adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Sentyabr 2019 11:54
68768
MƏDƏNİYYƏT
A- A+

Tragifars və ya yaşasın teatr

Respublikamızda fəaliyyət göstərən hər bir Dövlət Dram Teatrlarının özünəxas xüsusiyyətləri və xarakterik repertuar zənginliyi mövcuddur. Xüsusilə region teatrlarının fəaliyyəti və burada səhnəyə qoyulan hər bir yeni, orjinal pyeslərin mövcudluğu repertuar zənginliyinin eləcədə tamaşaçı duyumunun varlığından xəbər verir. Belə teatrlardan biri də 140 illik tarixi bir yol keçən Şəki Dövlət Dram Teatrıdır.

Teatrın tarixinə nəzər salarkən mənbələrdən aydın olur ki, görkəmli maarifçi və yazıçı Rəşid bəy Əfəndiyev 1877-ci ildə Tiflisdə Mirzə Fətəli Axundzadə ilə görüşüb. Bu görüş zamanı Mirzə Fətəli Axundzadə qələmə aldığı komediyalarından birinin məhz vətəni Şəkidə oynanılmasını arzuladığını bildirib. 1879-cu ildə gənc Rəşid bəy Əfəndiyev böyük mütəfəkkirin arzusunu həyata keçirərək barama anbarında onun "Hacı Qara” komediyasını Şəki ziyalıları ilə birlikdə tamaşaya hazırlayıb. Hacı Qara rolunda isə Rəşid bəy Əfəndiyev özü səhnəyə çıxıb. Beləliklə, bu təşəbbüsün nəticəsi olaraq 1879-cu ildən Şəkidə peşəkar teatrın təməli qoyulub.

Bu teatr həm də mənim üçün doğma bir sənət məbədidir. 1932-ci ildə mərhum Sabit Rəhman Şəki Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri kimi fəaliyyət göstərərkən Bakıda Karl Lipginixt adına Fabrik-Zavod məktəbində istedadlı gənclər arasında mərhum atam, respublikanın xalq artisti Məhəmməd Burcəliyevi görərək onu bu teatra aktyor kimi dəvət edib. Məhəmməd Burcəliyev bu teatrın səhnəsində 1935-ci ilə qədər fəaliyyət göstərib və sonra taleyini Gəncə Dövlət Dram Teatrına bağlayıb. 1940-cı ildə isə Şəkidə hər zaman səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə mərhum anam, respublikanın xalq artisti Sədayə Mustafayeva da taleyini bu teatrın səhnəsinə 1946-cı ilə kimi bağlayıb və bir sıra obrazlar qaleriyası yaradıb. Bu səbəbdən də Şəki Dövlət Dram Teatrı mənim doğma teatrımdır desəm heç də yanılmaram.


Hər zaman repertuar zənginliyinə önəm verən Şəki Dövlət Dram Teatrı bu ənənəni qoruyub saxlaya bilir. Elə bunun nəticəsi olaraq da bu gündə repertuarında olan İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı”, Əhməd Orucoğlunun "Oğru”, Səməd Vurğunun "Vaqif”, Hidayət Sayının "Davul səsi”, Bilal Appayevin "Gözəlləri necə qaçırırlar”, Hans Kristian Andersenin "Kralın yeni libası”, Əli Səmədlinin "Hərənin bir ulduzu”, Qədim Şərq rəvayəti olan "Kəllə və Dimnə”, Elçin Əfəndiyevin "Teleskop” və başqa pyesləri Şəki Dövlət Dram Teatrının maraqlı və orjinal səhnə əsərlərindən xəbər verir.

Bu günlərdə isə 139-cu teatr mövsümünün sonunda Şəki Dövlər Dram Teatrının səhnəsində bir saat əlli dəqiqə ərzində davam edən Jan Batist Molyer və Mixail Bulqakovun "Xəstəlik xəstəsi və ya yaşasın teatr” iki hissəli tragifarsını-fars komediyasını maraqla izlədim. Qeyd edim ki, tragifarsı dilimizə Şəms Əlizadə tərcümə edib. Bu pyesin adı həmçinin "Kabbala mömini” kimi də tərcümə oluna bilər. Xatırladım ki, tamaşa Şəkidə peşəkar teatırın yaranmasının 140 illiyinə həsr olunub.

XVII əsrin dünya şöhrətli fransız dramaturqu və aktyoru sayılan Jan Batist Molyer (1622-1673) həyatını teatr sənətinə həsr etməklə ömrünün sonuna qədər səhnəni tərk etməyib. O, yaratdığı teatrın yaşaması naminə bütün məhrumiyyətlərə dözərək çox vaxt həyatını riskə atıb. Bununla belə yaşadığı cəmiyyət haqqında olan həqiqətləri və öz müasirlərinin əsl simalarını səhnədən açıb göstərməkdən çəkinməyib. Müxtəlif mənbələrdən məlum olur ki, 1673-cü il fevralın 17-də Molyer sonuncu əsəri olan "Xəstəlik xəstəsi” komediyasında Arqan obrazını ifa edib. Bu obrazın yalançı xəstəliyini səhnədə ustalıqla göstərərkən özü artıq ölümcül xəstə olub. Xatırladım ki, Pale-Royal Teatrında dördüncü dəfə oynanılan bu tamaşa Molyerin səhnədə sonuncu çıxışı olub.

Məhz bu günlərdə izlədiyim tamaşa da bu tarixçədən bəhs edir və həm də sanki öz həyatını səhnəyə, teatr sənətinə qurban edən bütün səhnə, teatr fədailərinin xatirəsinə ithaf olunur. Qeyd etdiyim ki, tamaşa Molyerin Arqan obrazını axrıncı dəfə səhnədə oynamasının tarixcəsindən və onun həqiqi xəstəliyi ilə Arqan obrazının "yalançı xəstə”liyinin arasındakı təzadları göstərir. Molyer tamaşanı böyük ustalıq, məharətlə oynayır və sonda isə həyatla vidalaşır. Qeyd edim ki, pyesi səhnələşdirən və quruluşçu rejisoru, respublikanın əməkdar incəsənət xadimi, Şəki Dövlət Dram Teatrının baş rejisoru Mirbala Səlimlidir.

Rejisor traktofkasına uyğun olaraq səhnə və səhnə arxası məkan çərçivəsində hadisələr fars komediya şəklində Molyerin həqiqi faciəsi olaraq böyük ustalıqla təqdim olunur. Tamaşanın əsas mövzusu məhz sənətkar yaradıcılığı və onun vəfatı ilə bağlıdır. Burada sənətkar səhnədə və həyatda bütün varlığı ilə təqdim edilir. Səhnədə ilk andaca cəryan edən hadisələrdən bəlli olur ki, tamaşanın göstərilməsi üçün hazırlıq prosesi gedir. Hazırlıq prosesi zamanı Molyerin həqiqətən xəstə olması bəlli olur. Həmkarları onun bu vəziyyətdə səhnəyə çıxmasının mümükünsüzlüyünü bildirsələr də aktyor bu fikirlərlə razılaşmır. Tamaşanı sona qədər oynamaq qərarında israrlı olur. Tamaşada Arqan və ya Molyer obrazını respublikanın əməkdar artisti Xanlar Həşimzadə ifa edir. Aktyorun səhnə plastikası obrazın mahiyyət etibarı ilə təqdim edilməsinə yaxından yardımçı olmaqla maraqla izlənilməsinə səbəb olur. Səhnədə aktyor Xanlar Həşimzadə güya çox ciddi xəstə olan Arqanın öz sağlamlığından şikayət edə-edə həkimlərinin ona yazdıqları reseptlərin ayda nə qədər xərc tutduğundan gileylidir. O, səhətinin əvvəlkindən də pis olduğunu iddia edir. Ancaq Arqan anlamaq istəmir ki, o, öz səhhətini həkimlərin əlində oyuncağa çevirib. Hirsini də həmişə ona sözün düzünü deyən xidmətçisi Tionettadan çıxır. Arqanın yalandan xəstə olmasını yarı zarafat, yarı ciddi, hərdən də icəşərək ifşa edən Tionettanı isə Arqan heç də sevmir. Bütün bu sadalananlar əməkdar artist Xanlar Həşimzadənin ifasında böyük ustalıqla xırda detalların belə incəliklə göstərilməsi ilə maraqla baxılır.

Tamaşa boyu maraqla izlənilən obrazlardan biri də xidmətçi Tionetta obrazıdır. Bu obrazı aktrisa Arzu Mustafayeva ifa edir. Tionetta cavan və şuxdur. Onun hər bir hərəkəti mizanlara uyğun olaraq ustalıqla təqdim olunur. Hətta aktrisanın səhnədə fərqli danışıq tərzi, diksiyası da maraqla izlənilir. Çox keçmir ki, səhnədə Tionettanın qurduğu oyun nəticəsində Belinanın (aktrisa Lalə Məmməd) əsil siması üzə çıxır. Arqan anlayır ki, həmişə tərəfində olduğu gənc həyat yoldaşı var-dövlətini ələ keçirtmək üçün ona belə nəvaziş göstərib. Tionetta sonra da eyni oyunu Anjelikanın (aktrisa Fidan Lətifova) üzərində də yoxlayır. Arqan görür ki, onu həqiqətən sevən, həmişə danlasa belə sözündən çıxmayan qızı Anjelikadır. Bundan sonra Arqan qızı ilə Kleantın (aktyor Rəşid Mirizadə) izdivacına razılıq verir, amma bir şərtlə - Kleant həkim olmalıdır. Bütün bu hadisələr aktrisa Arzu Mustafayevanın ifasında olan Tionetta obrazının səhnədə maraqlı hərəkət və jestləri, eləcə də rejisor traktofkasına uyğun olaraq təqdim olunması baxımından maraq doğurur.

