adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Sentyabr 2019 16:18
36740
ƏDƏBİYYAT
A- A+

Lənkəran məscidləri haqqında kitab işıq üzü gördü

Müəllifi tarixçi-araşdırmaçı İldırım Şükürzadə olan "Lənkəran məscidləri” kitabı bu günlərdə işıq üzü görüb. Kitab "Ecoprint” mətbəəsində ofset üsulu ilə çap olunub. 208 səhifəlik kitabın elmi redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullah, məsləhətçisi AMEA-nın doktorantı, ilahiyyatçı-alim Samid Quliyev, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Mətanət Əkbərova və Asif İmanlıdır.

VII əsrdən etibarən Azərbaycanda İslam dininin yayılması baxımından Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkir, Şabran, Beyləqan, Gəncə və Naxçıvan şəhərlərində məscidlərin tikilməsinə xüsusi diqqət verilir, şərq memarlıq üslubu geniş yayılmağa başlayırdı. Tarixən Azərbaycanın bütün bölgələrində dövrünə görə əzəmətli məscidlər tikilib və onların bəziləri günümüzədək qorunub saxlanılıblar. Təəssüf ki, bəzi məscidlərimiz bu gün Ermənistan ordusunun işğal etdiyi ərazilərimizdədir. Təbrizdəki Göy məscid, Bakıdakı Bibiheybət və Təzəpir məscidləri, Gəncədəki İmamzdə kompleksi, İrəvandakı Göy məscid nadir memarlıq incilərindən sayılır.

Bu gün Azərbaycanda dini dözümlülük və toleratlıq dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Hətta Azərbaycan təcrübəsindən, modelindən istifadə etmək istəyən Qərb dövlətləri də az deyil. Bütün bunlar həm də Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Xüsusilə qədim tarixə malik məscid və məbədlərimizin bərpası və yenidən xalqımızın istifadəsinə verilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qədim tarixə malik mədəni irsimizin qorunması, tarixi abidələrin bərpası, beynəlxalq aləmdə milli, dini dəyərlərimizin təbliği sahəsində həyata keçirdiyi geniş miqyaslı işlər xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Ölkə ərazisində mövcud olan məscidlərdə peşəkar din xadimlərinin təyin olunması, onların fəaliyyətinə nəzarəti Qafqaz Müsəlmanları İdarəsi həyata keçirir. Dünyanın nüfuzlu dini liderlərindən biri sayılan Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə dini mərkəz həqiqi İslamın insanlara çatdırılması, milli-mənəvi dəyərlərin təbliğ olunması, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün mühüm addımlar atır.

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə fəaliyyəti ilə rayon ərazisində yerləşən məscidlərdə dini maarifləndirmə sahəsində ardıcıl işlər görülür, silsilə tədbirlər, konfranslar keçirilir. Lənkəran bölgəsində yaşayan alim və tədqiqatçıların da dini maarifləndirmə ilə bağlı son illər gördüyü işlər təqdirə layiqdir. Tədqiqatçı İldırım Şükürzadənin müəllifi olduğu "Lənkəran məscidləri” kitabında rayonda yerləşən 84 məscid haqqında məlumat toplanıb. Araşdırılan məscidlərin inşa olunma tarixi, arxitekturası, eləcə də yerləşdiyi ünvan haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, "Lənkəran məscidləri” kitabı bu sahədə araşdırılan ilk tədqiqat əsəridir.