adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Sentyabr 2019 16:06
17530
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SÜRÜCÜLƏRLƏ MƏDƏNİ DAVRANDIQDA...

Bu gün respublikamızda nəqliyyat vasitələrinin sayı 10-15 il bundan əvvəlki vaxtlara nisbətən qat-qat artıb. Təbii ki, avtomobillərin sayının çox olması yollarda intensivliyi artırır. Başqa sözlə demiş olsaq, hərəkət axınının sıx olduğu məqamlarda avtomobilləri idarə edən sürücülərdən daha yüksək məsuliyyət tələb olunur. Belə ki, onlar sürət həddinə əməl etməli, ara məsafəsi saxlamalı, manevr qaydalarına diqqət yetirməli, qəza şəraitlərini nəzərə almalıdırlar.

Çox təəssüf ki, bir çox sürücülər göstərdiyimiz bu məqamları diqqətdə saxlamır və nəticədə ağır qəzalar qaçılmaz olur. Ona görə də toxunduğumuz problemləri həll etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı respublikanın avtomobil yollarında yol hərəkəti qaydalarına və qanunlara əməl edilməsini diqqət mərkəzində saxlayır. İlk növbədə yol polisi əməkdaşları sutkanın 24 saatı ərzində hərəktin təhlükəsizliyini təmin edir və sürücülərin maarifləndirilməsi ön plana çəkilir.


Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşları da Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təhlükəsizliyin təmin edilməsi üçün mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir. Təbii ki, bu tədbirlər həm inzibati yolla, həm də izahat, təbliğat və maarifləndirmə işləri ilə gerçəkləşdirilir. Çünki bu gün Azərbaycan yol polisi dünyanın çox qabaqcıl təcrübələrindən, metodlarından və texnologiyalarından istifadə edir. Baş verə biləcək qəzaları minimum səviyyəyə endirmək üçün tağımın əməkdaşları bütün mütərəqqi metodlardan yararlanırlar.

Öncə onlar sutkanın 24 saatını məsuliyyətlə işləyirlər. Xidməti avtomobillərdə davamlı olaraq gecə və gündüz saatlarında avtomobil yolunun qəzalara şərait yarada biləcək yerlərində naryadlar təşkil olunur, yol polisləri həmin yerlərdə daha məsuliyyətlə öz vəzifələrinə yanaşırlar. Bəzən elə olur ki, gecə saatlarında yollar yaxşı işıqlandırılmadığına görə, müəyyən problemlər yaşanır. Bax, həmin anlarda 3-cü tağımın əməkdaşları sürücülərin köməyinə çatır, onlara öz köməkliklərini göstərir, tövsiylərini verirlər.


Əvvəllər yolun Müşfiq və Perekeşgül qəsəbəsindən keçən hissəsində və Bakıya yaxın Xırdalan istiqamətində piyadavurma halları var idi. Son vaxtlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətlərdə 4 yolüstü keçid tikilərək istismara verilib. Tağımın əməkdaşları da bu istiqamətdə xidmət apararkən piyadalara tövsiyə edir ki, yolun hərəkət hissəsindən yox, yolüstü piyada keçidindən istifadə etsinlər. Məhz bu maarifləndirmə işlərinin nəticəsidir ki, son vaxtlar bu istiqamətlərdə piyadavurma halları minimuma endirilib.

Keçirilən reyd və yoxlamalarda 3-cü tağımın əməkdaşları mütəmadi olaraq kobud qayda pozuntularını aşkar edib və bu qaydaları pozan sürücülər və piyadalar barəsində inzibati protokol tərtib edilib. Məsələn, son 3 ayda sərnişindaşıma qaydasını pozan 17, düzgün manever etməyən 106, ötmə əməliyyatına riayət etməyən 63, yol polisinə tabe olmayan 7, əks istiqamətə hərəkət edən 21, telefonla danışan 100, təyin olunmamış yerdən keçən 19 piyada, təhlükəsizlik kəmərindən istifadə etməyən 156, havanı çirkləndirən 10 sürücü barəsində inzibati protokol yazılıb.


Biz reyddə olarkən polis baş serjantı Elnur Qurbanov 99 HR 946 nömrəli maşının sürücüsünə "saxla!” işarəsi verdi. Avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun təhlükəsiz hissəsinə çəkib saxladı. Polis baş serjantı Elnur Qurbanov sürücüyə bildirdi ki, bu gün ”Təmiz hava” aylığının son günüdü, sizin idarə etdiyiniz avtomobili müayinədən keçirəcəyik. Sürücü onun dediyi ilə razılaşdı və maşın müayinədən keçirildi. Müayinə zamanı məlum oldu ki, bu avtomobildən atmosferə atılan dəm qazı normaya uyğundur. Qurğudakı göstəriciyə baxandan sonra sürücü də sevindi və yol polisinə öz razılığını bildirdi. Dedi ki, bu postda çalışan əməkdaşların hamısı biz sürücülərlə mədəni rəftar edir, bizə çox şeyi səmimi surətdə başa salırlar. Təbii ki, biz də bu sivil, mədəni münasibətləri görəndə yol polisinə hörmətimiz daha da artır.

Reyd zamanı 3-cü tağımın əməkdaşlarından polis baş serjantları Elnur Qurbanov, Tural Əliyev, Rəşad Əsgərov, operator Musa Məmmədov tapşırılan işə məsuliyyətlə yanaşdılar, qaydanı pozan sürücüləri aşkar etdilər, onlar barəsində inzibati protokol tərtib olundu.

Yol Patrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru Mərdan Mehdiyev bizimlə söhbətində bildirdi ki, xidmət apardıqları avtomobil yolunda bütün təhlükəsizlik tədbirləri vaxtında həyata keçirilir. Xüsusən də payız və qış mövsümündə xidmət apardığımız yolda yaranmış problemlər zamanında aradan qaldırılır. Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində ağır qəzaların qarşısı əvvləki vaxtlarla müqayisədə alınıb. Bu da öz müsbət nəticəsini verməkdədi. Belə ki, ölüm və xəsarətalma halları azalıb. Biz ancaq ona çalışırıq ki, sürücülər və hərəkət iştirakçıları arasında təbliğat, maarifləndirmə işlərini daha da genişləndirək. Təbii ki, bu cür qabaqlayıcı tədbirlər hesabına biz baş verə biləcək qəzaların qarşısını ala bilirik.


Artıq 3-cü tağımın əməkdaşları payız və qış mövsümünü daha təhlükəsiz başa vurmaq üçün mütərəqqi metodlardan istifadə ediblər və istifadə edəcəklər. Ancaq gərək sürücülər və piyadalar da öz üzərinə düşən vəzifəni, missiyanı məsuliyyətlə yerinə yetirsinlər. Bax, onda ağır qəzalar da tez-tez baş verməz.


Reyddə iştirak edirdilər: Mərdan MEHDİYEV- Yol Patrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru; Vüqar ƏLƏKBƏROV – 3-cü tağımın baş inspektoru, polis leytenantı; Elnur QURBANOV– 3-cü tağımın inspektoru, polis baş serjantı; Tural ƏLİYEV-3-cü tağımın inspektoru, polis baş serjantı; Rəşad ƏSGƏROV – 3-cü tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı