərazidə iməclik keçirir və meşənin təmiz saxlanmasına çalışır. Lakin nə faydası. İstirahətə gələn vətəndaşlara nə qədər demək olar, nə qədər yalvarmaq olar?!
   
   Güldüm. Dedim onda bir böyük kətanın üstünə qırmızı rənglə iri həriflərlə yazın və asın girəcəkdən: "BURA ZİBİL ATAN, ATANA LƏNƏT!"
   
   Meşədən çıxıb üzü hara gəldi maşın sürməyə başladım. Bu adamlardan qaçmaq istəyirdim. Tanımadığım yollar, tanımadığım dağlar. Nə qədər getdim bilmirəm, bir fermaya rast gəldim. Alaçıxlar qurulmuşdu, samavarlar qaynayırdı, dünya yamyaşıl və gözəl. Minlərlə qoyun-quzu, amma peyin iyi gəlmirdi. Qoyun-quzunun iyi gəlirdi, buğlanan südün iyi gəlirdi, o çobanların dağ havası hopmuş qoxusu gəlirdi. Tanrının ətri gəlirdi. Və o Tanrının ətrinin içində bilmirəm nə qədər oturdum, ayaqlarımı soyunub çəmənlikdə gəzdim, çiçəyini öpdüm, otunu öpdüm. Sonra yol azdığımı zənn edib gələn çobanlarla dərdləşdim. Ayrılanda dedim:
   
   - Qardaşlar, nə badə orda-burda danışansınız belə bir gözəl yer var, yoxsa gəlib buraları da zibilləyəcəklər.
   
   Gədəbəy haqqında növbəti yazıda.

TƏQVİM / ARXİV