adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

RƏQQASLARIMIZ ƏRƏBLƏRi DƏLi ELƏDi

AQİL ABBAS
32001 | 2010-06-10 01:10
Yadıma bir hadisə düşdü. Tehranlıları tar çalmaqla heyrətləndirmək çətin məsələdi. Dünyanın musiqi beşiklərindən biri olan İranda çox görkəmli tarzənlər var. Düzdür, indi mollalar musiqini qadağan ediblər, indi zəngin İran musiqisindən dünyanın özü məhrum olub. 70-ci illərdə Əhsən Dadaşov Tehranın ən böyük konsert salonunda başını tarın çanağına qoyub muğam çalırmış. Hamını don vurubmuş. Birdən bir İran şairi (gərək ki adı Zeybək ola) ağlaya-ağlaya sıçrayıb səhnəyə tarla bir yerdə Əhsən Dadaşovu qucaqlayıb və deyib, özü də azərbaycanca:
   
   - Neynəyirsən bəradər, Tehranı yandırdın ki!
   
   Bu hadisə niyə yadıma düşdü? Azərbaycan Dövlət Rəqs Ansamblı da Dohanı (Qətərin paytaxtı) yandırdı, zəngin musiqi və rəqs mədəniyyətinə malik olan ərəbləri dəli elədi. Mən də salondaydım, mən də heyrətimdən dəli olmuşdum və həm də qorxurdum. Rəqs ansamblımızın çıxışlarına dəfələrlə tamaşa eləmişəm, heyranlıqla tamaşa eləmişəm, amma dəli olmamışam. Görünür qərib yerdəydik, ona görə məni dəli elədi.
   
   Əvvəl niyə qorxdum, onu deyim. Qətər çox sürətlə inkişaf edib. Sağlıqlarına qismət, pulları çoxdu. Dohada dünyanın nadir binaları tikilib və tikilir. Amma çox qəribəydi ki, onların konsert binaları bizim rayonlardakı konsert binalarından bir balaca gözəl və böyük idi. Və səhnə çox kiçik idi. "Leyli və Məcnun" tamaşası zamanı da, xüsusilə də rəqqaslarımızın çıxışı zamanı da qorxurdum ki, səhnədən yıxıla bilərlər. Həm də səhnənin döşəməsi rəqs üçün çox əlverişsiz idi. Rəqqaslarımız məcbur olub ayaqqabılarına və dizlərinə "kola" sürtürdü.
   
   Azərbaycanın görkəmli sənətkarı Afaq Məlikovanın yetirmələri təxminən bir saat ərəbləri ayaq üstə saxladılar. Təkcə ərəbləri yox, tamaşada Qətərdəki xarici ölkələrin səfirləri, nazirləri, başqa ölkələrdən gəlmiş iş adamları, ingilisindən, fransızından, türkündən tutmuş qonaqlar da iştirak edirdilər. Yanımda oturmuş iraqlı bir nazir (Kərkükdən olduğundan azərbaycanca gözəl danışırdı) elə tamaşa boyu məni dürtmələyirdi ki, abi, mən Azərbaycanın musiqisi, mədəniyyəti haqqında yüksək bilgilərə malikəm və sevirəm. Amma böylə şey görməmişdim.
   
   Və bir də deyirdi:
   
   - Bunlara nə yedirtmisiz?
   
   Çünki bir saat dayanmadan, istirahət etmədən (istirahət 1 dəqiqə çəkərdi, yəni növbəti nömrə elan olunanadək) şıdırığı rəqs eləmək həqiqətən insan gücü xaricindədi.
   
   Mən orada düşündüm ki, Azərbaycan milli futbol komandasını da Afaq Məlikovaya vermək lazımdı. Çünki futbolçularımızın 90 dəqiqə ərzində oynamağa nəfəsi çatmır. Özü də bu 90 dəqiqə ərzində də təbii ki, qaçmırlar. Amma necə olur ki, rəqqaslarımız bir saat dayanmadan (deyilənə görə bəzən tamaşa 2 saat da çəkir) şıdırığı, terminlə desək, ən yüksək templə rəqs edə bilirlər. Təbii ki, milli futbol komandasını Afaq Məlikovaya verməzlər. Amma baş məşqçimiz Foqtsu Afaq xanımdan təcrübə öyrənməyə göndərmək olar. Bu mənim həqiqi sözümdü.
   
