adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Sentyabr 2019 18:00
10694
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: YAZIQ ƏLƏT CAMAATI...

Bizim camaat hər cür əziyyətə və əzaba qatlaşmağa öyrəşib. Yəni biz Avropada deyilik ki, hər yerdə görək qayda-qanun var, kimsə bir başqasının hüququnu tapdamır. Və bir də böyük Üzeyir bəyin sözü olmasın, vallah, bizə qayda-qanun yaraşmır. Bəs bizə nə yaraşır? Bizə yaraşan odur ki, qanunları tez-tez pozaq, gördüyümüz haqsızlığıa göz yumaq, ya da bir başqası olmayanda arvad kimi oturub onun qeybətini eləyək. Bax, bunlar bizə yaman yaraşır...

Biri görür ki, kimisə təhqir eləyirlər, yaxud qocaya, xəstəyə avtobusda yer vermirlər. Səsini çıxarmır. Deyir ki, əşi, mənə nə, danışıb özümü pis adam eləyənə qədər dinməsəm yaxşıdı. Çünki deyəcəm qalx, qocaya yer ver, o cavan uşaq da abrımı ətəyimə bükəcək. Sonra da təyziqim qalxacaq, dərman içəcəm. Mənə lazımdı bu?!

Çox təəssüf ki, çoxları belə düşünür. Amma nahaq yerə! Şəxsən bu sətirlərin müəllifi kimliyindən asılı olmayaraq, harda haqsıqlıq eləyirsə, kimsə başqasının hüququnu tapdayırsa, həmişə səsini ucaldır. Daha doğrusu, gördüyüm əyri-əskiliyi, qanunsuzluğu hansısa bir formada, hansısa bir üslubda çalışmışam ki, cəmiyyətə çatdırım. Tay buna cəmiyyət nə təhər baxır, özü bilər, o mənlik deyil. Mənlik olan odur ki, gördüyümü, eşitdiyimi, bildiyimi qələmə alıram.

Tez-tez ictimai nəqliyyatdan, o cümlədən avtobusdan istifadə eləyirəm. Sentyabrın 6-da səhər saat 8-də Bakıdan Ələtə gedən bir avtobusdan, daha doğrusu, 195 nömrəli marşrutda işləyən avtobusdan istifadə elədim. Sözün düzü, həmin avtobusdan istifadə eləyən sərnişinlərə salona girəndən sonra lap yazığım gəldi. Belə ki, 10 TG 870 nömrəli avtobusun salonu çox çirkli idi. Hətta hiss olunurdu ki, axşamdan təmizlənməyib. Toz-torpaq və iki yerdə döşəməyə atılmış salfetka diqqətimi cəlb elədi.


Bir az da oturacaqlara nəzər yetirdim. Gördüm ki, oturacaqlar o qədər çirklidir ki, bəlkə də heç aylarla təmizlənmir. Bu da bir yana, ən qəribəsi o idi ki, oturacaqların bir neçəsi bıçaqla kəsilmişdi. Bunu da kim eləyir? Əlbəttə, əli dinc durmayan sərnişinlər. Həddindən artıq kəsilən yer böyük olduğuna görə, orda əyləşmək çox çətin idi. Düşündüm ki, bunların hamısını telefonun yaddaşına köçürmək lazımdı. Tənbəllik eləməyib döşəmənin, oturacaqların və ən nəhayət, kəsilmiş, doğranmış bir neçə oturacaq yerinin şəklini telefonun yaddaşına köçürdüm.

Hansı ki, ayrı-ayrı marşrut sahibləri bildirirlər ki, avtobuslar axşam saatlarında qaraja gəlir, orda salonu yuyub-təmizləyir də dizinfeksiya eləyirlər. Hətta deyilənlərə inansaq, səhər saatlarında avtobuslar texniki müayinədən keçirilir və sürücülər həkimlərin nəzarəti ilə yoxlanılır.

Gərək bu avtobus da o yoxlamalardan sonra təmiz olmalı idi. Ancaq biz avtobusun salonunda təmizlikdən heç bir əsər-əlamət görmədik. Təbii ki, bu cür çirkli və tozlu-torpaqlı avtosda Ələtə gedən sərnişinlər hər cür xəstəliyə tutula bilər. Amma buna məhəl qoyan kimdir? Çox nahaq yerə, gərək məhəl qoysunlar.

Avtobusdakı bir neçə sərnişin də marşrutla bağlı narazılıqlarını bildirdilər. Məsələn, Nübar Əhmədova adlı bir sərnişin dedi ki, hələ bu avtobus o birilərinə baxanda şükür eləməlidir. Yəni o biri avtobuslar daha pis gündədir. Çox vaxt dayanacaqda durub gözləməkdən gözümüzün kökü saralır. Bəzən 40-45 dəqiqə gözləyirik, 195 nömrəli marşrutda işləyən avtobuslar gəlib çıxmır. Bir də görürsən ki, avtobus yarı yolda xarab oldu. Və biz də düşüb o biri avtobusu gözləyirik. O biri avtobus da gələ, gəlməyə.

Ümumiyyətlə, 195 nömrəli marşrutda avtobuslarla Ələtə gedən sakinlər çox narazılıq eləyirlər. Onlar deyirlər ki, qışda soyuqdan donuruq, yayda da istidən boğuluruq. Üstəlik də avtobuslar köhnə olduğuna görə, tez-tez sıradan çıxır. Bax, bunu heç cürə başa düşmək olmur.

Ordakı bir neçə sərnişin dedi ki, qardaş, bizim dərdimizi Bakı Nəqliyyat Agentliyinə çatdır. Çünki qarşıdan payız və qış ayları gəlir. Heç olmasa bu il olmasa da, gələn il Ələtə gedəndə normal avtobuslarda əyləşək. Və biz də camaatın narazılığını və narahatlığını qələmə alıb adiyyəti qurumun – Bakı Nəqliyyat Agentliyinin diqqətinə çatdırırıq. Çünki həmişə Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri bildirirlər ki, sərnişinlərə yüksək mədəni xidmət göstərməyən daşıyıcı şirkətlərin əlindən o avtobusları alıb daha çevik və keyfiyyətli xidmət göstərən şirkətlərə veririk. İndi buyurun, söz sizindi!

P.S. Yazıq Ələt camaatı, mən bir dəfə o marşrutdan istifadə elədim, cəhənnəmi gözümlə görüb birtəhər oldum. Siz hər gün belə tozlu-torpaqlı avtobuslardan necə istifadə eləyirsiniz? Deyirəm, daşıyıcı şirkətin sizə yazığı gəlməsə də, heç olmasa Allahın rəhmi gəlib sizi bu bəladan xilas eləsin!..