adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Sentyabr 2019 12:29
15504
GÜNDƏM
A- A+

YAXŞI Kİ DÜNYADA ƏDALƏTLİ HAKİMLƏR VAR

Ali Məhkəmə jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən Seymur Qarayevin cinayət işi üzrə kassasiya şikayətlərinə baxışı tamamlayıb.

2016-cı il fevralın 14-də AZAL-ın işçisi Seymur Qarayev idarə etdiyi avtomobillə Bakının Ziya Bünyadov prospektində Laçın rayonunun Oğuldərə kəndindən məcburi köçkün Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.

Əliəsgər Talıbov bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Qəza anından koma vəziyyətinə düşən Əli Əliyev 504 gün ərzində paytaxtın müxtəlif klinikalarında müalicə olunub. Onun müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, "Avrasiya” hospitalında 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib.

Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib. Onun dəfn və yas mərasimlərinə 14000 manata yaxın pul sərf olunub. Göstərilən məbləğlərlə bərabər zərərçəkənin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edib.

Beləliklə, zərərçəkənin ailəsinin mülki iddiası ümumilikdə 166 min 531 manat həcmindədir.

Cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmə Seymur Qarayevi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Zərərçəkənin hüquqi varisi İmdad Əlizadənin mülki iddiası qismən təmin olunub: 23 min manat.

Hökmdən narazı qalan İmdad Əlizadə apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi 2018-ci il aprelin 3-də Seymur Qarayevin cəzasını 4 il 11 ay 28 günlük həbsdən 4 il 6 aya endirib. Onun ödəməli olduğu təzminatın həcmi isə 120 min 931 manata qaldırılıb.

İmdad Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsin cəza hissəsi qüvvədə saxlanıb, mülki hissə isə ləğv edilib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bu il yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsi Seymur Qarayevdən 141 min 931 manatın tutularaq İmdad Əlizadəyə ödənməsi barədə qərar çıxarıb.

Hər iki tərəf bu qərardan Ali Məhkəməyə şikayət edib. İmdad Əlizadə 166 min 531 manatın tam ödənməsini, qarşı tərəf isə mülki iddianın ümumiyyətlə təmin olunmamasını istəyib.

Sentyabrın 4-ü Ali Məhkəmədə keçirilən prosesdə dövlət ittihamçısı Süleyman Atakişiyev zərərçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı İmdad Əlizadənin şikayətinin təmin edilməsinə tərəfdar olub. Məhkəmə isə kassasiya şikayətlərinin heç birini təmin etməyib, Seymur Qarayevdən 141 min 931 manat tutulması qərarını qüvvədə saxlayıb.

Əli Əliyev 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyevin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir.

Tanınmış jurnalist İmdad Əlizadə Əli Əliyevin altı övladından biridir.(novator.az)