adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Sentyabr 2019 12:12
9993
MƏMLƏKƏT
A- A+

Bakının bu rayonunda müasir yol infrastrukturu yaradılır

Bakıda yollarda sıxlıq və tıxacların azaldılması, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Nərimanov rayonu ərazisində 6 km uzunluğa malik olan küçələrdə müasir yol infrastrukturu yaradılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yeni və müasir yol infrastrukturunun Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda yaradılması işləri yekunlaşmaq üzrədir.

Sadalanan küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və yeni yol yatağı, həmçinin yol əsası inşa edilib.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib və kənarlarına yeni səki daşları düzülüb. Bundan başqa, Molla Cümə küçəsində mövcud yol ayrıcı sökülərək yenidən qurulub, aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilib.

Layihə çərçivəsində küçələr boyu yeni işıqlandırma sisteminin yaradılması işləri də görülür. Bundan başqa, yol kənarlarında xüsusi parklanma yerləri və avtobuslar üçün "cib”li dayanacaqlar qurulur.

Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun aparılır. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.