Tamaşa boyu aktrisa Lalə Məmmədin ifasında Belina obrazı da maraqla izlənilir. Arqanın ikinci həyat yoldaşı Belina isə həyat yoldaşına məxsus var-dövlətin ələ keçirilməsi məqsədi ilə ona şirin dillər tökərək əzizləyir, hər zaman süni problemlər yaratmaqla ilk ailəsindən olan qızlarının monastra göndərilməsinə çalışır. Arqan isə bu nəvaziş və aldadıcı şirin dillərə inanaraq ona məxsus olan bütün varidatını Belinaya vəsiyyət etməyə razılaşır. Belina notarius dostu olan De Bontua ilə (aktyor Pərviz İsmayılov) oyun qurub, mirası ələ keçirməyə hazırlaşır. Bütün bu hadisələr səhnədə aktrisanın ifasında tam olaraq tamaşaçıya maraqlı mizanları ilə təqdim olunur.

Aktyor Pərviz İsmayılov isə Notarius De Bontua obrazında köməkçi xarakter olaraq diqqət mərkəzində olmağı bacarır. Tərəfmüqabili olaraq rejisor traktofkasının təqdimə çalışır və hadisələr fonunda maraqla izlənilir.

Tamaşada maraqlı səhnələrdən biri də qızının evliliyini də öz xəstəliyi üzərində qurmaq istəyən Arqanın Anjelikanı həkimi Purqonun (aktyor Fərahim Fətəliyev) qohumu, həkim olmağa hazırlaşan Tomas Diafuarusa (aktyor Qurban Rəsulov) ərə vermək istəyidir. Arqanın bu qohumluluq izdivacına razılıq verməsinin məqsədi səhəti ilə bağlı olaraq daimi olaraq həkim nəzarətində olması istəyindən irəli gəlir. Qeyd etmək lazımdır ki, hadisələr fonunda həkim Purqon aktyor Fərahim Fətəliyevin və Tomas Diafuarus obrazlarında aktyor Qurban Rəsulovun ifası da maraq doğurur. Hadisələrin fonunda bu qohumluluq əlaqələrinin yaranma istəyinin də onlar tərəfindən öz məqsədinin olduğu da tam olaraq aydın olur. Hər iki şəxs zadəgan bir ailə ilə qohum olmaq və bu qohumluqdan faydalanmaq məqsədini ifaları vasitəsilə dolğunluqla tamaşaçıya təqdim edə bilirlər.

Anjelika. Arqanın doğma qızı. Ögey anasının himayəsində atasının yanında yaşamaq məcburiyyətində olan bu qız isə onu bir dələduzun əlindən xilas edən gənc Kleanta vurulub. Ancaq onların bu sevgisinə mane olmaq istəyənlər var. Xüsusilə öğey anası olan Belina atasının ailə qurmaq təklifini qəbul etməyən gənc qızın monastıra göndərilməsinə israrlıdır. Arqan qızının hərəkətindən qəzəblənərək, onu monastıra göndərməklə hədələyir. Hadisələr cəryan etdikcə aktrisa Fidan Lətifova vəziyyətlər halından çıxış edərək baş verənləri daha dolğun bir formada səhnədə təqdim etməyə müvəffəq ola bilir.

Tamaşada respublikanın əməkdar artisti Rəhim Qocayevin ifasında Arqanın qardaşı olan Berald obrazı da maraqla baxılır. O, Arqanın gözünü açmağa çalışsa da həyat yoldaşı Belina əksinə, onun doğrudanda xəstə olduğunu zehninə yeridir və Purqon kimi dələduz həkimlərin əlində "təcrübə dovşanına” çevirir. Purqon isə Arqanın azacıq da olsa müqavimətini gördükdə onu lənətləyir, Əczaçı Fleran ilə (aktyor Rəşad Rüstəmov) birləşərək müxtəlif xəstəliklərə yoluxacağı barədə məlumatlar verməklə onu hədələyirlər. Gənclərlə daima həmfikir olan Belard isə sonda təklif edir ki, qardaşı Arqan özü həkim olsun və bununla da özünü müalicə etsə daha yaxşıdır. Beləliklə, Arqan həkim olmağa qərar verir. Hadisələr olduqca maraqla izlənilir, burada baş verən vəziyyətlərin həmahəngliyi sona qədər tamaşçıda diqqət oyada bilir. Respublikanın əməkdar artisti Rəhim Qocayevin ifasında Berald obrazı uğurlu səhnə təqdimatı olaraq diqqəti cəlb edir.

