adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Sentyabr 2019 16:55
13096
GÜNDƏM
A- A+

Paşinyan nədən qorxur? - Rusiya ilə gərginliyin səbəbi

Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətlər gərginləşib.

Adalet.az xəbər verir ki, bu fikirlər "Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə bu gərginliyin səbəblərinə aydınlıq gətirilib:

"Oktyabrın 1-də Ermənistanda Avrasiya İqtisadi Birliyinin növbəti sammiti keçiriləcək. Görüş ərəfəsində Moskva ilə İrəvan arasında münasibətlərdə gərginliklər var. Ümumiyyətlə, Nikol Paşinyan hakimiyyətə gəldiyi bir il ərzində Rusiya ilə münasibətlərdə yeni gərginlik ocaqları yaradıb.

Birincisi, Rusiya Prezidenti Vladimir Putin əvvəlki kimi həbsdə olan dostu Robert Köçəryanı müdafiə edir, ona təbrik məktubları göndərir. Aydındır ki, bu təbriklər Paşinyanın xoşuna gəlmir, ancaq asılı olduğu qonşusunun liderinin siyasətini tənqid edə bilmir. Ermənistan hakimiyyəti ehtiyat edir ki, Vladimir Putin İrəvanda olanda həbsdə olan Köçəryanla görüşmək istəyə bilər. Putinə "yox” cavabı verməyin nə demək olduğunu Paşinyan anlamış deyil.

İkincisi, rəsmi Moskva Ermənistanda ittiham olunan bir sıra şəxsləri İrəvana təhvil verməkdən imtina edir. Ermənistanda barəsində cinayət işi başlanan "Ketrin Qrup” şirkətinin başçısı Miqran Poqosyan Moskvada siyasi sığınacaq alıb. Avqust ayında Moskva Poqosyanı İrəvana verməkdən imtina etdi. Onun Rusiya vətəndaşı olduğu barədə məlumatlar var.

Üçüncüsü, Ermənistan da Rusiya vətəndaşı Vitali Şişkinə siyasi sığınacaq verib. Şişkin radikal millətçidir. Rusiya onu həbs etmək istəyir. Şişkin həbs təhlükəsindən yayınaraq Ermənistana qaçıb. Şişkin Ermənistana 6 ay bundan əvvəl gedib. Bu, Ermənistan müstəqillik qazandıqdan bu yana Rusiyanın "vətəndaşımı mənə təhvil ver” istəyini yerinə yetirmədiyi nadir hadisədir”.

Təhlildə Paşinyanın İran Prezidenti Həsən Ruhanini Ermənistana dəvət etməsinə də diqqət çəkilib:

”Nikol Paşinyan İran Prezidenti Həsən Ruhanini oktyabrın 2-də Ermənistana dəvət edib. Paşinyan İranın da Avrasiya İqtisadi Birliyinin üzvlüyə qəbul olunmasını istəyir. İranın təşkilata üzv qəbul olunması üçün bütün üzv dövlətlərin razılığı lazımdır. Belə bir ümumi razılığın olub-olmadığı bəlli deyil.

ABŞ-ın sərt sanksiyaları ilə üz-üzə qalan İranın qonşu dövlətlərlə daha sıx əməkdaşlığa çalışması anlaşılandır. Buna görə də İran Avrasiya İqtisadi Birliyinə üzvlükdən imtina etməz”.

Mərkəzin təhlilində rəsmi İrəvanın sammitdə iştirak edən prezidentlərin "erməni soyqırımı” abidəsini kollektiv şəkildə ziyarət etməsini istəyəcəyi bildirilib:

"İran prezidenti Ermənistana səfəri zamanı həmin abidəni ayrılıqda ziyarət edərsə, bu, Türkiyədə və Azərbaycanda xoş qarşılanmayacaq. Türkiyə və Azərbaycan İranla iqtisadi əməkdaşlığın genişlənməsinin və ortaq layihələrin reallaşmasının tərəfdarıdırlar. Ermənistan Türkiyə və Azərbaycana düşmən olan dövlətdir. Bu baxımdan rəsmi Tehran qonşularla münasibətlərdə bu amili nəzərə almalıdır”.