   Təbii ki, Azərbaycanın bütün rəqslərini göstərmək mümkün deyil, yəni zaman imkan vermirdi. Yəni ərəblər bizim zəngin rəqs mədəniyyətimizin bir hissəsi ilə tanış ola bildilər. Amma bu da kifayət elədi ki, rəqqaslarımız ərəbləri dəli eləyə bilsin.
   
   Xüsusilə də, qılınclarla rəqs zamanı tamaşaçılar heç oturmadan ayaq üstə alqışlayırdılar. Elə bil bu rəqsin musiqisi alqışlarla bir yerdə yazılmışdı. Əslində bu rəqs deyil, bu bir döyüş səhnəsidi. Xalqımızın döyüşkənlik ruhunun nümayişi idi. Yanımdakı iraqlı nazir bu rəqsə tamaşa edərkən məni dürtmələyib deyirdi:
   
   - Abi, bu millətə heç kimin gücü çatmaz...
   
   İsmayıl Qudulovun maestroluğu ilə rəqqaslarımızın qeyri-adi nağara ifaçılığını elə mən özüm də ilk dəfəydi görürdüm. Heç demə, bunlar həm də gözəl nağara ifaçılarıymış. Təkcə nağara çalmırdılar, eyni zamanda nağarayla bir tamaşa göstərirdilər. Xalq artisti Fərid Xəlilzadənin də adını çəkməsəm olmaz.
   
   Mahmud Esembayev deyirik. Fərid Xəlilzadə başda olmaqla hər rəqqasımız elə Mahmud Esembayevdi və bəlkə də artıqdı.
   
   Yazıçı olsam da, bu rəqsləri təsvir etməyə gücüm çatmır. Gərək bunu gözlə görəsən və bunu yaşayasan. Rəqqaslarımız da bunu qətərlilərə yaşatdılar. Konsert bitmişdi, amma heç kim, Qətərin mədəniyyət naziri başda olmaqla, bütün tamaşaçılar zalı tərk etmək istəmirdilər. Konsert bitmişdi, amma alqış bitmirdi.
   
   Tamaşadan sonra rəqqaslarımızla xeyli dərdləşdim. Əvvəla, qeyd edim ki, son illər prezidentimiz onların maaşlrını bir neçə dəfə artırıb. Çox yaxşı maaş alırlar, halal xoşları olsun. Yəqin ki, gələcəkdə də maaşları artırılacaq.
   
   Amma onların çox böyük problemləri var. Bu problemi də həll eləmək su içmək qədər asandı. Problem nədir? Rəqqasların pensiya yaşı 57 müəyyənləşdirilib. Amma heç bir rəqqas 42, 43, uzaqbaşı 45 yaşından sonra rəqs edə bilməz, bu mümkün deyil. Bu da idmanın bir növüdür. Futbolçular uzaqbaşı 35 yaşına qədər futbol oynaya bilir. O cumlədən balet ustaları da.
   
   Bir çox qurumlarda pensiya yaşa görə deyil, əmək stajına görədir. Yəni 25 il əmək stajın varsa pensiyaya çıxa bilərsən. Bu, rəqqaslara niyə şamil edilməsin? Onlar da 25 illik stajdan sonra pensiyaya çıxa bilsinlər. Çünki bu adamların başqa bir sənəti də yoxdur ki, rəqsdən ayrılandan sonra məşğul olsun. Onlar bütün ömürlərini rəqsə, mədəniyyətimizin inkişafına xərcləyiblər. Öyrəndim ki, Azərbaycanda cəmi 150-yə yaxın rəqqas var. Və bunların hamısı toplum halda pensiyaya çıxmır ki, böyük bir ziyan ola. Hər il üçü, beşi, olsun səkkiz.
   
   Aidiyyatı təşkilatlar bu barədə fikirləşsələr çox yaxşı olar. Çalışacam ki, bu məsələni parlamentdə də qaldırım. Onlar bizim mədəniyyəti qoruduqları kimi, biz də onları qorumağa borcluyuq.
   
   Bəli, rəqqaslarımız sözün yaxşı mənasında ərəbləri də, məni də dəli elədilər. Onlara uğurlar arzulayıram.
   
   Qətərdəki mədəniyyət günlərimizlə bağlı deyəcəyim çox sözlər var, o da növbəti nömrələrimizdə.

TƏQVİM / ARXİV