Həmçinin qeyd etmək lazımdır ki, tamaşa boyu respublikanın əməkdar artisti Akif Yusifovun ifasında cənab Diafuarus, aktrisa Nuranə Mirzəliyevanın ifasında Luiza obrazları da maraqla izlənilir.

Əvvəldə də qeyd etdiyim kimi mövzusu savadsız və bacarıqsız həkimlər olan iki hissəli tragifarsın-fars komediyanın əsas personajlarının əksəriyyəti Molyerin müasirləridir. Hadisələr isə demək olar ki, tam olaraq həyatdan götürülərək Molyerin öz ətrafında baş verənlərdir. Şəki Dövlət Dram Teatrının hazırladığı tamaşanın özəlliyi həm də ondan ibarətdir ki, tamaşaçılar "Xəstəliklər xəstəsi” pyesi fonunda Molyerin həyatının son anlarını da səhnədən izləyə bilirlər. Bütün bu sadalananlar isə tamaşanın quruluşçu rejisoru, respublikanın əməkdar incəsənət xadimi Mirbala Səlimlinin tarktofkasında daha dolğun bir formada, geniş düşünülən və maraq doğuran səhnə mizanları ilə təqdim edilə bilir. Rejisor hər bir personajın səhnəyə ilk daxil olma anlarını maraqlı kölgə görüntüsü ilə təqdim etməklə hadisələri daha da dinamik və effektiv baxış bucağında göstərməklə sanki xarakterlərin daxili aləmini ilk andaca göstərir. Bu da tamaşanın daha maraqla izlənməsinə şərait yarada bilir. Unutmaq olmaz ki, hər bir teatrın əsas uğuru rejisor işi ilə bağlıdır. Teatrın estetik baxımdan konsepsiyası, strateji hədəflərini isə demək olar ki, məhz istedadlı rejisor işi müəyyən edir. Teatrlarımızda yaranan nəhəng aktyor və rejisor boşluğunu isə yalnız bu kimi uğurlu quruluşların sayəsində çözülməklə məhz teatrlarımızın simasında hər hansı bir açıq polemikaları da bu kimi quruluşlarla müəyyən etmək mümkündür. Bu baxımdan Şəki Dövlət Dram Teatrında əməkdar incəsənət xadimi Mirbala Səlimlinin rejisor traktofkası hər zaman maraqla izlənilən səhnə əsərlərinin toplusuna çevrilə bilir. Bu da onun rejisor duyumunun və tapıntılarının uğurudur. Tamaşa boyu cəryan edən hadisələrin fonunda bütün faktların dəqiqliklə göstərilməsi üçün rejisor mənbə kimi Mixail Bulqakovun "Müqəddəs Kabbala” pyesindən və "Molyer” sənədli povestindən eləcə də Molyerşünas Kristof Morinin "Molyer” tədqiqat əsərindən də öz traktofkasında istifadə edib. Bu da tamaşanın uğurlu səhnə həllinə böyük imkanlar açıb.

Qeyd etmək istərdim ki, Şəki Dövlət Dram Teatrında gənc istedadların tapılaraq profesional səhnəyə gətirilməsi üçün "İkinci nəfəs” Teatr studiyası fəaliyyət göstərir. Təqdim olunan bu səhnə əsərində də əsas obrazların bir çoxunu məhz bu teatr studiyasının gənc aktyor heyəti tərəfindən oynanılması rejisor Mirbala Səlimlinin uğurlu personajların təqdimində maraqla izlənilən quruluşu olaraq diqqəti cəlb edir.

Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədovun səhnə tərtibatı öz əzəməti ilə maraqlı səhnə əsərinin yaranmasına yardımçı olmaqla baş verən hadisələr daha dolğun aktyor mizanları ilə bir-birini tamamlamağa müvəffəq ola bilir. Həmçinin geyim üzrə rəssam Sahib Əhmədovun esgizlərinin XVII əsrə aid geyim növlərinə uyğunlaşması hər bir personajın xarakterinə uyğun olaraq maraqla izlənilir. Tamaşanın musiqi tərtibatı Zeynəb Orucovaya məxsusdur. Musiqilərin hadisələrin inkişaf prizmasından yanaşma mexanizmi üzrə təyini tamaşanın uğurlu səhnə traktofkasına yaxından yardımçı ola bilir.

Bütün bu sadalananlar isə bir daha Şəki Dövlət Dram Teatrının 140 illik yubileyi ərəfəsində uğurlu və orjinal səhnə meyyarının meydana gəlməsindən xəbər verir.

Anar Burcəliyev

Teatrşünas