iT YERiNƏ QOYULMAYAN BMT, PAN Gi MUN...

AQİL ABBAS
25284 | 2010-06-08 00:53
Birləşmiş Millətlər Təşkilatı adında bir qurum var. Bilmirəm neçənci ildə yaradılıb (özümün doğulduğum il yadımdan çıxıb, onda ki bu səfeh qurumun yarandığı il yadımda qalaydı), bizdə olan mənasız QHT-lər kimi əlindən-filanından bir şey gəlməz. Bizim QHT-lərdən fərqi odur ki, onların çox zıppıltı bir ofisi var. Yaxşı pulları var, yaxşı maaş alırlar, dallarında da Amerika durub. Və əslində elə Amerikanın sözünü deyəcək bir QHT-sidi. Bir dənə də baş katibi var. Hər dəfə onu televizyonda görəndə kövrəlirəm, kəndimiz yadıma düşür. Kəndimizdə bir Naxırçı Hüseyn vardı, elə bil fırt eləyib onun burnundan düşüb.
   
   Əslində mən adətən Birləşmiş Millətlər Təşkilatı deyil, Birləşmiş Millətlər Çayxanası deyirəm bu quruma və yazıram. Qurumun baş katibini də baş çayçı adlandırıram. Bilmirəm neçə yaşım var və bu yaşıma qədər hələ bu qurumun yaralı bir barmağa çiş elədiyini görməmişəm.
   
   Bu gün başqa bir yazı yazacaqdım. Qətərdə Azərbaycan mədəniyyəti günlərində iştirak eləmişdim, çox gözəl təəssüratlarım var. Amma dünən televizyonda gördüyüm bir məlumat fikrimi dəyişdi, bu yazını yazmalı oldum.
   
   İsrailin Qəzzaya humanitar yardım aparan türk gəmisinə saldırması 9 nəfər türkün öldürülməsi, 30-a qədər adamın yaralanması bizim Naxırçı Hüseynə oxşayan Pan Gi Munu dilxor eləyib və Birləşmiş Millətlər Çayxanasının Naxırçı Hüseyni bu saldırını araşdırmaq üçün bir komissiya yaradılmasına qərar verib. Komissiyanın bir üzvü türk olmalıdır, bir üzvü yəhudi və sədri də İndoneziyanın adını bilmədiyim deyəsən keçmiş baş naziri.
   
   İsrailin baş naziri Netenyahu da BMÇ-nin baş katibi Naxırçı Hüseynə deyib ki, get tullan. O qədər ləzzət elədi mənə. Son zamanlar heç belə ləzzət almamışdım.
   
   Birinci yadıma BMÇ-nin Təhlükəsizlik Şurasının (ada bax ey, adını yesinlər) Dağlıq Qarabağla bağlı çıxartdığı dörd qətnamə yadıma düşdü. Həmin qətnamələrdə göstərilirdi ki, Ermənistanın Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxmalıdır. Və bu qətnamələri göndərdilər Ermənistana. Ermənistan da həmin qətnamələri kobud kağızda göndərdiklərinə görə heç tualetdə də istifadə edə bilmədi, cırdı çırpdı BMÇ-nin başına. Qısası, yəni dedi ki, get tullan.
   
   ABŞ-İraq qavğası çıxanda da BMÇ ABŞ-a dedi ki, səbr elə, məsələni yoluna qoyacam. ABŞ da dedi ki, get tullan. Və düz də elədi. BMÇ məsələni həll eləyənə qədər İraqda demokratiya məhv olub gedəcəkdi. İndi Allaha şükür, ABŞ İraqda elə bir demokratiya yaradıb ki, ərəblər, kürdlər və türklər kef partladırlar. Demokratiyanın onlara verdiyi kefdən indiyədək 1 milyon 500 min iraqlı ölüb və gedb cənnətə, cənnətdə basabasdı.
   
   BMÇ Əfqanıstan məsələsinə də qarışmaq istədi. Amma ABŞ bu dəfə demədi get tullan, hörmət elədi, dedi get otla. Maşallah, ABŞ-da da ot çox , BMÇ getdi otlamağa, baş katibiylə birlikdə. ABŞ da girdi Əfqanıstana, amma sağ olsun, əfqanları otlatmır, əfqanlara ot yoldurur.
   
   Bizim kənddəki Naxırçı Hüseyni uşaqlar həmişə dolayardılar, məzələnərdilər onunla. O da bərk dilxor olanda tütünü tökərdi "Kommunist" qəzetindən hazırladığı bir bükməyə, papirosu papirosa calayardı. Və bir dəfə xəstələnib həkimə gedəndə, həkim ona demişdi ki, sən o qədər papiros çəkmisən ki, qanın başdan-ayağa zəhərdi, səni ilan çalsa ilan öləcək. Papirosu tərgit. Naxırçı Hüseyn də demişdi ki, papirosu tərgitmək üçün gərək kənddəki bədzad uşaqların hamısını kənddən qovsunlar.
   
   Cavan vaxtı həmin Hüseyndən bir hekayə yazmışdım, adını da qoymuşdum "Naxırçı Hüseyn". O vaxt nə qəzetlər, nə də jurnallar çap eləmədi. Əlyazmam qalırsa söz verirəm tapıb yaxın nömrələrimizdə dərc elətdirəcəm, oxuyun və görün ki, mən Pan Gi Munu Naxırçı Hüseynə bənzətməkdə səhv eləmirəm.
   
   Qayıdaq mətləbə. Bizim Naxırçı Hüseyn dilxor olanda, adam yerinə qoyulmayanda intiqamını tütünlə "Kommunist" qəzetindən çıxırdı. Görəsən Pan Gi Mun adam yerinə qoyulmayanda hirsini nədən çıxır? Adətən şərqlilər bu halda evdə acıqlarını arvadlardan çıxırlar. İndi gender haqqında qanunu qəbul elədik, bu da qadağan olundu. Və ABŞ-da gender qanunu lap çoxdan qəbul olunduğundan yazıq Pan Gi Mun arvadını da döyə bilmir.
   
   Netenyahu, qardaşımsan, əl ver dost olaq, ləzzət elədi BMÇ-yə dediyin söz.
   
   Bəlkə biz də Netenyahudan bir örnək götürək. BMÇ-yə də, Avropa Birliyinə də, impotent ATƏT-ə də deyək get tullan. Yox, get tullan bir az mədəniyyətsiz çıxır, deyək ki: "gediniz tullanınız". Və çıxaq gedək Şuşaya.
   
   Qoy ondan sonra Birləşmiş Millətlər Çayxanası bizim əleyhimizə dörd yox, qırx dənə qətnamə çıxarsın, biz də o qətnamələri...

TƏQVİM / ARXİV