adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Sentyabr 2019 17:05
22949
SİYASƏT
A- A+

Ziyafət Əsgərov: Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətləri var

Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Pakistanın Xeybər Paxtunxva Əyalət Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, Pakistan Senatı və Milli Assambleyası ilə yaxşı əlaqələrimiz olduğunu qeyd edən I vitse-spiker bildirib ki, dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətləri var, Azərbaycan dövləti bu münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Z.Əsgərov qeyd edib ki, Pakistan dövləti hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Xeybər Paxtunxva Əyalət Assambleyasının sədri Müştaq Əhməd Qani ölkəmizin müstəqilliyi dövründə inkişaf edən əlaqələrimizdən, Heydər Əliyev Fondunun Pakistandakı xeyriyyəçilik tədbirlərindən söz açıb. O, Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın inkişafında yüksək nəticələr əldə olunduğunu vurğulayıb, iki ölkə arasında əlaqələri genişləndirməyin yaxşı perspektivləri olduğunu diqqətə çatdırıb.

Qonaq Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyinə tərəfdar çıxdıqlarını, 2012-ci ildə Pakistan parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etdiklərini xüsusi qeyd edib.

Görüşdə Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand iştirak edib.