adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Sentyabr 2019 09:30
23998
SİYASƏT
A- A+

Tahir Rzayev: “Valideynlərinin o baxışları, çətinlikləri onları daim düşündürür”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Tahir Rzayev təhsil kreditləri ilə bağlı məsələnin, eyni zamanda, qız tələbələrə güzəştlərin, imtiyazların tətbiq edilməsinin, onların ödənişli təhsildən azad olunmasının tərəfdarıdır.

Bu haqda mətbuata fikirlərini açıqlayan millət vəkili xüsusilə, həmkarıMusa Quliyevin son təklifinin daha məqbul və daha məqsədəuyğun olduğunu dilə gətirib.

"Musa müəllimin son açıqlamasını mən də oxudum, çox da xoşuma gəldi. Həqiqətən, çox dəyərli təklifdir. Çünki qızlarımız, xüsusilə, ali məktəbdə oxuyan qızlarımız çox ciddi streslər keçirirlər, özü də nəinki bir il, oxuduqları müddət ərzində böyük stress yaşayırlar. Valideynlərinin o baxışları, çətinlikləri onları daim düşündürür. Onlar həqiqətən böyük narahatçılıq hissi keçirirlər.

Bu da onlarda müəyyən xəstəliklərin, müəyyən psixoloji sarsıntıların əmələ gəlməsinə səbəb olur. Ona görə qaldırılmış təşəbbüs çox ciddi, çox vacib təşəbbüsdür. Elə bilirəm ki, buna hər bir kəs, o cümlədən, dövlət dəstək olmalıdır. Çünki Musa müəllimin dediyi kimi, həqiqətən, qızlarımızın sağlam olması, onların psixoloji sarsıntı keçirməməsi, dünyaya sağlam uşaq gətirməsi və onları sağlam böyütməsi, gələcəkdə həmin uşaqların tərbiyə olunması sahəsində qızlarımızın təhsil alması çox vacibdir.

Çünki əgər qızlarımız təhsil almırlarsa, onlar gələcəkdə dünyaya gətirəcəkləri uşaqları da normal tərbiyə edə bilmirlər. Onlara lazımi savadı verə bilmirlər. Onlara lazımi diqqət göstərmirlər. Həm də cəmiyyət arasında onlar müəyyən mövqe sahibi ola bilmirlər. Özləri öz problemlərini həll etməkdə çətinlik çəkirlər. İqtisadi baxımdan da müəyyən problemlərlə qarşılaşırlar.

Ona görə elə bilirəm ki, cənab prezident İlham Əliyevin, birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyevanın zamam-zaman qaldırdıqları və reallaşdırdıqları təşəbbüslər, göstərdikləri o qayğı, o diqqət ki var, onlar bizim nazirliklər, müvafiq qurumlar tərəfindən də həyata keçirilməlidir. Onlar da təşəbbüs göstərilməli, real addımlar atmalıdırlar. Əgər belə olarsa, sözsüz ki, gələcəkdə buna ictimaiyyət özü böyük dəstək verə bilər. İctimaiyyət tərəfindən də, aztəminatlı ailələr tərəfindən də alqışlana bilər. Qızlarımız da rahat ola bilərlər. Qızlarımız psixoloji sarsıntılardan uzaq ola bilərlər. Onlar oxuduqları müddətdə daimi olaraq vəsaitin ödənilməsi barəsində düşünməzlər, daşınmazlar.

Odur ki, son təşəbbüsü alqışlayıram, eyni zamanda, təhsil kreditləri məsələsinin həlli olunmasını məqsədəuyğun sayıram. Savadlı, bilikli, dünyagorüşlü, peşəkar nəsil, gənclik yetişdirmək istəyiriksə, o zaman mütləq bu məsələlər də öz həllini tapmalıdır. Ölkəmizin, dövlətimizin buna potensialı, imkanları yetir…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.